11 
Noy
2015
11:11
180
492
13792
Virtual karabakh

Raqif Abbasov: Uğurlu iş arxasınca uğur gətirir – MÜSAHİBƏ + FOTO

11 Noy, 2015
11:11
13792

Raqif Abbasov: Uğurlu iş arxasınca uğur gətirir – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir gün Olimpiya Oyunlarına da ev sahibliyi edəcəyik”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovdur.

- Gənclərin və idmançıların əksəriyyəti sizi tanıyır. Siz də bizə özünüzü bir az tanıdın.

- Mən Raqif Abbasov 1976-cı ildə Cəlilabad rayonunda doğulmuşam, məktəb illərim, uşaqlığım bu bölgədə keçib. Daha sonra yuxarı sinfi artıq Bakıda təhsil aldım, bir neçə ali təhsilim var, idman ustasıyam. Yeni Azərbaycan Partiyasının üzvüyəm, ailəliyəm, üç övladım var.

- Bir neçə ali təhsil? Və ilk ali təhsiliniz haqqında danışardız?

- Azərbaycan Texniki Universitetini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, “Elm və Təhsil mərkəzi” Təfəkkür Universitetini, Qərb Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm.

Hər zaman universitetdə oxuduğum illərdə çalışmışam fəal olum, o vaxtı tələbə hərəkatından sonra şən və hazırcavablar klubunda, idman yarışlarında fərqlənmişəm. İlk təhsil aldığım universitet Azərbaycan Texniki Universiteti  və Qərb Universiteti olub.

- İdman ustası? Niyə bu günə kimi idmana davam etməmisiniz?

- İlk dəfə 7 yaşımdan 17 yaşıma kimi sərbəst güləşlə məşğul olmuşam, eyni zamanda  futbolla da məşğul olmuşam, amma davam etmədim, çünki qarşıda digər məqsədim var idi: ali təhsil və elm. İnsanın hədəfləri olmalıdır, mənim hədəfimdə elm var idi. Güləşlə məşğul olduğum zaman turnirlərdə iştirak edirdim, yarışları izləyirdim.

- Bugünkü güləş, güləşçilər haqqında nə deyə bilərsiz?

- Güləş bizim qədim ata-baba idman növümüzdür. İnanmıram ki, kimsə desin ki, mən uşaqlıqda məktəb vaxtı güləşməmişəm. Hər oğlanın həyatında güləşmək var (gülür).

Bu gün güləşimizin inkişafı bizi sevindirir. Elə bir turnir, beynəlxalq yarış yoxdur ki, biz ordan əliboş qayıdaq. Cüdodan da bunu gözləyirik, yeni rəhbərlik çalışır ki, cüdonu yenidən cüdo olaraq göstərsin. Cüdo bütün dünyada sevilən idman növüdür. Eləcə də futbol, “powertlifting”(ağırlıq qaldırma) və s. idman növlərimiz.

- İdman və gənclər sahəsi. Gənclər və idmançılar cəmiyyətin güzgüsüdür. Nə zamandan gənclər sahəsində çalışırsız?

- Gənclər  və idmançılar, bəli, cəmiyyətin güzgüsüdür, əksəriyyət onlara diqqət edir. Bir ölkənin sağlam gənci, güclü idmançısı həmişə onun genofondunun əsas təməlidir.

Mən ilk dəfə gənclər sahəsinə 1997-ci ilin sonu 1998-ci ilin əvvəlləri gəldim. İşə məsləhətçi kimi başladım, sektor müdiri, mətbuat xidmətinin rəisi və bu kimi sahələrdə çalışdım. 2008-ci ildən artıq Bakı şəhər Gənclər və İdman Baş İdarəsində rəis olaraq çalışıram.

- Bəzən istər qurumlar, istərsə də məmurlar və s. söyləyir ki, biz gənclərə dəstəyik, amma hər hansı bir gənc həmin qurumdan ya cavab ala bilmir, ya da kimsə onları qəbul etmir. Bəs sizin qurum, sizin idarə, məhz sizin özünüz necə?

- (gülür) Bizim gənclərlə bağlı çox önəmli layihələrimiz var. Bizim qurum gənclər üçün hər zaman açıqdır.

Bir çox layihələr məhz elə gənclərlə bağlıdır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlər, ölkənin inkişafı ilə bağlı keçirilən tədbirlər, dəyirmi masalar, konfranslar, sərgilər, müsabiqələr və s. bu kimi layihələr misal ola bilər.

- Bugünkü gənclik və idmançılar? Gənclərdə nəyi bəyənirsiz və onlara nə arzu edirsiniz?

- Bugünkü gənclik sürətlə və düzgün düşünür və bu gün bizə məhz peşəkar gənclik lazımdır. Bununla yanaşı, gənclərin gördüyü işlərlə bərabər elmi işlərinə, təhsilə də üstünlük verilməlidir. İstər gənc, istər idmançı mütaliəyə üstünlük verməlidir. Təhsil, mütaliə - bunlar insanı inkişaf etdirən amillərdir.

Peşəkar idmançılarımız var, onlar cəmiyyətdə sayılıb-seçilirlər.

Mən istərdim ki, istər xanım, istərsə də kişi idmançılarımız ailə qurduqdan sonra da öz işini peşəkarlıqla davam etdirsinlər.

- Bakı 2015 Avropa Oyunlarında əsas öhdəliklər idmançıların, dövlət qurumlarının və biz jurnalistlərin üzərinə düşmüşdü. Raqif Abbasov bu öhdəliklərdən nə qədər razı qaldı?

- Hər hansı dövlət layihəsinin uğurlu keçməyi həmin ölkənin, onun rəsmilərinin, məmurlarının, dövlət qulluqçularının, həmçinin də jurnalistlərinin adıdır. Bakı 2015 Avropa Oyunları beynəlxalq layihədir, illər keçsə də hər zaman yada düşəcək, o ki qaldı ilk dəfə keçirilən bir ölkə kimi çıxış etməyə...

“Eurovision”a ev sahibliyi edəndə artıq o məsuliyyəti hiss etmişdik. Onun arxasınca Avropa Oyunları oldu, daha sonra Formula-1 yarışları, daha sonra İslam Həmrəylik Oyunları olacaq. Uğurlu iş arxasınca uğur gətirir. Müstəqilliyinin 24 yaşı olan bir dövlət üçün bunlar uğurdur. Bir ölkə hazırlıqlı deyilsə, nəinki böyük layihə, adi tədbirin öhdəsindən belə gələ bilməz. Artıq Azərbaycan belə layihələrə daim hazırlıqlıdır.

Bir gün Olimpiya Oyunlarına da ev sahibliyi edəcəyik. Bizim uğurlarımız hələ irəlidədir.

Biz Formula-1, İslam Həmrəylik Oyunları kimi böyük layihələrə hazırıq. Məsələn, İslam Həmrəylik Oyunlarında 50-dən çox ölkə 20 idman növü üzrə təmsil olunacaq. Ölkəmizdə istifadəyə verilmiş Olimpiya stadionu, idman kompleksləri, atletlər kəndi, media kəndi bunlara artıq hazırdır. Könüllülərimiz, yaxşı kadrlarımız var. Biz İslam Həmrəylik Oyunlarına, Formula-1, Şahmat Olimpiada yarışlarına hazırıq, sadəcə həmin günə hazırlıqlı olmaq qalır.

- Azərbaycan idmançısı deyəndə ilk kimi nümunə göstərərdiniz?

- Çox idmançılarımız, dostlarımız var, ancaq xanımlardan Zemfira Meftahəddinova, İradə Aşumovanı, kişilərdən isə Namiq Abdullayev, Elnur Məmmədli, Fərid Mansurovu göstərə bilərəm. Bu idmançılar idman sahəsində böyük uğurlar qazanıblar və bildiklərini daima bölüşməyə hazırdırlar.

- Hal-hazırda bir neçə idman növünün məsuliyyətli yarışları var. Qeyri-olimpiya və olimpiya idman növləri poverliftinq, cüdo, güləş.

- Qeyri-olimpiya idman növləri də bu gün özünü sübut edir, ona diqqət ayırmamaq mümkün deyil. Məsələn, belə bir idman növlərindən poverliftinq idman növünü qeyd etmək olar.

Hal-hazırda belə desək, noyabr ayının 7-də Poverliftinq Federasiyasının prezidenti, baş məşqçi və 20 nəfər idmançı heyəti ilə Portuqaliyanın Porto şəhərinə Dünya çempionatında iştirak etmək üçün yola düşəcəklər.

Məsuliyyətli, ciddi yarışdır, idmançılar həm müxtəlif  klubların idmançılarıdır, həm də sistemdə çalışan idmançılardır. Ən azından nəticələrimizin yaxşı olacağına inanıram. Cüdo üzrə yarışlar, daha sonra güləş üzrə Moskvada yarışlar var. Hər bir idmançıya uğurlar arzulayıram.

Biz yeni idman növlərinə diqqət etməkdən çəkinməməliyik, qorxmamalıyıq. Elə idman növləri var ki, onlarda uğur qazanmaq olar, bəs niyə diqqət etməyək ki?

Bölgələrimizdə bunu inkişaf etdirməliyik. Bölgələrimizdə yeniyetmələrə, gənclərə diqqət etməliyik. Çox istedadlı uşaqlar var, onları seçməliyik və yığma komandalara cəlb etməliyik.

- Bu qədər iş qrafikində istirahətə zaman ayıracaq vaxtınız olurmu?

- Çətin... Fiziki olaraq zamanım çatmır, amma daha çox istirahət deyiləndə ailəmlə, valideynlərimlə birgə olmağa üstünlük verirəm.

- Övladlarınızı hansı sahədə, hansı peşədə görmək niyyətindəsiniz?

- Hal-hazırda hər iki oğlum orta məktəbdə təhsil alır və kapoeyro idman növü ilə məşğul olurlar. Bu idman növünü özləri seçib, dərindən fikirləşsək bu idman növünün fəlsəfəsi var. Düzü, mən başqa idman növü ilə məşğul olmalarını istəyirdim, amma seçim özlərinindi.

Azərbaycan öz gəncliyi üçün istənilən şəraiti yaradıb, qalır gəncliyin inkişafı. Bunun üçün də biz öz cənab Prezidentimizə minnətdar olmalıyıq. İstər idmanda, istər gənclər siyasətində, istər incəsənətdə, istər iqtisadiyyatda onun diqqəti hər zaman önəmlidir. Bizim gənclik hər zaman Ali baş komandanın əmrinə hazırdır.

Nərmin Kazımova 
Foto: Asif Əliyev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri