Avq
2018
15:11
57
6
11485
Virtual karabakh

Möhlət Müslümov: Onu-bunu təqlid etməklə, sənəti yola verməməlisən

6 Avq, 2018
15:11
11485

Möhlət Müslümov: Onu-bunu təqlid etməklə, sənəti yola verməməlisən

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını tanınmış tarzən, Xalq artisti Möhlət Müslümov cavablandırır:

- Möhlət müəllim, ən azı 35 ildən çoxdur ki, bu sənətdəsiniz, tar sənətinin ustad sənətkarlarındansınız. Heç ötən bu illər ərzində olubmu ki, tardan, bu sənətdən bezəsiniz, deyəsiniz ki, “artıq bəsdir, tarı yerə qoyuram”...

- Qətiyyən, tardan heç vaxt bezməmişəm, tardan uzaqlaşmağı bir an belə düşünməmişəm. Ancaq siz də yaxşı bilirsiniz ki, bizim sənət, sənət mühiti çox çətindir. Bəzən olub ki, həmin mühitdən, o atmosferdən, bu sənətdə olan adamlardan yorulmuşam, bezmişəm.

Əvvəl bir anlığa fikirləşmişəm ki, ayrılım bu sənətdən, amma görmüşəm ki, tardan ayrılmağı heç bacarmıram, özümü tardan ayrı təsəvvür edə bilmirəm. Ancaq istər həyatda, istər sənətdə çox çətinliklər gördüm. İstər uşaqlıq dövründə, istər sənətə gəldiyim dövrdə, istər elə o durğunluq illərində, ötən əsrin 80-90-cı illərində. Ancaq bu çətinliklərə dözdüm. Dözdüm və şükür Allaha ki, indi bu gün çətinliklərə dözməyin səmərəsini gördüm.

- Yəni, dözməyə dəyərmiş...

- Dəyərmiş. Bir zamanlar maşın sürməyə belə benzin pulum yox idi. Mənə işlər təklif olundu, özü də xaricdə - qəşəng, gəlirli işlər... Hansı ki, mənim tanıdıqlarımın, sənətdəki dostlarımın çoxu çıxıb getdi, amma mən getmədim. Gedə də bilməzdim. Biz bir bacı, bir qardaş idik.

Ailənin yükü, məsuliyyəti mənim üzərimdə idi. Mənə Türkiyədə, İsraildə işləmək təklif olundu. İsraildə qastrolda idim, saxlayırdılar məni. Kanadada saxlayırdılar məni. Ancaq bu təkliflərdən, ehtiyac içində yaşasam da, imtina etdim. Evə-eşiyə, elimə, torpağıma çox bağlıyam.

Bir də gözümün qabağına gəlirdi ki, Allah uzaq etsin, birdən atama-anama bir şey olar, niyə onlar başqalarının çiynində dəfn olunmağa getsin? Ailəmi, qoca atamı-anamı atım, gedim xaricə, nə var ki, ehtiyac içindəyəm? Bunlarla barışa bilməzdim və bilmirdim. Yenə deyirəm, həmin təklifləri qəbul edib, oralarda qalsaydım, hər şeyi əldə edib, bütün karyeramı düzəldərdim.

Mənə bir müəllim kimi tələbat var idi. Türkiyənin Əskişəhər, Bursa şəhərlərində tara böyük maraq vardı. Məni dəvət etdilər ki, gəl burada işlə. Özü də yüksək məvacibli iş təklif etmişdilər, ancaq getmədim, qaldım, dözdüm.

Bilirdim ki, məni burada yaxşı günlər gözləmir. Çox çətin illər idi, ulu öndər gəlməmişdi onda hakimiyyətə. Çox çətin idi, çətin şəraitdə yaşayırdım. Səhər dururdum, görürdüm ki, qazımız yox, işığımız yox, maddiyatımız zəif...

İndi hərdən fikirləşirəm ki, mən o zamanlar bunlara necə dözmüşəm? Amma yenə də deyirəm, deməli, dözməyə dəyərmiş...

- Həyat elədir ki, insanları, ətrafındakıları tez, qısa zaman kəsiyində tanımaq olmur. Yəni, insanları daha çox çətin, ağır günlərdə tanımaq olur, bilinir ki,  kim kimdir. Bu baxımdan, həmin çətin günlərinizdə sizə əl tutan tanışlarınız, sənət dostlarınız çox oldu, yoxsa?..

- Sənət adamlarından tək-tək elə əl tutan olur. Amma mən haradasa onu hiss etdim. Onda gənc idim, bilmirdim o nə demək idi. Ağsaqqallardan eşidirdim ki, filan sənətkarı xalq dolandırır, qoymurlar acından ölməyə.

Doğrudan, qoy onu da qeyd edim, dünyada bizim xalqın ikincisi yoxdur ki, sənətkarını həmişə qoruyub-saxlayıb. O dövrdə bir neçə nəfər var idi, heç tanımırdım, ancaq görürdüm ki, maşın gəldi qapımıza, maşından ərzaq düşürdülər, çıxıb getdilər.

Həmçinin, məni küçədə görürdülər, hörmət edirdilər. Bilirdilər ki, vəziyyətimiz ağırdır, xüsusilə, sənətkarların vəziyyəti. Sonra bilirdim ki, sənətimi istəyən adamdır, vurğunu olub sənətimin, gəlib məni tapıb, kömək əlini uzadıb. 

Öz xalqıma çox bağlıyam. Dünyanın 40-dan çox ölkəsini gəzmişəm. Elə ölkə var, ən azı 15 dəfə təkrar orada olmuşam.

Belə götürəndə 200-dən artıq xarici dövlətdə olmuşam, orada heç kimin ağlına gəlməyən o komfortu görmüşəm, burada olmayan şeyləri gedib xaricdə görmüşəm. Bütün o naz-neməti, o geyimi... Yaxşı mənada həsəd aparmışam ki, niyə bizdə bunlar yoxdur, niyə bizdə belə istilik yoxdur?

Orada qala bilərdim, amma istəmədim. İstəmədim, darıxdım o toz-torpaqlı, o işıqsız, qazsız kəndimiz, elimiz-obamız üçün. Mən kəndə bağlı adamam. Müsahibələrimdə də hərdən deyirəm ki, mən birdən-birə bu yerə, bu zirvəyə gəlib-çatmamışam.

Biz dədə-babadan tərəkəmə olmuşuq. Mən uşaqlıqda atama çox kömək edirdim. Balaca uşaq idim, tək oğlan idim, amma atama əl tuturdum, atama kömək etməsəydim, axı o, çox çətinlik çəkərdi... Çünki atam həm fəhlə işləyirdi, həm heyvandarlıqla məşğul olurdu, qəssablıq edirdi.

10-12 yaşım var idi, ancaq qoyunu kəsirdim, soyurdum, asırdım, parçalayırdım, bu şeylər də gəlirdi əlimdən. O dövrdə elə bilirdim ki, o tarla bərabər bu da olmalıdır. Ona görə indi başa düşürəm ki, nə yaxşı ki, onları o dövrdə yaşamışam, öyrənmişəm. Əsl kişi işi belə olmalıdır.

Dözdüm, Allah da səbir edən bəndəsini çox istəyir. O vaxt bir ilin içində dörd dəfə pasportuma viza vurulurdu. Dörd xarici ölkə, onun ikisi ABŞ idi. Mən də gözümü dikmişdim ki, oraya gedəcəyəm, sonra yaxşı pulla qayıdıb burada nəsə edəcəyəm. Ancaq dördü də alınmadı, getmədim. 

Şükür Allaha ki, olmadı, alınmadı. Dost-tanışım gülürdü ki, sənin o qədər səfərlərin, pulun-paran əlindən çıxıb, ancaq sən şükür edirsən. Sən deməlisən ki, niyə olmadı. Dedim, yox, mən ona şükür etmişəm və edirəm ki, alınmadı. Çünki onun da bir yaxşı cəhəti var ki, alınmayıbsa, deməli, bu, xoşbəxtlikdən alınmayıb. Alınıbsa, deməli, sənin qismətin budur, o bir parça çörək sənə çatmalıdır.

- Dediyiniz kimi, çox çətin, ağır günlər görmüsünüz, yaşamışınız. Bəs özünüz necə, bu gün çətinlik çəkən insanlara, xüsusilə də sənətdə olanlara, sənətə yeni qədəm basanlara kömək edir, əl tutursunuzmu?  

- Əvvəla, heç vaxt varlı uşaq, təmtəraqlı yaşayan bir uşaq gəlib gündə 10 saat, 12 saat tar çalmaz. Ehtiyac içində olanda, çətin dolananda və yaxud bu sənəti sevirsənsə, həm ehtiyacın var, həm bu sənətin vurğunusan, o zaman gəlirsən, oturursan, sevirsən bu aləti. Bu alət məşqi sevir. Sutkanın ən azı 12 saatını tar çalırdım.

Əgər bu gün istedadlı bir gənc mənim yanıma  gəlirsə, özü də deyim ki, çox müraciətlər olur, əgər onda mən o sevgini, o yanğını, o qabiliyyəti görürəmsə, o zaman öz həyat yolum, öz uşaqlığım kino lenti kimi keçir gözümün qabağından, ona kömək edirəm və götürürəm onu öz yanıma, sinfimə. Özü də onlara tək elə muğamı, tarı öyrətmirəm, həm də o həyat tərzini öyrədirəm.

Görürsən tələbə var ki, gəlir mənimlə danışır ki, müəllim gecələr işləyirəm, maaş alıram, gündüzlər oxuyuram, yəni yatmır, gecikir dərsə.

Mən də belə tələbələrə əsl kişi kimi baxıram. Çünki kişi öz çörəyini kişi kimi qazanmalıdır. Görürəm ki, hələ 20 yaşı var, ancaq gecələr yatmır, işləyir, gündüzlər oxuyur, onda bir az da onu həvəsləndirirəm.

Görürəm ki, onda bədbinlik var, ruh düşkünlüyü var, deyirəm, yox, sən əla çalacaqsan, eybi yoxdur, mənim də başıma gəlib. Əvvəllər sutkada bir saat, iki saat yatırdım, tələbə idim, konservatoriyada oxuyurdum.

O rayondan bu rayona gəlirdim, bütün yolu yatmırdım, gedirdim dərsə, dərsdən çıxıb işə gəlirdim, axşam toya gedirdim, məclisə gedirdim, mənim də elə günlərim olub. Yəni, istedadı olub, özünü dağa-daşa vuran uşaqlar, gənclər var ki, onlara hər zaman kömək etmişəm və etməyə də hazıram.

- Yeri gəlmişkən, oğlunuz Rüstəm Müslümov da sizin sənətin davamçısıdır və gənc olmasına baxmayaraq, öz həmkarları, həmyaşıdları arasında öz ifası, üslubu ilə seçilənlərdəndir. Belə olan halda, atalar məsəlində deyildiyi kimi, “iki qoçun başı bir qazanda necə qaynayır?”

- Yox, oğlumun hələ qoç olmağına çox var (gülür). Onunla dostuq, amma o qədər mübahisələrim olub, onu bəzən o qədər danlayıram ki, heç kim inanmaz ki, öz oğlumdur. Əvvəl ona deyirəm ki, mən səni həm də ona görə danlayıram ki, qoy bunu o yad adamlar da görsünlər, onlar da nəticə çıxarsınlar. Gənc olanda tərifdən çox tənqidi sevmişəm.

Tərifi qəbul edə bilmirəm. İndi də məni tərifləyirlər, cavan vaxtı da təriflər eşitmişəm. Cavan vaxtı üzümə deyirdilər ki, səndən yoxdur, məni gülmək tuturdu, deyirdim ki, əşşi, mən nəyəm ki, bəlkə, məni dolayırlar, qoy, təzədən öz üzərimdə işləyim. 20-25 yaşım var idi, efirə çıxıb bir mahnı, muğam ifa edirdim, dərhal tərifləyirdilər.

Gəlirdim evə, özüm ona dəfələrlə qulaq asırdım, təzədən bir az da onun üstündə işləyirdim. Amma indi elə deyil, bir az fərqlidir gənclik. İndi birini bir balaca tərifləyən kimi, görürsən az qala yerişini itirir.

Bəzən görürsən kimsə səhərdən axşamacan məni efirdə-ekranda təqlid edir, öz yolu yoxdur, bu, düzgün deyil axı?! Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, 90 faiz məni təqlid edir. Gənclik vaxtı rəhmətlik Səxavət Məmmədovla çaldığım kasetləri yığırlar, oturub ona qulaq asırlar, sonra da məni təqlid edirlər.

Bu pencək mənimdir də, onu oğurlamaqla deyil ki?! Onun bir az orasını-burasını əyməklə olmur ki, bilinir axı kimə məxsusdur?! Bilirəm ki, bu, mənim əynimdə olub. Yəni, təqlid də belədir... Sonra mən də məcbur olub bunlara dil-ağız edirəm ki, əla çaldın, yaxşı çaldın, gözləyirəm ki, desin ki, sizin yolunuzla gedirik, amma görürəm heç nə demirlər, əksinə, bir az da özlərini başqa cür aparırlar.

O zaman deyirəm, ay Allah, bunlar qabağa gedə bilərlər? Belə şey olmaz axı?! İndi də dərs keçəndə tələbələrə deyirəm ki, bu, Əhsən Dadaşovun barmağıdır, xalıdır, bu, Qurban Pirimovun mizrabıdır, bu, Hacı Məmmədovun texnikasıdır, bu, Bəhram Mansurovun barmağıdır və sair.

Hamısını aşılayıram tələbələrə. Ancaq görürsən ki, səhərdən axşamacan şəkil çəkirlər, onlara şəkilçəkən deyirəm. MSizinlə bədahətən danışıram, amma bir vaxtlar - sovet vaxtı çıxışımızı əvvəldən yazırdıq, çıxıb onu üzündən oxuyurduq  ki, problem olmasın, yəni, bundan artıq söz deməyək. İndi artıq belə deyil, biz hər mənada sərbəstik, azadıq.

Yəni, demək istəyirəm ki, bu sənətlə ciddi məşğul olmaq istəyirsənsə, o zaman öz yolun olmalıdır, öz ifa tərzin olmalıdır, onu-bunu təqlid etməklə sənəti yola verməməlisən...

- Oğlunuzdan həm bir övlad, həm də bir sənətçi kimi razısınızmı?

- Həm razıyam, həm də narazı. Təbii ki, bir övlad kimi oğlumdan çox razıyam, hər şeyin yerini biləndir. Narazılığım onun tənbəlliyi ilə bağlıdır. Sənətlə bağlı bir az tənbəlidir. Düzdür, istedadlıdır, tar da ona yaraşır, gərək tar da ifaçıya, tarzənə yaraşsın, bu da vacib şərtdir, amma gərək çox işləsin, üzərində çox çalışsın.

Adamlar, ifaçılar var ki, görürsən, qapıdan qovursan, bacadan içəri girirlər. Heç bunu da arzu etməzdim, amma yenə də deyirəm, bu sənət çətin, ağır sənətdir, tək istedadla, qabiliyyətlə iş bitmir, gərək bir az üzlü, əzmkar, çalışqan olasan, ruhdan düşməyəsən, heç bir çətinlikdən çəkinməyəsən. Yalnız bu zaman sənətdə iz qoya bilərsən.

- Cəmi üç gün sonra növbəti doğum gününüzdür...

- Elədir, xatırlatdığınız üçün də çox sağ olun (gülür). Bir yaşı da artıq geridə buraxıram, yaşımın üstünə bir yaş da gəlir. Hesab edirəm, çətin, ağır həyat, sənət yolu keçsəm də, bunlara dəyərmiş. Yəni, boşuna yaşamamışam. İnanıram ki, yeni yaşım da mənə, ailəmə, sənətimə uğur gətirəcək.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri