Mar
2019
12:55
75
39
3346
Virtual karabakh

Deputat: “Uzundərə”ni iməkləyərək qalxmağı əhd edənlərin çoxu aramızda yoxdur

6 Mar, 2019
12:55
3346

Deputat: “Uzundərə”ni iməkləyərək qalxmağı əhd edənlərin çoxu aramızda yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını millət vəkili Bəxtiyar Sadıqov cavablandırır:

- Ötən ilin sonlarından Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidverici fikirlər, problemin 2019-cu ildə çözümünün mümkünlüyü, Ermənistanın sülhə meyilli olması barədə fikirlər səsləndirilsə də, son günlər yenidən başqa mövqelər ortaya qoyulmaqdadır.

Xüsusilə, Ermənistan rəhbərliyi belə bir rəy yaratmağa çalışır ki, Qarabağ problemi artıq həll olunmuş məsələdir, Azərbaycan işğal faktı ilə razılaşmalıdır. Bu kimi mövqelər münaqişəninin həlli ilə bağlı ümidləri yenidən azaltmır ki? Danışıqlar prosesi yenidən dalana dirənmir ki?

- Bilirsiniz, bunlar səbəbsiz deyil. Ermənistan bu gün həm iqtisadi, həm siyasi cəhətdən elə bir vəziyyətdədir ki, o, artıq boğulur. İnqilab dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyan verdiyi vədlərin heç birini yerinə yetirə bilmir. Həm iqtisadi, həm siyasi cəhətdən boğluma ki var, Ermənistanın rəhbərləri, Paşinyan hökuməti artıq məcburdur populist açıqlamalarla xalqın başını qatsın.

Bu məsələdə onların ən çox istifadə etdikləri, yararlandıqları Qarabağ kartıdır. Guya Qarabağ məsələsi bitib, qurtarıb, Azərbaycan bu reallıqla barışmalıdır və sair. Amma yaxşı olardı ki, onlar aprel hadisələrini unutmasınlar.

Onlar gözlərini açıb yaxşı baxsınlar və unutmasınlar ki, Azərbaycan ordusu bu gün dünyanın 50 güclü ordusu sırasında yer alıb. Onlar Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, güclü iqtisadiyyatın mövcudluğunu yaddan çıxarmasınlar.

Azərbaycan prezidentinin çox uzaqgörən, müdrik siyasətini unutmasınlar. Onlar Qarabağ məsələsinin həllini nə qədər gecikdirsələr, uzatsalar, ləngitsələr, həm özləri, həm də bütövlükdə  erməni xalqı və Ermənistan üçün bir o qədər pis olacaq.

Görürsünüz ki, Ermənistanda xalq qaynayır, ayaq üstədir. O gün yoxdur ki, Ermənistanda hansısa etiraz aksiyası, narazılıq ifadə edən bir olay, yürüş yaşanmasın. Bütün bunlar hamısı onu  göstərir ki, Ermənistan hakimiyyəti, Paşinyan hökuməti artıq yay aylarında çox ciddi problemlərlə, xalqın sərt təpkisi ilə üzləşəcəklər.

Digər tərəfdən, Azərbaycanın yeritdiyi siyasət, problemi həll etmək üçün atdığı ağıllı addımlar öz sözünü deyir və mütləq deyəcək. Ona görə Qarabağ məsələsinin həlli ilə bağlı hansısa tarix, vaxt təyin etmək çətindir.

Bu, heç də tək bizdən asılı olan məsələ deyil. Amma bütövlükdə bu boğulmalar göstərir ki, məsələ yetişib və Azərbaycanın səbr kasası artıq kifayət qədər dolub...

- Dediyiniz kimi, əgər yay aylarında Ermənistanda növbəti ciddi böhran yaransa və yaşanarsa, Azərbaycan bundan istifadə edib, hərb variantına əl ata bilərmi?

- Yay ayları deyərkən öncə onu nəzərdə tuturam ki, həmin mövsümdə havalar qızışında, beyinlər də qızışır. Bu baxımdan, mən yay aylarında Ermənistanda kütləvi etiraz dalğasının daha da böyüyəcəyini, hadisələrin daha da qızışacağını proqnozlaşdırıram.

Ermənistanda ilin əvvəlinə gözlənilən ümidlər ki var idi, heç biri artıq özünü doğrultmur və bu yarım ildə də bir daha görünəcək ki, qalan vədlər sözdən o yana keçmədi, ümidlər puç oldu.

Bunun nəticəsində erməni xalqı daha da aqressivləşəcək. Heç şübhəsiz, o dövrə qədər Azərbaycanın özünün də müəyyən addımları olacaq.

Biz ordumuzu gücləndirmək üçün kifayət qədər silah alırıq, ordumuzun döyüş qabiliyyətini yüksəldirik, Ermənistana olan digər təsir vasitələrimizi get-gedə artırırıq. Təbii ki, bunların da bir nəticəsi mütləq olacaq.

Qarabağ probleminin həlli tək Ermənistandan da asılı olan məsələ deyil.

Bununla belə, artıq hamı başa düşür ki, başqa çıxış yolu qalmayıb, hər halda baxsınlar, nəticə çıxarsınlar.

- Siz Qarabağı parlamentdə təmsil edən və əslən o bölgədən olan millət vəkilisiniz. Bu baxımdan münaqişənin həlli yolunu nədə görürsünüz: danışıqlarda, icmaların bir araya gəlməsində, yoxsa müharibədə?

- Mən Qarabağ probleminin hərb yolu ilə, torpaqların güc yolu ilə qaytarılmasının tərəfdarıyam. Hərbi əməliyyatsız heç nə mümkün olmayacaq. Amma prezidentimiz çox düzgün addımlar atır, məqam gözləyir və elə bir hazırlıq görür ki, bu zaman itkimiz az olsun. Bilirsiniz, hər bir insan, hər bir vətəndaşımız Azərbaycan üçün qiymətlidir.

Ermənistan üçün öz vətəndaşının qiyməti, dəyəri yoxdur. Çünki onları dilənçi kökündə yaşadır, saxlayır. Onların hamısı vətəni tərk etmək məcburiyyətindədir, böyük əksəriyyəti Ermənistanı tərk edib gedirlər.

Azərbayanda isə prezidentin son addımları da bir daha göstərdi ki, o, hər fürsətdə xalqın sosial müdafiəsini gücləndirir, xalqın güzəranını daha da yaxşılaşdırır. Bu baxımdan, hər bir insan, vətəndaş qiymətlidir, əzizdir.

Ona görə hesab edirəm ki, ya ermənilər və onun digər havadarları bizim gücümüzü hesablayıb, məsələni tez, xoşluqla həll etməlidir, ya da aprel müharibəsində olduğu kimi, gücümüzü onlara bir daha göstərəcəyik.

- Bir qədər ritorik səslənsə də, əgər doğulub, boya-başa çatdığınız, parlamentdə təmsilçisi olduğunuz Ağdamın azad olunması xəbərini eşitsəniz, ilk atdığınız addım nə ola bilər, nə olacaq?

- O hissləri, o addımları təsəvvür etməyə çox çətinlik çəkirəm. Biz qaçqınlar, məcburi köçkünlər təkcə mal-mülk itirməmişik, bizim uşaqlıq xatirələrimiz yoxdur, bizim təkcə torpaqlarımız deyil, keçmişimiz əsirlikdə qalıb.

Bizim dostlar, tanışlar - hansı ki Ağdama, Qarabağa gedəndə onları görürdük, indi həmin adamlar yoxdur, hərəsi səpələnib bir tərəfə.

Ağdamda “Uzundərə” deyilən yer var. Əvvəlcə enirsən dərəyə, sonra qalxırsan üzü yuxarı.

O zaman Ağdamdan çıxanda çoxsaylı insanlar demişdilər ki, Ağdam işğaldan azad olunanda, geriyə dönəndə həmin “Uzundərə”ni iməkləyə-iməkləyə qalxacağıq.

Bax bunu əhd edənlərin çoxu artıq aramızda yoxdur. 

Mən də istəyərdim ki, həmin “Uzundərə”ni piyada qalxım...

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri