18 
Dek
2020
10:12
517
18
10234
Virtual karabakh

Qazilərə kömək edən BDU tələbəsi: “Atam halallıq verib dedi ki...” - MÜSAHİBƏ

18 Dek, 2020
10:12
10234

Qazilərə kömək edən BDU tələbəsi: “Atam halallıq verib dedi ki...” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 gün davam edən Vətən Müharibəsində ön cəbhədə mübarizə aparan qəhrəmanlarımızla yanaşı, arxa cəbhədə də tarixi qələbə üçün əllərindən gələni edən həmvətənlərimiz də vardı. Onlar da ən az ön cəbhədə vuruşanlar kimi qəhrəmandırlar.

İkinci Qarabağ Müharibəsi zamanı könüllü olaraq hərbçilərimizə kömək etmək istəyən insanların sayı-hesabı yox idi.

Kimisi mövcud vəziyyəti nəzərə alaraq, əsgərlərə səyyar hamamlar təşkil edirdi, kimisi onların saç-saqqalını səliqəyə salmaq üçün cəbhəyə yollanırdı, kimisi də gecəsini gündüzünə qatıb əsgərlərimiz üçün yun corablar, əlcək və papaqlar toxuyurdu.

Bu qəhrəmanlardan biri də Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin üçüncü kurs tələbəsi Fəridə Rəhimlidir. O, könüllü olaraq yaralı əsgərlərimizə qulluq etmək istədiyini bildirərək, arxa cəbhədə vuruşan qəhrəmanların sırasına qoşulub.

Bunu necə, hansı yolla etdiyini isə elə Fəridənin öz dilindən eşidək.

Oxu.Az qazilərə qayğı ilə yanaşan könüllü tələbə Fəridə Rəhimli ilə həmsöhbət olub:

- Necə oldu bu mübarizəyə qoşuldunuz?

- Müharibənin başladığı ilk günlərdən ön cəbhəyə getməyin yollarını axtarırdım. Lakin buna nail ola bilmədim. Qərara gəldim ki, mən ora gedə bilmirəmsə, oradan Bakıya gələn yaralılara əlimdən gələn köməyi edə bilərəm.

Valideynlərimdən halallıq aldım. Atama yaralı qazilərimizə xəstəxanada kömək edəcəyimi deyəndə, alnımdan öpdü. Bildirdi ki, bu, hər birimizin borcudur, təbii ki, getməlisən.

Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik Hospitalına gedərək könüllü kimi yaralı hərbçilərimizə kömək göstərmək istədiyimi dedim. Onlar da müraciətimə baxacaqlarını dedilər.

“İcazə versinlər deyə, əsgərlərin qab-qacaqlarını belə yumağa hazır idim”

- Nə zamandan tibb personalı ilə birlikdə çalışmağa başladınız?

- Həkimlərdən xahiş etdim ki, kömək etmək istəyirəm. Adi qab yuyum, yataq dəstlərini dəyişim, onlara dəstək ola biləcəyim müvafiq işləri görə biləcəyimi bildirdim. Zərrə də olsa, əməyim olsun.

Çox sevindim ki, Hospitalın Oftalmologiya şöbəsi mənim müraciətimi dəyərləndirdi. Onların şöbəsində də könüllü fəaliyyətə başladım.

- Fəridə, sizin sosial şəbəkədə paylaşılan fotonuz cəmiyyət tərəfdən çox müsbət qarşılanıb.

- Mən foto çəkiləndə bilməmişəm. Sonradan paylaşımları görəndə başa düşdüm ki, əsgərə yemək yeməyə kömək etdiyim anı əməkdaşlardan biri çəkib. Həkimlərin orada nə qədər əziyyət çəkdiyinin özüm şahidi olmuşam. Onların zəhmətinin yanında bizim etdiyimiz çox azdır.

Həqiqətən, qazilərimiz bizim qəhrəmanlarımız, həkimlər isə ağ xalatlı mələklərimizdir. Öz gözümlə həkimlərimizin ağır xəstələri necə həyata qaytardığının şahidi oldum. Gecə-gündüz yaralılar gələndə dərhal müdaxilə edilirdi.

- Fotonu kimin çəkdiyini bildiniz?

- Fotonu şöbənin rəisi Səlahəddin həkim çəkmişdi. Ona dərin təşəkkürümü bildirirəm.

- Kömək etdiyiniz qazilərlə əlaqələriniz qalıbmı?

- Kömək etdiyim qazilərin hər biri mənim üçün əziz və dəyərlidir. Onlardan biri Vətən Müharibəsində hər iki gözünü itirmişdi. Mən onun yemək yeməsinə, gəzməsinə, dərmanlarına kömək edirdim. Orada yardıma ehtiyacı olan bütün qazilərimizə əlimdən gələn köməyi edirdim.

Biz onların görən gözü, tutan əli olmağa borcluyuq. Qazilərimizin yardıma ehtiyacı yoxdur. Onlar qəhrəmandırlar. Lakin bir vətəndaş kimi, onlar üçün əlimizdən gələni etmək bizim vətəndaş borcumuz olmalıdır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri