18 
Okt
2021
12:12
246
35
3564
Virtual karabakh

Esmatulla Abdali: “Taliblər qızılbaş-azərbaycanlıların ayağa qalxacağından ehtiyat edir” - MÜSAHİBƏ

18 Okt, 2021
12:12
3564

Esmatulla Abdali: “Taliblər qızılbaş-azərbaycanlıların ayağa qalxacağından ehtiyat edir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kabilin “Taliban” tərəfindən ələ keçirilməsindən iki aydan çox vaxt keçir. Hazırda “Taliban” oktyabrın 20-də Rusiyanın paytaxtında keçirilməsi nəzərdə tutulan “Moskva formatı” danışıqlarına hazırlaşır.

Bir neçə gün əvvəl “Taliban”ın üzvləri Qətərin paytaxtı Dohada ABŞ rəsmiləri ilə danışıqlar aparıb. Bütün bunlar Əfqanıstan hökumətinin sabiq məmurlarına və təhlükəsizlik qüvvələrinə qarşı repressiyalar şəraitində, həmçinin şiə həzarilərin və Qızılbaş azərbaycanlıların təqib edilməsi fonunda baş verir.

Bir neçə gün əvvəl İraqda keçirilən parlament seçkilərində uğur qazanan İraqın şiə lideri Müqtəda Əs-Sədr isə öz növbəsində bəyan edib ki, əgər “Taliban” Əfqanıstanda yaşayan şiələri qoruya bilmirsə, o zaman şiələrin öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək haqqı olmalıdır.

Əfqanıstanın ictimai xadimi, jurnalist Esmatulla Abdali Oxu.Az-a müsahibəsində bildirib ki, “Taliban” hazırda amerikalılarla sıx əməkdaşlıq edir və bu böyük narahatlıq doğurur, çünki “Taliban”ın əvvəldən ABŞ-la razılığa gəldiyinə dair proqnozlar özünü doğrultmağa başlayır:

- Aydın olur ki, amerikalılar ölkəni tərk edərkən on milyardlarla dollarlıq silahı təsadüfən “Taliban”ın ixtiyarına buraxmayıb. “Taliban” üçün Qərblə yaxşı münasibətlər qurmaq mühümdür. Baxmayaraq ki, Qərb koalisiyası və “Taliban” bir-biri ilə vuruşub. Amma bu artıq hər iki tərəfin ikiüzlülüyünün təzahürüdür.

- Əfqanıstanın İslam Əmirliyinə çevrilməsindən artıq iki ay keçir. Mətbuatda azsaylı şiə toplumuna qarşı təqib və repressiyalar barədə çoxlu məlumatlar var. Milli zəmində həzarlar, qızılbaşlar öldürülür. Bu doğrudurmu?

- Bəli, bu həqiqətdir. Əlbəttə ki, “Taliban” bunu inkar etməyə çalışır, amma çox da inandırıcı alınmır. Əlbəttə ki, yerli sakinlər hər bir dinləyicini və ya oxucunu dəhşətə gətirəcək bütün məqamlar barədə danışmırlar. Əfqanıstanda insanlar qorxurlar. Amma Məzari-Şərif, Herat və digər yaşayış məntəqələrində artıq sübut olunmuş hallar var. Niyə belə olur? Səbəblərdən biri də Amerikalıların İranın şiə hakimiyyətinə rəğbət bəsləyən şəxslərin siyahısını taliblərə təhvil verməsidir.

- “Taliban”ın Əfqanıstan hökumətinin sabiq nümayəndələrini aradan götürməsi haqqında çox yazırlar.

- Təəssüf ki, bu da həqiqətdir. Amerikalılara sual ünvanlanır: “Taliban” ABŞ-la əməkdaşlıq edən bütün əfqanıstanlıların siyahısını necə əldə edib? Bunlar həm tərcüməçilər, həm də hərbi qulluqçulardır. “Taliban” Qərb koalisiyası Əfqanıstandan çıxandan sonra ABŞ-la dost olub. Bu paradoks kimi görünə bilər, amma reallığa çevrildi.

Türkiyənin rolunu, türklərin niyə Əfqanıstanda qaldığını başa düşürəm. Bütün əfqanların türk xalqına müsbət münasibəti var, biz türkləri sevirik, onlara hörmət edirik. Amma amerikalılar isə fərqlidir. Qərbə loyal əfqanlarla bağlı bütün məlumatları Əfqanıstanın yeni hökumətinə ötürürlər və bununla da onları “Taliban”ın əli ilə öldürürlər.

- Cümə günləri Əfqanıstanda şiə məscidlərində terror aktları törədilir, kamikadzelər özünü partladır. Ölən və yaralananların sayı artıq minə yaxınlaşır. Bu vəhşiliklərdə kim günahkardır? İŞİD, yoxsa “Taliban”?

- Əlbəttə ki, İŞİD. Hamı bilir ki, ABŞ “İslam Dövləti”nin yaradılmasında da iştirak edib. Amma “Taliban”a da suallar var – Niyə onlar ölkədə təhlükəsizliyi təmin edə bilmirlər? Bəlkə onlar bunu sadəcə olaraq istəmirlər?

- Yeri gəlmişkən, mətbuatda “Taliban” hökumətinin baş nazirinin müavini Molla Əbdül Salam Hənəfinin Əfqanıstanda şiələrin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini etiraf etməsi xəbəri yayılmışdı. Bu, şiələrin Əfqanıstanı tərk etmələrinə işarədirmi?

- Belə eyhamlar edilir. Başa düşməliyik ki, “Taliban”ın komandasında İŞİD ilə əməkdaşlıq edən çoxlu adam var. “İslam Dövləti” isə şiələrə nifrət edir. Hələ 2016-cı ildə bu mövzuda materiallar hazırlayırdım. Şiələri ya İrana, ya da başqa bir yerə məskunlaşmağa məcbur etmək istəyirlər. Amma şiələr də digərləri kimi əfqanıstanlıdırlar, onlar bizim qardaşlarımızdır!

- Bəs Pəncşir vadisində nə baş verir? Müqavimət davam edirmi? Oradan çox ziddiyyətli xəbərlər gəlir...

- Pəncşir artıq “Taliban”ın nəzarətindədir. Lakin Bəğlan vilayətinin Andarab rayonunda müqavimət ocaqları qalmaqdadır. “Taliban”ın rəqibləri dağlarda gizlənir, amma onlar çox deyillər.

- “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstan əhalisinin demək olar ki, 10 faizinin İran və Pakistana qaçdığı doğrudurmu? Kütləvi informasiya vasitələrində belə xəbərlər dərc olunur.

- Heç kim sizə dəqiq rəqəmləri təqdim edə bilməz. Ancaq qeyd etdikləriniz həqiqətə bənzəyir. İlk növbədə ziyalılar ölkəni tərk edir. Əfqanıstanda məhz onlar təhlükə altındadırlar. Bu insanların bəziləri Qərb koalisiyası ilə əməkdaşlıq edib, digərləri isə sadəcə təhsilli insanlardır, “Taliban”ın isə savadlı insanlara ehtiyacı yoxdur. Beləliklə bu şəxslər gələcəkdə Avropa ölkələrinə köçmək niyyəti ilə Pakistana, İrana qaçırlar. Lakin bu insanlar üçün hazırda ən vacib şey Əfqanıstanı tərk etməkdir. Mən şəxsən özüm çox belə insan tanıyıram.

- Şiələrin, qızılbaş-azərbaycanlıların təqib edilməsi mövzusuna qayıdaq. Hazırda Əfqanıstanda ən çətin vəziyyətdə olan onlardırmı?

- Düşünürəm ki, bəli. Və bir daha vurğulamaq istərdim ki, ilk növbədə milli və dini azlıqların savadlı nümayəndələri təhdid altındadır, onlar sadəcə olaraq öldürülür. Əgər Əfqanıstanın yeni hökumətində bir nəfər belə şiə yoxdursa biz nədən danışa bilərik?!

- “Taliban”ın qızılbaşları bəyənməməsinin dini motivdən savayı başqa səbəbləri varmı?

- Əlbəttə var. Ən azından 1919-cu ilin üçüncü İngilis-Əfqanıstan müharibəsini xatırlayın. “Taliban” amerikalılarla və britaniyalılarla dostluq edir. Məhz onlar Əfqanıstanda hansı xalqların müqavimət göstərməyə, azadlığa meyl etməsini “Taliban”a öyrədiblər. Həmişə ilk olaraq şiələr, qızılbaşlar ayağa qalxıb, Britaniya qarşı çox yaxşı döyüşüblər. “Taliban” indi də qızılbaşların ayağa qalxacağından və Əfqanıstanın digər xalqlarını öz tərəflərinə çəkəcəyindən qorxur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri