29 
Dek
2021
14:20
36
177
7804
Virtual karabakh

2022-ci ilin dəbi və rəngləri: Xanımları gözləyən sürprizlər - Modelyerlə MÜSAHİBƏ + FOTO

29 Dek, 2021
14:20
7804

2022-ci ilin dəbi və rəngləri: Xanımları gözləyən sürprizlər - Modelyerlə MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündən sonra 2021-ci ili geridə qoyuruq. Geridə qoymağa hazırlaşdığımız bu il nəinki Azərbaycanda, eləcə də dünyada pandemiya ilə mübarizə kimi yadda qaldı desək, yanılmarıq. Lakin bütün hallarda hər kəsin ən azı bir xoş xatirəsi də olub.

2021-ci ilin dəbi, sevilən rəngləri, geyim üslubları da geridə qalır. Modanı izləyən hər kəs üçün maraqlı olacaq bir material hazırlamağa çalışdıq.

Qarşıdan gələn pələng ili özü ilə hansı dəbi, hansı rəngləri, hansı aksesuarları gündəmə gətirəcək? Geyim trendləri alt-üst olacaq, yoxsa olduğu kimi qalacaq?

Bu və digər sualları Oxu.Az-ın əməkdaşı ilə söhbət zamanı stilist, dizayner Vəfa İsazadə cavablandırıb.

- 2020-ci ili geridə qoyuruq. Gözləntilərdən bir qədər fərqli başladı, fərqli davam etdi və nəhayət yola salırıq. Bu il özü ilə birgə hansı dəbi gündəmdə saxladı?

- Bildiyiniz kimi, son iki ili pandemiya ilə əlaqədar olaraq bir çox yeniliklərə açıq olmadıq. Təbii ki, pandemiyanın fəsadları dəb industriyasından da yan keçmədi. Bir çox dünya şöhrətli brendlərin bağlanmasının, hətta bəzilərinin iflasının şahidi olduq. Amma şükürlər olsun ki, həyat tədricən öz axarına düşür və dəb aləmində də canlanma başlayır. 2021-ci ildə dəbdə olan bir çox geyimlər 2022-ci ilə də keçid edəcək. İdman geyimləri də aktuallığını qoruyub saxlayacaq. Keçən il olduğu kimi bu il də dəri geyimlər dəbdə olacaq. Rənglərin qeyri-ahəngliyi bu il aktuallığını qoruyub saxlayacaq.

- Bu il ən çox müraciət edilən üslublar nələr oldu?

- Hazırda cavan təbəqə daha çox sport və “casual” tərzə üstünlük verir. Hətta deyərdim ki, gənclərin 90 faizi rahat olan idman geyimlərini seçir. Əslində nəzərə alsaq ki, gündəlik həyat tərzi üçün idman geyimi çox rahatdır, ancaq bunu gündəlik geyim tərzinə çevirməyin tam əleyhinəyəm. Çünki biz hər məkana idman geyimində gedə bilmərik. Məsələn, bu gün konsert zalına, yaxud teatra idman geyimində gələnləri görürəm və şiddətlə qınayıram. Çünki idman geyimi adından da göründüyü kimi ona uyğun olan yerlərə geyinilməlidir.

- Vəfa xanım, 2022-ci ilin geyim trendlərində bizi nələr gözləyir? Əsasən hansı rənglər dəbdə olacaq?

- Qarşıdan pələng ili gəlir. Şərq təqviminə görə, yeni il qara mavi su pələngi üzərində təhvil veriləcək. Bundan göründüyü kimi qeyd etdiyim rənglərə üstünlük verilməlidir. Bu ilin rəngləri firuzəyi, tünd göy, qum rəngi, qəhvəyi, tünd yaşıl, gümüşü və qızılı rənglər üstünlük təşkil edəcək. Zolağı printli parçalar da bu ilə çox aktual olacaq. Aksesuarlara gəlincə, minimalizm üstünlük təşkil edəcək. Daha çox metal və mirvaridən olan aksesuarlar dəbdə olacaq.

- Hər bir yaradılan kolleksiyanın, üslubun rəng çalarları dizaynerlər tərəfindən düşünülür. Sizcə bu istiqamətdə əsas meyar nə olmalıdır?

- Əsas meyar əvvəlcə insanın öz ruhunu hansı rəngdə görməsidir. Təbii ki, hər ilin öz rəngi olduğu üçün onu da nəzərə alıb bir ahəng yaratmaq lazımdır. Hər bir dizaynerin öz sevdiyi rəng olur və dəblə ayaqlaşıb o rəngə uyğun olan bir kolleksiya hazırlayır.

- Vəfa xanım, şəxsi müşahidələriniz üzərindən cəmiyyətdə geyim tərzində yol verilən səhvlərin nələrdən ibarət olduğunu düşünürsünüz?

- Bu mövzu mənim yaralı yerimdir. Qeyd edim ki, müasirlik və avropalaşmaq adı altında bəzi gənclərimiz getdiyi yerlərə və məkanlara uyğun düzgün geyinmir, saç düzümü, həmçinin makiyajı uyğunlaşdırmırlar. Adətən harasa bəzənib gedəndə nənələrimiz deyərdi ki, “hara bəzənmisən? teatra (tamaşaya) gedirsən?” (gülür). Yəni, bu gün sən teatra cins şalvar, yaxud idman ayaqqabısında gedə bilməzsən, bu, yolverilməzdir. Hər məkanın öz “dress-cod”u var. Buna əməl etmək vacibdir və əgər dəbi sevirsənsə, ən azından buna riayət etməlisən. Gənclərimizin qarderobunda daha çox qara geyimə üstünlük verməyinin əleyhinəyəm. Dünya şöhrətli dəb ikonası olan Koko Şanel deyirdi ki, “Hər bir qadının qarderobunda bir qara rəngdə don olmalıdır”. Mən də xüsusilə qeyd edirəm ki, yalnız bir. Gündəlik geyimindən tutmuş çıxış geyimlərinə qədər qara rəngə bürünənlərə səslənirəm: Al-əlvan rənglərə üstünlük verin. İnsan əlvan rəngli geyimlərdə daha gözəl və daha təravətli görünür.

- Vətən müharibəsində qalib ölkə kimi Qarabağa böyük qayıdışımızı qeyd edirik. Bu il Xarı bülbül simvolunun dəbli ahəngi gözlənilirmi?

- Əvvəlcə 44 günlük Vətən müharibəsində iştirak edən və şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyir, qazilərimizə və müharibə iştirakçılarına möhkəm can sağlığı arzu edirəm. Qalib ölkənin vətəndaşı olmaq hissi tam başqadır. Həqiqətən Ali Baş Komandan cənab İlham Əliyevə bu qələbəni bizlərə yaşatdığı üçün bir Azərbaycan vətəndaşı kimi sonsuz təşəkkürümü bildirirəm. Hərbçilərimizin igidliyi, xalqımızın yumruq kimi birləşməyi sayəsində Qarabağ həsrətimizə son qoyuldu. Xarı bülbül simvolu artıq sonsuzadək aktuallığını qoruyub saxlayacaq.

Artıq dastana çevrilən bir simvoldur. Bu simvol məhz qələbəmizdən sonra bir tarix yazdı və bu tarix bizim gələcək nəsillərə sevə-sevə ötürüləcək. Əlbəttə ki, hər bir Azərbaycan dizaynerinin indi də, gələcəkdə də kolleksiyalarında öz əksini tapacaq bir simvoldur. Şəxsən mən Xarı bülbül simvoluna aid bir çox aksesuarlar əldə etmişəm və sevə-sevə öz üzərimdə daşıyıram. Milli yaylığımız olan kəlağayı kimi Xarı bülbülə aid olan hər bir şey artıq milli simvolumuz sayılır.

İnsanların “bu dəbdədir, geyinim, geridə qalmayım” deyib, dəbə şüursuz şəkildə uyması müasirlik sayılırmı?

- Mən həmişə müsahibələrimdə də qeyd etmişəm – “Dəb sənə yaraşandır”. “Bu gün bu geyim dəbdədir alım, mənə yaraşmasa belə, geyinim” kimi bir qanun yoxdur. Misal üçün, insanın boyuna uyğun geyim uzunluğu olur. Yeri gəlmişkən deyim ki, bu il uzun, mini ətəklər dəbdə olacaq.

Təbii ki, hər kəsin boyu bu uzunluğa uyğun deyil və geyinəndə çox səliqəsiz görünür. Hər kəs özünə yaraşanı geyinsə, inanın ki, ictimai yerlərdə gözümüz çox dəbli və zövqoxşayan görüntülər görəcək. Düzgün kombinə çox vacib rol oynayır. Buna gəldikdə yenə də qeyd edirəm, sizə yaraşan, uyğun rəng və materiallardan istifadə edin.

- Sizcə, insanın dəblə ayaqlaşması daha önəmlidir, yoxsa özünəməxsus stil formalaşdırması?

- Hər kəsin özünəməxsus stili olmalıdır. Yaşam tərzindən, işindən asılı olaraq geyimini də özü seçir. Bəzən insanlar seçdiyi stildən bezib bunu dəyişə də bilir. Əslində buna çox gözəl yenilik kimi baxıram. İnsan hər bir şeydə dəyişib inkişaf etdiyi kimi dəbdə də yenilik edir, bu, çox müsbət haldır. Amma yenə də qeyd edirəm, özünə yaraşan stili seçmək çox vacibdir.

- Vəfa xanım, pandemiya moda aləminə necə təsir göstərdi?

- Çox pis təsir etdi. Hər bir sahəyə təsir etdiyi kimi dəb aləmini sözün əsl mənasında sirkələdi. Amma düşünürəm ki, bu, bir sınaq idi. İnsanlar evdə lazım bilmədiyi, əslində isə lazım olan geyimlərinin daha çox qədrini bilməyə başladılar. Yavaş-yavaş dəb industriyası özünə gəlməyə başlayır. Dünya brendləri artıq yeni kolleksiyalarını təqdim edir və təbii ki, canlanma var.

- Bir ara tibbi maskalar rəngli, bəzəkli maskalarla əvəz olundu. Necə düşünürsünüz: Maska trend halına gələ bilərmi?

- Maska mövzusu artıq insanlarda diskomfort yaradır və təbii ki, dünyanı cənginə alan virus bizi unutdurmağa qoymur. Təbii ki, özüm də rəngli, maraqlı maskalardan istifadə edirəm. Amma virusu xatırladacaq, xəstəliklərdən qoruyan bir vasitəni dəbə çevirmək niyyətim yoxdur (gülür). Bunu bir növ insanları neqativə kökləmək kimi qəbul edirəm və dəstəkləmirəm.

- “Qarabağ”, “Zəfər”, “Xarı bülbül” adlı kolleksiyalarınız gözlənilirmi?

- Bir çox dünya brendlərinin yaradıcıları artıq dünyasını dəyişib və onları əvəz edəcək insanlar təbii ki, yoxdur. Bəli, onların moda evləri çalışır. Hər il bir neçə dəfə kolleksiya təqdim edir, amma baxırsan ki, bu, o deyil. Hər bir yaranan brend müəllifinin körpəsidir. Körpə də yetim qalanda travmalı böyüyür. Ona görə də bir çox dünya brendləri əvvəlki kimi gözəl kolleksiyalar buraxmır. Bir növ məcburən adı qorumaq üçün fəaliyyət göstərir, əslində, bu, çox üzücüdür. Dəb aləminə yeni nəfəs verəcək dizaynerlər lazımdır. Bunu da ümid edirəm ki, gələcək illərdə görə bilərik.

- Dəb aləminin daim inkişafına şahid oluruq. İndiki zamanda moda dünyasını dəyərləndirməyinizi istərdik. Dövr dəyişdikcə bu sahəyə yeni modelyerlər gəlir. Sizcə, plagiat artır, yoxsa kreativ yanaşmalar var?

- Çox ağır mövzudur mənim üçün, hər kəs dizayner, modelyer, stilist olmaq istəyir. Bu, normaldır. Bizim dövrümüzdə hamı ya həkim, ya müəllim olmaq istəyirdi. İndi də bu peşə dəbdədir. Amma bu peşəni seçmək üçün ən azından zövqün olmalıdır və ən əsası ruhunda yaradıcılıq olmalıdır. Ondan sonra rəngləri, parça materiallarını uyğunlaşdırıb kreativ geyim ortaya çıxarmağı bacarmalısan. Sadaladıqlarım minimum tələblərdir hələ. Artıq dizayner olmaq dəb halını alıb, kim dizayner olmaq istəyirsə, özünü əziyyətə salmır. İnternet dövründə yaşayırıq, açır interneti, məşhur dizaynerlərin geyimini götürür, üzərində düzəliş edir, deyir ki, mən də dizaynerəm. Bax bu, kobud şəkildə dizayner adına ləkədir. Bu peşəni seçirsənsə, onu layiqincə təmsil et. Peşəni sev, öyrən, öz üzərində çalış. Mən bəzən görəndə ki, kimsə dizayner olmaq istəyirsə, həvəsi varsa, nəsə alına bilərsə, öz dəstəyimi əsirgəmirəm, maksimum dərəcədə kömək edirəm.

- Bir dizayner kimi, sizə görə ilin ən zövqsüz məşhurları, səhnə adamları hansılardır?

- Mən düşünürəm ki, ad çəkməklə kimlərinsə xətrinə dəyə bilərəm. Bəli, bu gün Azərbaycan estradasında yetərincə zövqsüz geyinənlər var. Düşünürəm ki, ümumiyyətlə məşhurlar stilistlə çalışmalıdır. Bu, onların işini daha da asanlaşdırır, gülüş obyektinə çevrilməyin, tənqid olunmağın qarşısını alır.

- Sizin üçün ən zövqlü sənət adamları kimlərdir?

- İlk növbədə, kişi müğənnilərdən Xalq artisti Faiq Ağayevin adını mütləq çəkməliyəm. Çünki, hər zaman geyim tərzi və stili ilə fərqlənir və seçilir. Xanımlardan, zərif, kübar sənətçilərimiz Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Nura Suri və digərlərini sadalaya bilərəm. Əslində çoxlarının adını çəkə bilərdim, amma ən çox zövqlüləri qeyd etdim.

- 2021-ci ildə üslubu, dəblə ayaqlaşması ilə sizin diqqətinizi çəkən sənət adamları kimlər oldu?

- Nəzərə alsaq ki, bu il pandemiya dövrünə təsadüf etdi, bu səbəbdən güclü dəblə ayaqlaşan sənət adamlarına rast gəldiyimi deyə bilməyəcəm. Məncə, bu da anlaşılandır. Amma əminəm ki, 2022-ci ildə onlar ciddi şəkildə dəblə ayaqlaşacaqlar.

- Hər kəs sizi mərd, cəsarətli çıxışlarınızla tanıyır, sevir. İlin son müsahibəsidir, desəm yalan olmaz. Ümumiyyətlə, xanım geyim alarkən nəyə diqqət etməlidir? Düzgün geyim necə seçilməlidir?

- Xoş sözlərinizə görə, təşəkkür edirəm. Ümumiyyətlə, geyim seçməmişdən öncə belə desək, bu prosesə hazırlaşmaq lazımdır. İlk növbədə əhvalı yaxşı olmalıdır ki, geyimi də, rəngləri də rahat, sevə-sevə seçə bilsin. İkincisi, dəri rənginə uyğun rənglər seçmək çox vacibdir. Sonra isə bədən quruluşuna uyğun material vacib nüanslardan biridir. Məsələn, çəkili xanımlar bədənə yapışan materiallardan yan keçməlidir. Ən sonunda dediyim kimi, özlərinə yaraşanı seçəndə hər şey mükəmməl olur.

- Vəfa İsazadə güzgü ilə dostdur, yoxsa düşmən?

- Hələ belə sualla rastlaşmamışdım. Vallah nə deyim bilmədim, amma məncə, nə dostam, nə də düşmən (gülür). Gün ərzində səhər yuxudan oyananda güzgüyə baxıram. Bir də tədbirlərə gedəndə, makiyaj edərkən güzgü qarşısında çox zaman keçirirəm. Əslində deyirlər ki, özgüvənli və özünü sevən qadınlar güzgüyə az baxır (gülür). Yəqin mən də eləyəm, ona görə az baxıram. Hətta bir neçə dəfə güzgü hədiyyə ediblər, lakin istifadə etməmişəm, elə dolabda qalıb. Əslində gözəl güzgüləri sevirəm, amma kənardan baxım, özümə baxmaq üçün istifadə etməyim.

- Sizə görə bir xanımın geyimində “olmazsa-olmaz” nədir?

- Mübaliğəsiz deyərdim ki, saat. Çünki ilk növbədə saat aksesuardan əlavə dəqiqlikdir. Digər tərəfdən isə ən vacib aksesuardır. Sonra hər dəbə uyğunlaşdırıla bilən bir aksesuardır. Mənə görə, saat bir xanımın geyimində olmazsa olmazdır.

- Bəzən deyirlər ki, qadın gərək həm daxilən, həm zahirən özünə baxsın. “Özünə dəyər verən qadının baxımı məhz alt paltarından başlamalıdır” ifadəsi ilə razısınızmı?

- Bəli, bu deyimlə razıyam. Əgər baxımlısansa, yaxud baxımlı olmaq istəyirsənsə, hərtərəfli olmalısan. Şükür ki, əvvəlki dövrlərlə müqayisədə indi biri-birindən gözəl o qədər alt geyimləri istehsal edən brendlər var ki. Hər bir xanımın cibinə uyğun səliqəli, gözəl alt geyimləri tapmaq mümkündür. Hər bir qadının əldə edəcəyi büdcəyə, cibinə uyğun alt geyimləri olduğu üçün bu, artıq bəhanə olmaqdan çıxıb.  Ataların çox gözəl bir məsəli var “üstü bəzək, altı təzək”. Qadın bu məsəldən çox-çox uzaq olmalıdır. Gözəl görünmək istəyirsənsə, bunu məhz elə alt geyimindən başlamalısan.

- 2021-də sizin üçün ən yadda qalan hadisə nə oldu?

- Şəki İpək Fabrikinə səfərim. Məni tanıyanlar kəlağayı vurğunu olduğumu, hətta kəlağayılardan maraqlı kolleksiyamın belə olduğumu bilir. Məhz kəlağayının sıfırdan necə yarandığını görmək çox gözəl idi. Həyatımda ağlıma gəlməzdi ki, kiçik baramadan necə ilmə düzəltmək olur və bundan gözəl bir kəlağayı ərsəyə gəlir. Mənim üçün çox gözəl bir təcrübə oldu.

- 2022-ci il pələng ilidir. 80-lərin dəbi, pələng naxışlı parçaların yenidən dəb olması gözlənilirmi?

- Əslində yox. Bu il çox az dəbdə oldu. Bu il pələng printli parçalar dəbdə olmayacaq. Amma buna baxmayaraq, baza geyim kimi həmişə bu parçadan geyim geyən xanımları görəcəksiniz. Bu, artıq onların zövqüdür.

- 2022-ci ildən gözləntiləriniz nədir?

- İlk növbədə sağlam, xəstəliklərsiz, müharibəsiz bir dünya arzulayıram. Gözləntilərim çoxdur, hamı kimi. İlk növbədə ölkəmizə əmin-amanlıq, firavanlıq arzu edirəm. Ümid edirəm ki, artıq 2022-ci ildən bir çox qadağalar aradan qaldırılacaq və həyatımız əvvəlki axarına geri dönəcək. Fürsətdən istifadə edib, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi təbrik edirəm. Qoy bu Yeni il bizə sağlamlıq və xoşbəxtlik gətirsin. Öz növbəmdə sizə bu gözəl müsahibə üçün təşəkkür edirəm.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri