Okt
2022
20:45
101
27
4857
Virtual karabakh

Bir oyunda beş qolla adından söz etdirən Yanar: “Azərbaycandan təklif almamışam” - MÜSAHİBƏ + FOTO/VİDEO

7 Okt, 2022
20:45
4857

Bir oyunda beş qolla adından söz etdirən Yanar: “Azərbaycandan təklif almamışam” - MÜSAHİBƏ + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ümid edirəm ki, tezliklə Rusiya beynəlxalq turnirlərə qaytarılacaq”.

Bunu Rusiya futzal Superliqası təmsilçisi RFKP klubunda çıxış edən Azərbaycan əsilli futzalçı Yanar Əsədov “Report”a müsahibəsində deyib. Müsahibəni təqdim edirik:

- Superliqanın “Torpedo” ilə oyununda vurduğunuz beş qol geniş rezonans yaratdı. (Komanda 8:2 hesablı qələbə qazanmışdı – red.) Hətta Azərbaycan mətbuatında da sözügedən oyundan videolar yayımlandı. Artıq altı qol vurmusunuz və bombardirlərdən birisiniz. Bununla bağlı fikirləriniz maraqlıdır...

- Mənim üçün həqiqətən də, çox yaxşı oyun oldu. Peşəkar karyeramda ilk dəfə bir matçda beş qol vurdum. Amma ən əsası - vacib oyunda qalib gəldik.

- Rusiya millisinin və klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması sizin motivasiyanıza necə təsir edir?

- Çox təəssüf ki, Rusiya ilə bağlı belə bir vəziyyət yaranıb, çünki bizim klublar və yığma komandamız həmişə beynəlxalq arenada yüksək yerlər üçün oynayır. Amma nə etmək olar?! Rusiya çempionatı və kuboku var. Bunlar da həmçinin çox nüfuzlu turnirlərdir. Mənim üçün əsas motivasiya məhz budur. Ümid edirəm ki, tezliklə Rusiya beynəlxalq turnirlərə qaytarılacaq.

- Azərbaycanda idman çevrələrində kifayət qədər tanınırsınız və əslən azərbaycanlı olduğunuz bilinir. Heç olmusunuzmu ölkəmizdə?

- Azərbaycanda sonuncu dəfə lap kiçik yaşlarımda olmuşam. Qohum-əqrəba tez-tez zəng vurub dəvət edir, lakin indiyə qədər imkan edib gələ bilməmişəm. Amma istənilən halda, Bakıya səfər etmək istəyirəm.

- Rusiyada doğulmuş azərbaycanlı ailənin övladı necə gəldi futzala? Niyə məhz futzal, məsələn, futbol yox?

- Mən Petropavlovsk-Kamçatsk şəhərində yaşayırdım. Uzaq Şərqdə futbol o qədər də inkişaf etməyib. Hətta demək olar ki, praktiki mövcud deyil. Amma futzal bölməsi var idi və ona görə də xüsusi seçim etmək şansım yox idi. Moskvaya köçmək fürsəti yarananda isə dərhal bundan istifadə etdim. Beləcə, peşəkar futzala gəldim.

- Azərbaycan futzal millisi və “Araz” klubu Avropada güclülərdən hesab olunur. İzləyirsinizmi bizim komandalarımızı? Sizə nə vaxtsa ya milli komanda, ya da klublarımızın hansındasa çıxış etmək təklif olunubmu?

- Azərbaycan futzal millisini və “Araz” klubunu yaxşı tanıyıram. Bilirəm ki, Avropada ən güclülərdəndirlər. Amma xüsusi olaraq izlədiyimi deyə bilmərəm. Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif almamışam.

- Bəs sizin nə vaxtsa belə bir arzunuz olubmu?

- Açıq deyim, özüm də bu barədə heç düşünməmişəm. Amma daha əvvəl belə bir təklif alsaydım, bununla bağlı fikirləşmək olardı.


 
- Milli komandamızın əsasını braziliyalı futzalçular təşkil edirlər. Nəinki bizdə, Avropanın əksər yığmalarında braziliyalıları görmək olar. Bununla bağlı fikirləriniz maraqlıdır...

- Bizim idman növü elədir ki, dünyanın bütün komandalarında çıxış edən çoxlu braziliyalı var. Təbii ki, onlara vətəndaşlıq verilməsi üçün müəyyən meyarlar mövcuddur. Amma mən düşünürəm ki, hər bir milli komandaya milliləşdirilmiş futbolçular olmadan da yaxşı oyunçular toplamaq olar.

- Böyük futbolu da yəqin ki, izləyirsiniz. Rusiya və rus klublarını nəzərə almasaq, kimə azarkeşlik edirsiniz?

- Televiziya vasitəsilə çalışıram ki, Avropanın top komandalarının oyunlarını izləyim. Mən hansısa komandaya azarkeşlik etmək yerinə, keyfiyyətli futbolun tərəfdarıyam.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri