25 
Fev
2023
17:32
174
28
4302
Virtual karabakh

Azərbaycandan köçən şahmatçı: “Vətənimizi təmsil etməyə davam edəcəyəm” - MÜSAHİBƏ

25 Fev, 2023
17:32
4302

Azərbaycandan köçən şahmatçı: “Vətənimizi təmsil etməyə davam edəcəyəm” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, şahmat üzrə ölkə çempionu Vasif Durarbəyli ABŞ-yə köçüb.

Oxu.Az 31 yaşlı “iti zəka sahibi” ilə əlaqə saxlayaraq, bu qərarının səbəbləri, gələcək planları və bir neçə gün öncə müqavilə bağladığı Xorvatiyanın “Croatia Bulldogs” klubundakı hədəfləri ilə bağlı söhbətləşib...
 
- Sosial şəbəkə hesabınızda Azərbaycandan ABŞ-yə köçdüyünüzlə bağlı paylaşım etmisiniz. Belə anlaşıldı ki, birdəfəlik getmisiniz. Daha detallı açıqlama verə bilərsinizmi? Bu, peşəkar şahmat karyeranızla bağlı atdığınız addımdır, yoxsa sadəcə şəxsi həyatınızla əlaqədardır?

- Şəxsi zəmində verilmiş bir qərardır və mənim peşəkar şahmat karyeram ilə əlaqəsi yoxdur.

- Zaman-zaman Azərbaycan şahmatı, federasiyanın fəaliyyəti ilə bağlı tənqidi fikirləriniz olub. Gedişinizdə narazı qaldığınız məqamların hər hansı rolu olub?

- Xeyr, bunlar mənim köçümə təsir etməyib. Ümumiyyətlə, çətinliklərlə üzləşdikdə onlardan qaçmağa çalışmıram. Mən problemlərin həlli üçün çalışıram. 

Onu da əlavə edim ki, federasiyamızda müsbət dəyişikliklər baş verir. Artıq ictimai şəkildə tənqidə çox da ehtiyac görmürəm. Adətən, özəl şəkildə rəsmilərə bildirəndə həll etməyə çalışırlar. Bu isə sevindirici haldır.

- ABŞ-yə köçməyinizdən sonra əsas maraq doğuran məqamlardan biri beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib-etməyəcəyinizlə bağlıdır. Yenə yığma üçün turnirlərdə iştirak edəcəksiniz?

- Bəli, vətənimizi təmsil etməyə davam edəcəyəm. Azərbaycan bayrağından başqa bir bayraq altında oynamaq niyyətim olmayıb, elə indi də yoxdur. Dünya şahmat federasiyasının belə bir tələbi yoxdur ki, şahmatçı təmsil etdiyi ölkədə yaşamalıdır. Noyabr ayında keçirilən Avropa komanda çempionatında iştirak etmək hüququnu Azərbaycan çempionu olaraq qazanmışam. Səbirsizliklə həmin turniri gözləyirəm.

- Bir neçə gün əvvəl Xorvatiyanın “Croatia Bulldogs” klubu ilə müqavilə imzalamısınız. Oradan təklif nə zaman gəldi və niyə məhz bu klubu seçdiniz?

- Bu il mən özüm seçmə mərhələdə iştirak üçün şahmatçılarımızdan ibarət komanda qurmuşdum. Seçmə mərhələni ikinci bitirdik. Birinci olsaydıq, öz komandamız olacaqdı... Bəxtsizlik bizim finala getməyimizə maneə törətdi. Əslində, bu bizim ikinci cəhdimiz idi. 2019-cu ildə də finalın bir addımlığında büdrəmişdik. Orada məhz “Croatian Bulldogs” finalda kiçik fərq ilə bizi məğlubiyyətə uğratmışdı. Həmin uğura görə bu il artıq klub birbaşa finalda iştirak hüququnu əldə edib. 2 həftə öncə onlardan gələn təklif məni xoş tərzdə təəccübləndirdi. Komandanın meneceri də mehriban şəxs təəssüratı yaratdı və şərtlər də qaneedici olduğu üçün həmin komandaya qoşuldum.

- Klub “Pro Chess League”da yarışır. Orada iştirak edəcəksiniz?

- Məhz həmin yarışda iştirak etmək üçün dəvət almışam. Gələn həftədəki turda iştirak edəcəyəm.

- Xorvatiya klubunda əsas hədəfiniz nədir?

- Dünya şahmatı sürətlə dəyişir. 5-10 il öncə demək olar, heç kim bunu ciddi qəbul etmirdi. Artıq fərqli bir şahmat erasındayıq. Şəxsən mən bu turniri ciddi qəbul edirəm və əlimdən gələni əsirgəməyəcəyəm. Əsas hədəf ilk dördlüyə daxil olmaqdır. Dördlük artıq bir məkanda toplanacaq digər “e-sport”lardakı kimi eyni məkandan kompüter vasitəsilə oynayacaqlar.

- 1-ci lövhədə yarışacaqsınız?

- Bir matçda hər klubun 4 oyunçusu digər klubun 4 oyunçusu ilə oynayır.  Dolayısı ilə birinci lövhə anlayışı yoxdur.

- Uğurlar!

- Çox sağ olun!

Vaqif Verdiyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri