22 
Apr
2024
13:48
86
9
1358
Virtual karabakh

Marina Laqutina: “Azərbaycan kənardan edilən manipulyasiyalara getmir” - MÜSAHİBƏ

22 Apr, 2024
13:48
1358

Marina Laqutina: “Azərbaycan kənardan edilən manipulyasiyalara getmir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən həftə artıq həll olunmuş Qarabağ münaqişəsi və Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı hadisələrlə zəngin olub. Belə ki, məlum olub ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında burada müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ iqtisadi rayonundan vaxtından əvvəl çıxarılır.

Bu qərarı Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ali rəhbərliyi qəbul edib.

Ardınca Ermənistan 1990-cı illərin əvvəlindən işğal altında saxladığı dörd Azərbaycan kəndini geri qaytarmağa razı olub. Bu nəticə Azərbaycanla Ermənistan arasında ikitərəfli razılaşma nəticəsində və vasitəçilərin iştirakı olmadan əldə edilib.

Bu hadisələr arasında hər hansı əlaqə varmı?

Oxu.Az bu sualı rusiyalı analitik, “Vestnik Kavkaza” informasiya agentliyinin ingiliscə versiyasının baş redaktoru Marina Laqutinaya ünvanlayıb.

- Cənubi Qafqaz regionunda çoxlu müxtəlif proseslər cərəyan edir, onlar paralel gedir və heç də hər zaman hər şeydə hansısa gizli əlaqələr, konspirasiya nəzəriyyələri axtarmaq lazım deyil. Rusiya sülhməramlı missiyası İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra qəbul edilmiş bəyanata uyğun olaraq Azərbaycan ərazisində mövcud idi. Onların mövcudluğunun əsas məqsədi o vaxt Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək, eləcə də Laçın dəhlizinə nəzarət etmək idi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən, Azərbaycanın ərazi bütövlüyünün bərpasından və Qarabağın bütün ərazisinin Bakının nəzarətinə qaytarılmasından sonra, Rusiya sülhməramlılarının bu bölgədə olmasına faktiki ehtiyac qalmadı. Ermənilərin əksəriyyəti könüllü olaraq Qarabağı tərk edib və nəzarət tamamilə Azərbaycan təhlükəsizlik qüvvələrinin əlindədir, bu isə məntiqlidir, axı bura Azərbaycan ərazisidir. Ona görə də Rusiya sülhməramlılarının çıxması üçün son müddətin 2025-ci ilə qədər olmasına baxmayaraq, Moskva və Bakı bu məsələni müzakirə edərək sülhməramlıların vaxtından əvvəl ölkəni tərk etməsi barədə birgə qərar qəbul ediblər, çünki missiya artıq öz vəzifələrini icra edib.

- Qərb siyasətçiləri və ekspertləri (xüsusən Fransada) fəal şəkildə Azərbaycanı guya dörd kəndi qaytarmaq məqsədilə Ermənistana qarşı hücuma hazırlaşmaqda ittiham edirdilər.  Gözlənildiyi kimi, bütün bu təhdidlərin sadəcə Qərb təbliğatçılarının təxəyyülünün məhsulu olduğu ortaya çıxdı. Bəs bu onlara dərs olacaqmı? Yoxsa Bakının ünvanına yeni əsassız ittihamlar gözləmək lazım gələcək?

- Azərbaycanın Qazax rayonunun dörd kəndinin azad edilməsi Ermənistan-Azərbaycan nizamlanması prosesində çox müsbət addımdır. Daha bir müsbət hal odur ki, sülhə doğru bu cür irəliləyiş sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın təması sayəsində əldə edilib. Təbii ki, xarici amillər Ermənistan rəhbərliyinə təsir edə bilərdi, lakin komissiyanın işi uzun müddət, sistemli şəkildə həyata keçirilirdi və hər iki tərəfin diplomatlarının xidmətlərini qiymətləndirməmək olmaz. Qərbin regiondakı vəziyyətə baxışına gəlincə, yadda saxlamalıyıq ki, hər üçüncü tərəfin öz maraqları var və bu üçüncü tərəflər bütün mümkün üsullardan istifadə edərək onları müdafiə etməyə hazırdırlar. Əsas qarşıya qoyulan hədəfə çatmaqdı. Ona görə də ittihamlardan, təbliğatdan, gərginlik yaratmaq üsullarından istifadə olunur. Lakin (Azərbaycan üçün - red.) kənar manipulyasiyalara boyun əyməmək, kimlərinsə buna mane olmağa cəhd edə biləcəyinə baxmayaraq, sülhə nail olmaq üçün real işə diqqət yetirmək daha doğru strategiya idi. Azərbaycan tərəfi isə məhz bu yanaşmanı nümayiş etdirdi. Aprelin əvvəlində Ermənistan-Azərbaycan şərti sərhədində Ermənistan tərəfinin təxribat xarakterli addımları hamının yadındadır. Amma sonda təxribat vəziyyətin gərginləşməsinə səbəb olmadı. İndi isə artıq Azərbaycan öz məqsədinə sülh yolu ilə nail oldu - Qazax rayonunun dörd kəndi Azərbaycana qaytarılır.

- Ermənistan müxalifəti, xüsusən də Qarabağ klanının nümayəndələri Azərbaycanı yeni münaqişə ilə hədələyir, eyni zamanda onlar İrəvanın Azərbaycanla şərti sərhəddə delimitasiya aparmağını və Ermənistan Respublikasının onlara aid olmayan ərazilərin geri qaytarması ilə bağlı qərarı əsas gətirərək ölkə daxilində etirazlar təşkil edəcəyini bəyan edir.

- İstənilən siyasi məsələdə ilk növbədə ölkə rəhbərliyinin fəaliyyətinə, mövqeyinə diqqət yetirmək lazımdır. Cənubi Qafqazda sülhün qarşısını həm region daxilində, həm də xaricində almağa çalışan kifayət qədər qüvvələr var. Əminəm ki, Azərbaycan, Ermənistan, Gürcüstan və bütün qonşu dövlətlərin sakinlərinin böyük əksəriyyəti başa düşür ki, sülhə, təhlükəsizliyə və əməkdaşlığa alternativ yoxdur. Diqqəti məhz buna cəm etmək lazımdır.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri