25 
Fev
2014
13:09
37
12
2996
Virtual karabakh

İlham Əliyev Sumqayıtda - FOTO

25 Fev, 2014
13:09
2996

İlham Əliyev Sumqayıtda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident mis emalı zavodunun açılışında iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyev bu gün Sumqayıt şəhərində səfərdə olub.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar şəhərdə görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat verdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak etdi. 

Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də ölkədə sənayenin müxtəlif istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsidir. Bu baxımdan son dövrlərdə neftdən əldən edilən gəlirlərin yeni istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi təsadüfi deyildir. Artıq bu istiqamətdə çox mühüm və ardıcıl layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq müasir istehsal sahələrinin yaradılması və istifadəyə verilməsi respublika iqtisadiyyatının gücləndirilməsinə xidmət edir. Bu da ölkədə rəqabətədavamlı və keyfiyyətli məhsullar istehsal etməyə geniş imkanlar açır. 

Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində Azərbaycan kağız və karton istehsalat kombinatının yaradılması sənayenin bu sahəsinin inkişafını daha da sürətləndirəcəkdir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə ölkəmizdə gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcəkdir. Digər tərəfdən bu cür müəssisələr ölkənin iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2014-cu il ölkədə “Sənaye ili” elan edilmişdir. Belə müəssisələrin məhz bu il istifadəyə verilməsi isə “Sənaye ili”nin uğurlu olacağının daha bir göstəricisidir. Bu müəssisə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kredit və “Azərsun Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunmuşdur. 

Kombinatın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq” MMC-nin müxtəlif müəssisələrinin açılışlarında iştiraklarını əks etdirən fotostend qurulmuşdur. 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına kombinatın iş strukturu barədə məlumat verdi. Qeyd edildi ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən kombinatda yeni və müasir texnologiyalar tətbiq olunmuşdur. 

Prezident İlham Əliyev kombinatı işə saldı. 

Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulmuşdur. İstehsal korpusu, müxtəlif bölmələr və hazır məhsul anbarından ibarət olan müəssisə aparıcı ölkələrin tanınmış şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmişdir. Burada qurulan avadanlıq hesabına yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etmək mümkündür. Ümumilikdə, kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi əsasında həyata keçirilir. Kombinatın illik emal gücü 50 min tondur. Bu layihənin Sumqayıt ərazisində həyata keçirilməsi şəhərin sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Kombinatda 150 nəfər işlə təmin edilmişdir. 

Məlumat verildi ki, müəssisənin fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır. Hesablamalara görə, müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min şam ağacının kəsilməsinin və meşələrin məhv olmasının, həmçinin atmosferə xeyli miqdarda zərərli maddələrin buraxılmasının qarşısı alınacaqdır. Müəssisənin xammala tələbatının 90 faizi tullantı kağızın tədarükü hesabına ödəniləcəkdir. Bu məqsədlə respublikanın regionlarında gündəlik 60-70 ton kağız tullantıları tədarük etmək imkanına malik olan 30 məntəqənin yaradılması nəzərdə tutulur. Layihənin reallaşdırılması bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır. Belə ki, bu sahədə 1000 nəfərin işlə təmin edilməsi mümkün olacaqdır. “Azərsun Holdinq” MMC-nin Xırdalanda da karton fabriki vardır. 

Sonra Prezident İlham Əliyev müəssisə haqqında ümumi məlumatı, kağız tədarükü məntəqələrini, kağızın təkrar emalı layihələrini əks etdirən stendlərə, eləcə də kombinatın və Xırdalandakı karton fabrikinin hazır məhsullarına baxdı. 

Fabrikin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq” MMC-nin müəssisələrində olduqları zaman çəkilmiş fotoları nümayiş etdirilir. 
Dövlətimizin başçısı müəssisəni işə saldı.

Prezident İlham Əliyevə fabrikin fəaliyyəti və istehsal prosesi barədə məlumat verildi. 
Müasir texnologiyalarla təchiz edilən fabrik dövlətin ayırdığı güzəştli kredit və “Azərsun Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunmuşdur. Xam yağ qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə, duru yağ qablaşdırma, şokolad istehsalı, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisədə 5 istehsal xətti quraşdırılmışdır. İstehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir. Müəssisənin xammal bazası əsasən İspaniya, Portuqaliya, Ukrayna, Argentina və Braziliyadan idxal olunan xam bitki yağları hesabına formalaşır. 

Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılmışdır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi meхanizmə uyğun olaraq fiziki, kimyəvi və fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulmuşdur. İxracın davamlılığını təmin etmək məqsədilə ABŞ, Qırğızıstan və Özbəkistanda marketinq tədqiqatları aparılacaqdır. Fabrikdə 250 yeni iş yeri yaradılmışdır. Gələcəkdə iş yerlərinin sayının 700-ə çatdırılması nəzərdə tutulur.

Bu müəssisənin işə düşməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.

Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.
Prezident İlham Əliyev görüşdə çıxış etdi. 

Müəssisənin əməkdaşları Şərbət Mirzəyev və Fəxrəddin Kərimbəyli dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar. 

Sonda xatirə şəkli çəkdirildi.

Kağız və karton istehsalat kombinatı ilə tanışlıqdan sonra,  Prezident İlham Əliyev mis emalı zavodunun açılışında iştirak etdi. 

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Sumqayıtda istifadəyə verilən mis emalı zavodu da bu istiqamətdə görülən kompleks işlərin tərkib hissəsidir. 

Təsadüfi deyil ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır. Diqqət çəkən ən vacib amillərdən biri də bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiyanın yatırılmasıdır. Hazırkı mərhələdə isə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bundan əlavə, mövcud təbii və iqtisadi ehtiyatların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da diqqətdən kənarda qalmır. Bu sırada Sumqayıt mis emalı zavodu da əhəmiyyəti ilə fərqlənir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkə üzrə 20 minədək sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 1 milyard 200 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr hesabına 116 mindən çox yeni iş yeri yaradılmışdır. Sumqayıt şəhəri üzrə isə 318 investisiya layihəsinin maliyyələşdirilməsinə 89,8 milyon manat güzəştli kredit ayrılmışdır. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 6 minə yaxın yeni iş yeri yaradılmışdır. Sumqayıtda müasir texnologiyaların tətbiqinə əsaslanan kağız və karton istehsalat kombinatı, bitki yağları fabriki və mis emalı zavoduna ümumilikdə 25 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir.

Dövlət başçısı mis emalı zavodunun fəaliyyətindən bəhs edən filmə baxdı.

Bildirildi ki, zavodda emal prosesi dünya standartlarına uyğun həyata keçiriləcəkdir. Burada mis katod lövhələrin elektroliz üsulu ilə, həm də hazır mis məmulatlarının ekoloji cəhətdən təmiz istehsalı təşkil olunacaqdır. Ümumi dəyəri 10 milyon manatdan çox olan zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit ayrılmışdır. Zavod elektroliz, mis qəbulu, ərinti və dik töküm sahələrindən ibarətdir.

Prezident İlham Əliyev zavodu işə saldı.

Qeyd olundu ki, müəssisə dünyada bu sahədə tanınan şirkətlərin müasir avadanlığı və texnologiyaları əsasında qurulmuşdur. Emal prosesi dörd mərhələdə həyata keçirilir. Daxili bazarın tullantı imkanlarını nəzərə alaraq ay ərzində orta hesabla 500 tona qədər tullantı qəbul edilir. İkinci mərhələdə ay ərzində 450 ton anod xammalı əldə olunur. Prosesə laboratoriyada ciddi nəzarət edilir. Nəticədə yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Bu lövhələrin mis tərkibi ən yüksək göstərici olan 99,99 faizə malikdir. İstehsal edilən məhsulun əsas sifarişçisi Sumqayıt Texnologiyalar Parkında yerləşən müəssisə və zavodlardır. Bu məhsuldan həmin müəssisələrdə yarımfabrikat kimi istifadə olunaraq müxtəlif ölçülü mis naqillərin və digər mis məmulatların istehsalı həyata keçirilir. 

Prezident İlham Əliyev mis emalı sahəsi ilə tanış oldu.

Dövlətimizin başçısına istehsal prosesi barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, burada istehsal prosesi tamamilə avtomatlaşdırılmışdır ki, bu da hazır məhsulun keyfiyyətini təmin edir. Bu texnologiyanın üstünlüyü ondadır ki, misin tərkibində oksigenin faizi minimum səviyyəyə gətirilir və nəticədə yüksək keyfiyyətə malik naqillər istehsal edilir. Bu üsulla hazırlanan mis naqillərin ötürücülük qabiliyyəti digər naqillərdən qat-qat yüksəkdir. 

Qeyd edildi ki, bu məhsullara həm daxili, həm də dünya bazarında böyük tələbat vardır. Zavodda istehsal edilən 8 millimetrlik mis naqillərin əsas sifarişçisi hazırda yerli şirkətlərdir. Layihənin icrası nəticəsində 70 yeni iş yeri də yaradılmışdır.

Müəssisənin əhəmiyyətindən danışarkən qeyd edildi ki, müasir texnologiyalar və avadanlıq əsasında yaradılan zavod mis məmulatların idxalını aradan qaldıracaq, bu sahədə tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcəkdir. Digər tərəfdən xammal kimi tullantılardan istifadə edilməsi baxımından müəssisə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə töhfə verəcəkdir. Ən əsası isə zavodun imkanlarının genişləndirilməsi, qəbul məntəqələrinin açılması hesabına yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addım atılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Sumqayıtda səfər çərçivəsində həmçinin Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, 2011-ci ildən başlayaraq davam etdirilən işlər nəticəsində parkın 100 hektardan çox olan ərazisində əhalinin istirahətinin təmin olunması məqsədilə geniş tikinti işləri aparılmışdır. 

Dövlətimizin başçısına Bakı-Quba avtomagistralından şəhərin Koroğlu küçəsinədək yolun genişləndirilməsi planı ilə bağlı məlumat verildi. Bundan əlavə, Sumqayıtda inşa ediləcək “Yaşıl teatr”ın layihəsi təqdim olundu. Bildirildi ki, şəhərdə həyata keçiriləcək abadlıq və yenidənqurma işləri sırasında Nəsimi parkında sahilboyu yolun çəkilməsi də planlaşdırılır. 
Prezident İlham Əliyev 20 Yanvar və Xocalı faciələrinə həsr olunan abidlərin layihəsinə də baxdı.

İndiyədək Nəsimi adına mədəniyyət və istirahət parkında bir çox iaşə obyektləri tikilmişdir və bu proses davam etdirilir. Xatırladaq ki, 1967-ci ildə yaradılan bu mədəniyyət və istirahət parkında o vaxtlar nadir ağac növləri əkilmiş və bu ənənə hazırda aparılan yenidənqurma işləri çərçivəsində qorunub saxlanır. 1978-ci ildən isə park dahi Azərbaycan şairi Nəsiminin adını daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə bu mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri