14 
Noy
2017
16:21
86
53
1059
Virtual karabakh

Elmar Məmmədyarov Çin Kommunist Partiyasının nümayəndə heyətini qəbul edib

14 Noy, 2017
16:21
1059

Elmar Məmmədyarov Çin Kommunist Partiyasının nümayəndə heyətini qəbul edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Kommunist Partiyasının nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri Li Jun 2017-ci ilin Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulması və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 25 illiyi ilə əlamətdar olduğunu bildirib. O, keçən 25 il ərzində Azərbaycanın nəzərəçarpacaq dərəcədə inkişafının məmnunluq doğurduğunu və təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb. Qonaq Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiklərini və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduqlarını söyləyib.

L. Jun Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çinin tərəfindən dəstəkləndiyini bəyan edib. O, “Bir kəmər-bir yol” təşəbbüsünə dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu çərçivədə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıran qonaq Xüsusi İşçi Qrupu qismində Kommunist Partiyasının nümayəndə heyətinin Azərbaycana səfərinin bu qəbildən olan ilk xarici səfər kimi münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümidvar olduğunu əlavə edib.

Qonaqları salamlayan E. Məmmədyarov 18-24 oktyabr 2017-ci il tarixində Kommunist Partiyasının Milli Konqresinin uğurla keçirilməsi münasibətilə öz təbrik və xoş arzularını çatdırıb. Çoxtərəfli müstəvidə Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən E. Məmmədyarov BMT çərçivəsində əməkdaşlığı xüsusilə fərqləndirib. O, Ermənistan-Azərbaycan münaqişəsinə dair Çinin də üzvü olduğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu söyləyib. Güc tətbiqi ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu diqqətə çatdıran E. Məmmədyarov ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin Azərbaycan və Çin arasında imzalanmış bütün siyasi sənədlərdə öz əksini tapdığını xatırladıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 30 oktyabr 2017-ci il tarixində fəaliyyətə başladığını diqqətə çatdıran nazir Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və Çinin təşəbbüskarı olduğu “Bir kəmər - bir yol” layihəsi çərçivəsində bu əsasda əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Görüşdə humanitar, təhsil və turizm sahəsində münasibətlərin gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri