20 
Noy
2017
14:35
31
205
2127
Virtual karabakh

Bakıda Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü baş tutub - YENİLƏNİB

20 Noy, 2017
14:35
2127

Bakıda Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü baş tutub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirildi və iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin inkişafında 3 iyul 2008-ci il tarixli “Dostluq və strateji əməkdaşlıq haqqında Bakı Bəyannaməsi”nin siyasi əhəmiyyəti qeyd edilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti  Vladimir Putin arasında olan səmimi dostluğun və dialoqun ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.

Nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına nəzər saldılar və perspektiv inkişaf istiqamətlərini müzakirə ediblər.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər və danışıqlarda canlanma və intensivliyin yaranmasını təqdir ediblər.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığı qeyd ediblər.

Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın, XİN-lərarası siyasi məshələtləşmə mexanizminin əhəmiyyəti vurğulanıb.

Görüşdə 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin müddəaları əsasında, birbaşa parlamentlərarası əlaqələrin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın davamlı xarakter daşımasından məmnunluq bildirilib.

İki ölkə arasında ticarət dövriyyəsinin həcminin və ticarət əlaqələrinin genişlənməsində 2011-ci ildən keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmli rolu qeyd olunub. İki ölkənin birgə səyləri nəticəsində iqtisadi-ticarət əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin, qarşılıqlı turist axınının artması xüsusi olaraq qeyd olunub.

Azərbaycan-Rusiya-İran formatında üçtərəfli əsasda əməkdaşlığın inkişaf etməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində olan birgə tədbirlər yüksək qiymətləndirilib.

Humanitar sahədə ikitərəfli əməkdaşlıq proqramları əsasında mədəniyyət və ictimaiyyət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın gələcəkdə genişləndirilməsi və təkmilləşdirilməsi yönündə müzakirələr aparılıb və iki ölkənin himayəsi ilə keçirilən Bakı Humanitar Forumunun vacibliyi qeyd olunub.

Görüşdə Xəzər dənizinin hüquqi statusu, müqavilə-hüquq bazasının geniıləndirilməsi, eyni zamanda, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

***

12:27

Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla görüşü keçirilir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, görüş təkbətək və geniş formatda olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq, regional məsələlər və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Sonra tərəflər birgə mətbuat konfransı keçirəcəklər.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri