29 
Mar
2018
17:29
45
113
1909
Virtual karabakh

Politoloq: Bakı və Tehran strateji partnyor olmağa “məhkumdur”

29 Mar, 2018
17:29
1909

Politoloq: Bakı və Tehran strateji partnyor olmağa “məhkumdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə İran prezidenti Həsən Ruhani Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində hər iki tərəfin münasibətlərinin inkişafına təkan verəcək bir sıra mühüm sənədlər imzalanıb.

Qeyd etmək lazımdır ki, Həsən Ruhaninin İranda hakimiyyətinə gəlməsi ilə bu ölkə və Azərbaycan arasındakı münasibətlər yeni səviyyəyə keçib.

İran və Azərbaycan münasibətlərinin necə inkişaf etməsi, o cümlədən Qərblə İran arasındakı qarşıdurmanın bu münasibətlərə necə təsir edəcəyi haqda İran üzrə ekspert, politoloq İqor Pankratenko Oxu.Az-a danışıb:

– İran-Azərbaycan münasibətini hazırkı mərhələdə necə qiymətləndirirsiniz?

– Zənnimcə, burada əsas olan Tehranda rəsmi Bakıya qarşı hiss olunacaq dərəcədə baş vermiş strateji meyildir. Fikrimcə, bu, Tehran üçün çox da asan qərar deyildi. Amma reallıq budur ki, Ermənistan və Azərbaycan arasındakı “bərabərsizlik” prinsipinə bundan sonra da riayət etməyi, eyni vaxtda iki stulda oturmağı – gəlin, hər şeyi öz adı ilə çağıraq – ölkə rəhbərliyi perspektivli hesab etmir.

Azərbaycanın iqtisadi, hərbi və xarici siyasət potensialının ahəngi, onun bu gün Cənub Qafqaz regionunda, sözsüz ki, əsas yerli oyunçu olduğu faktı ilə bağlı vəziyyəti Tehranda qiymətləndiriblər.

Bununla əlaqədar, o, bir qədər başqa – belə desək, özünə qarşı daha ciddi və ölçülmüş münasibət tələb edir. Bu isə öz növbəsində, Azərbaycan-İran münasibətlərindəki mənzərənin dəyişilməsinə gətirib-çıxaracaq.

Qeyd etmək istəyirəm ki, göstərilən dəyişiklik heç də dostluq, inam və digər xoş münasibətlərin təzahürü deyil. Bakı və Tehran tarix, iqtisadiyyat və coğrafiya ilə strateji partnyor olmağa “məhkumdur”. Lakin bu, heç bir şəkildə nə yeni mübahisəli məsələlərin, nə də artıq mövcud olan ziddiyyətlərin davamını istisna etmir.

Bundan başqa, İran-Azərbaycan strateji yaxınlaşmasında Bakı və Tehran arasındakı mübahisələrdə közərən kömürə benzin tökməyə hazır olan o qədər düşmən var ki, buna görə də bu meyillilik davamlı siyasətə çevrilənə qədər çox zaman keçəcək və bir çox dramatik hadisələr baş verəcək.

Lakin onu da nəzərə almaq lazımdır ki, Bakıya gözəçarpan meyillilik olsa da, Qafqaz istiqaməti bir sıra səbəblərdən Tehran üçün o qədər də vacib deyil.

Onun indi sadəcə olaraq, Azərbaycan-İraq dialoquna “investisiya” edəcək ciddi iqtisadi və siyasi resursları yoxdur. Bu isə onun sürətli inkişafına təkan vermir.

Əgər buraya düşüncə inersiyasını, subyektiv amilləri, keçmiş ziddiyyətlərin yükünü və qarşılıqlı inamsızlığı əlavə etsək, onda Tehran və Bakının Qəbələ paxlavası ilə çay içərək səmimi söhbət etməsinə gedən yol hələ də uzun və nahamardır. Amma bu yolla getmək lazımdır.

– Azərbaycan və İran bir sıra birgə layihələr inkişaf etdirirlər. Bu layihələr nə qədər uğurlu və işləkdir? 

– Ola bilsin ki, mən kifayət qədər inqilabi fikir deyəcəyəm, lakin mənim yalnız Bakının, Tehranın və Moskvanın ayrı-ayrı mütəxəssislərinin haqqında danışmağı xoşladıqları, bir nəhəng layihəyə – məşhur “Şimal-Cənub koridoruna” skeptik münasibətim var.

Xeyr, koridor özlüyündə real və həyata keçən layihədir. Lakin həqiqətdə ona verildiyi qədər qlobal məna daşımır.

Yerdə qalan İran-Azərbaycan layihələri, ilk növbədə neft sektorunda deyil, lakin energetikadan əczaçılığa qədər onların gələcək inkişaf üçün çox yaxşı perspektivləri var.Təəssüf ki, hər bir ciddi layihənin iqtisadiyyatı həmin an həyata keçmir, müsbət effekt hərdən illərlə yığılır. Bir sözlə, burada ancaq səbr etmək lazımdır.

Qarşılıqlı mal mübadiləsi haqda da danışmaya bilmərəm. Burada rəqəmlər, həqiqətən də, darıxdırıcıdır. 400 milyon dollar, onun 75%-dən 80%-nə kimi olan hissəsini İranın ixracı təşkil edir və bu mövcud potensialın reallaşa bilməməsinin mənzərəsidir. Burada hər iki ölkənin məmurlarıının və biznesmenlərinin işləməyə səbəbi çoxdur.

– Qərb və İran qarşıdurması şəraitində Azərbaycanın bu ölkə ilə dostluq etməsi nə qədər düzgündür?

– Bilirsiniz, “dostluq” insanlar arasında olan münasibətdir, dövlətlər arasında yox. Burada başqa mexanizmlər işləyir. Onlardan ən əsasları tərəflərin öz milli maraqlarının reallaşdırılması qayğısı olanda praqmatizm və sağlam eqoizmdir. Bütün qalanlar isə ya təbliğat “fantikləri” (konfet kağızı), ya da hakim siyasi elitanın bacarıqsızlığıdır.

Baxın, 2013-2015-ci illərdə Tehrana qarşı Moskva və Pekin eyni mövqedə olublar. BMT-nin tətbiq etdiyi beynəlxalq sanksiyalar və İranla münasibətlərə görə müxtəlif sahələrdə məhdidiyyətlər tətbiq edilirdi. Bütün bunlar ABŞ-ın nəzarəti altına idi.

Həm Moskvada, həm də Pekində mövcud vəziyyətə ciddi yanaşırdılar və öz xarici iqtisadi fəaliyyətində sanksiyaları nəzərə alırdılar. Lakin!

Son nəticədə indi Moskva və Tehran arasında ticarət dövriyyəsi bir milyard dollara çatır və perspektivdə daha 500 milyon dollar artacağı gözlənilir. İranın Çinlə əmtəə dövriyyəsi isə artıq 37 milyard dollar təşkil edir, hər il 15-20% artım tempi ilə.

Bundan əlavə, Çinin valyutası yuan iki ölkə arasında iqtisadi əlaqələrdə hesab vahidi kimi istifadə olunur. Necə deyərlər, fərqi hiss edin.

Daha bir neçə maraqlı fakt gətirmək olar, lakin, necə deyərlər, “ağıllıya bir işarə kifayətdir”. Ağıllı və balanslaşdırılmış yanaşmada İranın üçüncü tərəflə qarşıdurması fayda qazanmaq üçün bir fürsətdir. Bundan sonra isə hər kəs sərbəstdir.

R.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri