Sen
2018
15:03
142
50
2122
Virtual karabakh

Akademik: Türk dövlətlərinin vahid universitetinə ehtiyac var

3 Sen, 2018
15:03
2122

Akademik: Türk dövlətlərinin vahid universitetinə ehtiyac var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarix, reallıqlar, ətrafımızda və dünyamızda yaşanan hadisələr, bir-birini sürətlə əvəzləməkdə olan proseslər türk dövlətlərinin əməkdaşlıq, strateji müttəfiqlik münasibətlərinin zəruriliyini diktə edir. Bu, qaçılmaz və qarşısıalınmaz bir prosesdir. Heç kim, heç bir qüvvə bunun qarşısını ala bilməz.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfərinə, onun Çolpon-Ata şəhərinin Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakına toxunan Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, bu dövlətlər, bu xalqlar bir-birinə dil, din, köklə bağlıdırlar, eyni köklərdən qidalanıblar, rişələniblər:

“Onlar bir-birinə qırılmayacaq sıx tellərlərlə bağlıdırlar. Odur ki, türk dövllətlərinin bütün sahələrdə, bütün məsələlərdə birliyi, inteqrasiyası vacibdir və lazımlıdır. Çox sevindiri haldır ki, türk dövlətlərinin birliyi yolunda ötən illər ərzində böyük addımlar atılıb, çox böyük məsafələr qət olunub.

Bu sırada TÜRKSOY-un, TÜRKPA-nın və nəhayət, TDƏŞ-in fəaliyyətini xüsusi qeyd etmək olar. Bunlar çox önəmli formatlardır. Bu sıraya gələcəkdə yenilərinin də əlavə edilməsi gözləniləndir və mütləqdir”.

Komitə sədri qeyd edib ki, TDƏŞ fəaliyyətinin əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. 

“Xatırladım ki, təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Həmçinin, TDƏŞ 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.

Belə ki, 2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlayıb. 

Türk Şurası təsis edildikdən sonra isə zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla, beş zirvə görüşü keçirilib.

Bu gün isə qardaş Qırğız Respublikası VI Sammitə ev sahibliyi etdi. Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğızıstan prezidentinə minnətdarlığını bildirərək deyib ki, sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir".

Z.Səmədzadə son sammitin məntiqi davamı kimi türk dövlətləri arasında növbəti bir sıra vacib addımların atılacağına ümid etdiyini bildirib:

“Çox məsələlər, çox təkliflər, çox ideyalar var. Amma mən elm adamıyam, aliməm və bu baxımdan səslənən təkliflərdən mənə daha yaxın olanı üzərində daynmaq istəyirəm.

Təkliflərdən, ideyalardan biri odur ki, türk dövlətləri arasında vahid ali məktəb - universitet təşkil edilsin. Hesab edirəm ki, çox vacib və əhəmiyyətli bir məsələdir. Türk xalqlarının, türk dövlətlərinin vahid ali məktəbinə, universitetinə ehtiyac var.

Hesab edirəm ki, mərkəz kimi qardaş Türkiyə ilə Orta Asiya türk cümhuriyyətləri arasında kəsişmə nöqtəsi kimi Azərbaycan, Bakı şəhəri seçilə bilər. Yəni, türk dövlətlərinin vahid universiteti Bakıda təşkil edilməsi mümkündür. Bu, başqa türk cümhuriyyətlərindən birində də ola bilər.

Yer, məkan məsələsi ikinci dərəcəli məsələdir. Amma bütövlükdə, belə bir universitetə ehtiyac var və bu məsələ gələcəkdə öz həllini tapa bilər. Mən buna çox ümidliyəm”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri