24 
Okt
2018
09:41
131
25
2728
Virtual karabakh

Fransa Qarabağ münaqişəsi ilə bağlı səmimiliyini sübut etməlidir - ŞƏRH

24 Okt, 2018
09:41
2728

Fransa Qarabağ münaqişəsi ilə bağlı səmimiliyini sübut etməlidir - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, ona rəsmi etiraz notası təqdim edilib.

Səbəb isə bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlər olub.

Odur ki, xanım səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilməsi, Fransa hökumətinin bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərinin qarşısının alınması üçün effektiv tədbirlər görməsi istənilib və sonda qarşı tərəfə XİN-in rəsmi notası təqdim olunub.

Qeyd edək ki, Fransa həm də Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir və bu baxımdan, bu ölkənin nümayəndələrinin, rəsmi şəxslərinin Azərbaycanın rəsmi icazəsi olmadan işğal olunmuş ərazilərə qanunsuz səfərləri, bunların mütəmadi hal alması Azərbaycan cəmiyyətində, siyasət cəbhəsində haqlı etirazlara və hiddətə səbəb olub.

Azərbaycanın millət vəkilləri Fransa nümayəndələrinin bu addımlarına kəskin etirazlarını bildirib, onların bu yöndəki addımlarını pisləyiblər.

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Oxu.Az-a açıqlamasında bildirib ki, Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir:

“Öncə qeyd edim ki, Azərbaycan-Fransa münasibətləri həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Lakin təəssüf ki, son vaxtlar Fransanın bir neçə bələdiyyə rəhbəri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də, Azərbaycanın qanunları kobud şəkildə pozulub.

Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi bir qrup fəaliyyət göstərir. Qondarma “Dağlıq Qarabağ rejimi” ilə dostluq qrupu bu istiqamətdə “böyük xidmətlər” göstərir.

Xüsusilə Fransa parlamentinin sabiq üzvü Fransua Roşebluan erməni lobbisi tərəfindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki ruporuna çevrilən bir şəxsdir. O, açıq şəkildə sifarişli, Azərbaycan-Fransa münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur və ətrafına bir qrup insan toplaşıb.

Fransa bələdiyyə başçılarının bu səfərləri işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribatdır. Bunu başqa cür qiymətləndirmək mümkün deyil”.

S.Seyidovun sözlərinə görə, Fransa bələdiyyə başçılarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ölkələrimiz arasındakı münasibətlərin ruhuna ziddir:

“Burada ən xoşagəlməz məqam ondan ibarətdir ki, bu bələdiyyə başçıları işğal olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına gedərək həmin ərazilərin qondarma rəhbərləri ilə “bəyannamələr”, “bəyanatlar” imzalayırlar.

Belə sənədlərin imzalanması o deməkdir ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir, faktiki etnik təmizləmələri dəstəkləyirlər. Bu, özlüyündə bir cinayətdir.

Onu xüsusi qeyd etmək lazımdır ki, həmin yerli özünüidarəetmə orqanları Fransa və Azərbaycan arasında imzalanmış sazişlərə, sənədlərə zidd olaraq hərəkət edir, eyni zamanda, Fransanın özünün milli qanunvericiliyinə zidd və tam qanunsuz addımlar atırlar.

Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən bir neçə ay bundan əvvəl - 2018-ci il mayın 24-də “Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında imzalanmış təmimi təlimat bu qurumları, yəni bələdiyyələri Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələrin bağlanmasını, səfərlərin həyata keçirilməsini və birgə tədbirlərin təşkilini qəti qadağan edir.

Bu, Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış bir sənəddir. Yəni, bu sənədə əsasən, Fransada fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları ölkənin xarici siyasətinə zidd olan bəyanatlar, səfərlər və digər bu kimi addımlardan çəkinməlidirlər.

Fransa Konstitusiyasının 73-cü maddəsinə və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq, qəbul edilmiş təmimi təlimat bu kimi hərəkətləri qadağan edir. Ancaq təəssüflər olsun ki, biz Fransa qanunlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd hərəkətlərin şahidi oluruq.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi, təəssüflə deməliyəm ki, Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərinə dair bu sənədin müddəalarının dərhal yerinə yetirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Hesab edirəm ki, Fransa hökuməti bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidir”.

MM-in komitə sədri qeyd edib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, bu ölkənin yerli özünüidarəetmə orqanları rəhbərlərinin hərəkətləri Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəllər yaradır, Fransanın vasitəçilik missiyasına ciddi xələl gətirir:

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri, həm də BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması ilə bağlı bəyanatlarla çıxış etməlidir. Konkret mövqe ortaya qoymalı, bu istiqamətdə işlər aparmalıdır. Təəssüflər olsun, biz bunu görmürük. Mən istərdim, Fransa tərəfi və bizim həmkarlarımız, tərəfdaşlarımız başa düşsünlər ki, Azərbaycan sülh, inkişaf istəyir.

Biz Fransa-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə inkişafını arzulayırıq. Ancaq beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələr, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in sənədləri əsasında, ərazi bütövlüyümüz çərçivəsində, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimə dəstəyin verilməməsi istiqamətində aparılan işləri, bələdiyyələrin, parlamentin, hökumətin hiss olunan mövqeyini görmək istəyirik”.

Millət vəkili Eldəniz Səlimov XİN-nin addımını təqdirəlayiq hesab edərək bildirib ki, Minsk qrupuna həmsədrlik edən ölkənin nümayəndələrinin bu cür cinayət xarakterli əməllərinə son qoyulmalıdır:

“Əgər Fransa Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində səmimidirsə, maraqlıdırsa, o zaman bunu sözdə deyil, əməldə sübut etməlidir. Amma çox təəssüflər olsun ki, biz bunu illərdir görmürük.

Əksinə, Fransanın bir çox hallarda işğalçıya və təcavüzkara açıq-aşkar dəstək verdiyini, himayədarlıq etdiyini görürük. Bunu onların rəsmi şəxslərinin açıqlamalarında, davranışlarında belə aydın şəkildə görmək mümkündür. Əfsuslar olsun ki, Fransa ermənipərəst bir ölkə imici qazanıb və bu imicindən vaz keçmək niyyətində olmadığını göstərir.

Əgər belə olmasaydı, o zaman öz nümayəndələrinin, rəsmi, məsul şəxslərinin Azərbaycan tərəfinin razılığı və icazəsi olmadan onun Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz  səfərlərinə, sazişlər, müqavilələr imzalamalarına, işbirliklərinə göz yummaz, bunu edənləri dərhal cəzalandırardı. Gəlin, görək, indiyəcən belə bir fakt yaşanıbmı ki, Fransa dövləti və rəhbərliyi qanunsuz səfərlər etmiş, bununla da cinayət işləmiş hansısa nümayəndəsinə cəza verib?

Xeyr, belə fakt tapmaq mümkün deyil. Çünki dediyim kimi, Fransa Ermənistanın ən böyük himayədarı və dəstəkçisidir. Amma bununla belə, Azərbaycan hər zaman səbirli, təmkinli siyasət yürüdərək, Fransa ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinə səylər göstərib, bu məsələyə öz konkret töhfələrini verib.

Elə bir müddət öncə ölkə prezidenti özünün növbəti səfərlərindən birini Fransaya edib, orada önəmli görüşlər, müzakirələr keçirib, bir sıra sazişlərə imza atıb. Yəni, bu, onu göstərir ki, Azərbaycan öz davranışlarında, öz addımlarında nə qədər realist, nə qədər praqmatik, nə qədər səmimi və dürüstdür. Amma bunun qarşılığında biz Fransadan bu dürüstlüyü və səmimiyyəti görmürük, əksinə, münasibətlərə kölgə salan addımların şahidi oluruq.

Ona görə, nəhayət, Fransa ən azı ATƏT-in Minsk qrupunun üzvü və həmsədri kimi öz məsuliyyətini dərk etməli, Azərbaycanla bağlı qanunsuzluğa yol vermiş vətəndaşlarını cəzalandırmalı, münasibətlərin korlanmasına yönəlik addımlardan geri çəkilməli və münaqişənin ədalətli həllinə öz müsbət töhfəsini verməlidir.

Bunu Fransadan gözləmək və tələb etmək bizim haqqımızdır. Həmsədr dövlət kimi Fransanın borcudur ki, Ermənistana layiq olduğu yeri göstərsin. Yoxsa, onun həmsədrliyinin heç bir əhəmiyyəti, dəyəri yoxdur”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri