29 
Okt
2018
20:38
727
214
21216
Virtual karabakh

İlham Əliyev Şəkidə - YENİLƏNİB + FOTO\VİDEO

29 Okt, 2018
20:38
21216

İlham Əliyev Şəkidə - YENİLƏNİB + FOTO\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına və birinci xanıma ətraflı məlumat veriblər.

Dövlət başçısı Şəki “ASAN Həyat” kompleksini işə salıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, bu kompleks Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında qeydiyyatda olan ümumilikdə 510 mindən çox vətəndaşa xidmət göstərəcək.

Şəki “ASAN Həyat” kompleksində də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin layihəsi olan “ASAN Peşə” mərkəzi yaradılıb.

Dövlət başçısı və birinci xanım “ASAN Peşə” mərkəzi ilə tanış olublar.

Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Mərkəzdə tədris tütünçülük, laboratoriya, bağçılıq, logistika-texnologiya, ipəkçilik və fındıq yetişdirilməsi istiqamətləri üzrə həyata keçiriləcək. Mərkəzdə “ABAD”ın sərgi salonu da fəaliyyət göstərəcək. Burada Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi də yaradılıb.

Prezident İlham Əliyev mərkəzdə innovativ yeniliklərlə tanış olub.

Bildirilib ki, “E-Gate” xidməti sərhəd-buraxılış məntəqələrində ölkəyə gələn və ölkəni tərk edən şəxslərin sərhəd keçidinin sürətləndirilməsi və prosesin avtomatlaşdırılmasını təmin edir. Vətəndaş xüsusi qurğuya yaxınlaşaraq pasportun məlumatlarını “E-Gate” cihazında oxudur. Sonra qurğu vasitəsilə vətəndaşın şəkli çəkilir, biometrik göstəriciləri - üz tanıma və barmaq izi tanıma texnologiyası vasitəsilə eyniləşdirilir. Məlumatlarda hər hansı problem aşkar edilməzsə, avadanlıq avtomatik olaraq şəxsin keçidinə imkan verir. Əks halda, sərhəd məntəqəsinin əməkdaşına bu barədə bildiriş gedir və məsul əməkdaş dərhal yaxınlaşaraq problemlə tanış olur. Bu cihaz vasitəsilə bir nəfərin sərhəd nəzarətində yoxlanılma prosesi bir neçə saniyə ərzində yekunlaşır.

Digər bir yenilik isə Elektron etibarnamə sistemidir. Bu, vətəndaşlara məxsus daşınar və daşınmaz əmlaka, malik olduğu xidmətlərə dair hüquqların başqasına ötürülməsinə dair etibarnamələrin elektron mühitdə, elektron və mobil imza texnologiyalarından istifadə etməklə tamamilə avtomatlaşdırılmış platformada təqdim edildiyi bir sistemdir.

Dövlət başçısına “ASAN Viza” sistemində yeniliklərin təqdimatı da olub. Təqdimat “ASAN Viza” sisteminin hava limanlarında tətbiqi ilə bağlı məlumatı özündə əks etdirir. Eyni zamanda, “ASAN Viza” sığortası sistemi ilə bağlı məlumat mövcuddur ki, burada da Azərbaycana gəlmək üçün müraciət edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin vizadan imtina edilməsi halında ödədiyi rüsumun sığorta şirkəti tərəfindən kompensasiyasını nəzərdə tutur. Bu sistem, eyni zamanda, xarici ölkədə olarkən baş verə biləcək hər hansı maddi itki və vətəndaşın səhhətində yaranan problemin aradan qaldırılmasını və xərclərin sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək.

Yeni layihələrdən biri də “E-Qəza” sistemidir. Xüsusi avadanlıq və proqram təminatından ibarət olmaqla avtomobillərdə yerləşdirilən bu sistem qəza zamanı sürücü və qəzanın yeri barədə məlumatların avtomatlaşmış “E-Qəza” mərkəzinə ötürülməsini və lazımi təxirəsalınmaz xidmət əməkdaşlarının qəza yerinə göndərilməsini təmin edir. Sistem vasitəsilə sürücü ilə əks əlaqə yaratmaq və daha ətraflı məlumat əldə etmək imkanı da yaradılacaq.

“ASAN İnkişaf yolu” isə 2013-2018-ci illər ərzində “ASAN xidmət” mərkəzlərinin keçdiyi inkişaf yolu, həyata keçirilən layihələr və statistik nəticələri özündə ehtiva edir. Eyni zamanda, ASAN-ın beynəlxalq uğurları və qazandığı mükafatlar da təqdimatda əhatə olunub.

Şəki “ASAN Həyat” kompleksində “CoWorking” mərkəzi də fəaliyyət göstərəcək. Mərkəz yeni başlayan bizneslərə -startaplara inkubasiya dövrü üçün nəzərdə tutulan ümumi iş yeridir. Bu modeldən frilanserlər və tək işləyənlər də istifadə edirlər. Ümumilikdə model dayanıqlıdır və iş yerlərini icarəyə verməklə dayanıqlılıq təmin edilir.

“ASAN Həyat” kompleksi üçün ayrılan 2,4 hektar ərazidə uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, yay kafesi və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı yaradılıb.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin əməkdaşları ilə görüşüblər.

Dövlət başçısı görüşdə çıxış edib:

“Sizi Şəki “ASAN Həyat” Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Mən çox şadam ki, Şəki şəhərində belə gözəl Kompleks yaradılıb və işə başlayıbdır. Burada Şəki gəncləri üçün iş yerləri yaradılıbdır. Sizə 190 iş yeri təqdim edilir. Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti gənclərdir, o cümlədən qızlardır. Eyni zamanda, mənə verilən məlumata görə, Kompleksdə 50 könüllü fəaliyyət göstərəcək. Beləliklə, vətəndaşlara 240 nəfər ən yüksək səviyyəli xidmət göstərəcək. Çünki “ASAN Həyat” kompleksləri, “ASAN xidmət” mərkəzləri, ümumiyyətlə, dünya miqyasında ən yüksək ictimai xidmət göstərən qurumlardan biridir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl BMT ictimai xidmətlər üzrə “ASAN xidmət”ə xüsusi mükafat təqdim etmişdir. Bildiyiniz kimi, bu təcrübə bir neçə ölkədə öyrənilir və “ASAN xidmət” üzrə bir neçə ölkə ilə müvafiq sənədlər imzalanıb. Bu, onu göstərir ki, bu xidmət indi dünya miqyasında böyük maraq doğurur. Bu, bizi çox sevindirir, çünki bu, bizim intellektual məhsulumuzdur. Mən dəfələrlə demişəm ki, “ASAN” Azərbaycanın milli brendidir. Biz öz intellektual məhsulumuzu vətəndaşlara təqdim edirik, eyni zamanda, dünyaya göstəririk ki, Azərbaycan bu sahədə də liderdir.

“ASAN xidmət” mərkəzlərinin yaradılması ölkəmizdə ictimai xidmətlər sahəsində bir inqilab idi. Çünki biz hamımız yaxşı bilirik ki, bu sahə ən çox narazılıq doğuran sahə idi. Bu gün Azərbaycanda fəaliyyət göstərən 15 mərkəzdə, - bu, 15-ci mərkəzdir, - ən yüksək xidmət göstərilir və bu mərkəzlərdə bürokratiya, rüşvətxorluq, korrupsiya, süründürməçilik sıfır səviyyəsindədir. Təsadüfi deyil ki, vətəndaşların “ASAN xidmət” fəaliyyətinə verdiyi qiymət də 100 faiz müsbətdir, bəyənmə əmsalı 100 faizə yaxındır.

Bu ay İmişli “ASAN Həyat” kompleksinin açılışında olarkən, onu işə salarkən lövhədə gördüm ki, 24 milyondan çox müraciət edilib. Ancaq bu gün Şəki kompleksini işə salarkən lövhədə gördüm ki, müraciətlərin sayı artıq 25 milyona yaxınlaşıb. Bu, onu göstərir ki, qısa müddət ərzində çox sayda müraciət olub və biz artıq 25 milyon rəqəminə yaxınıq. Güman edirəm ki, bir neçə gündən sonra biz bu rəqəmə də çatacağıq. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.

Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq.

“ASAN xidmət”də bizim gənclər siyasətimiz özünü göstərir, çünki “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Gənclər üçün iş yerləri yaradılır. Azərbaycanda könüllülər hərəkatı öz fəaliyyətinə “ASAN xidmət”də start vermişdir. Deyə bilərəm ki, “ASAN xidmət”ə qədər Azərbaycanda könüllülər hərəkatı demək olar mövcud deyildi. Bu sahədə ilk addımı məhz “ASAN xidmət” atmışdır və son illər ərzində ölkəmizdə keçirilmiş Avropa və İslam Oyunlarında minlərlə könüllü öz gözəl xidmətini göstərmişdir. Bu günə qədər bütün “ASAN xidmət” mərkəzlərində minlərlə könüllü təcrübə qazanıb, təlim keçib, vətəndaşlarla təmasda olub və artıq müstəqil həyata tam hazırdır. “ASAN xidmət” kadr hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır.

“ASAN” son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir. Mən dəfələrlə demişəm, o sahələr ki, bu gün vətəndaşlar tərəfindən bəyənilmir, narazılıq doğurur, o sahələrə “ASAN xidmət”in yanaşması mütləq gətirilməlidir. Təsadüfi deyil ki, mərkəzlərdə göstərilən xidmətlərin sayı da getdikcə artır. Bax, bu mərkəzdə 320 xidmət göstərilir. Biz birinci “ASAN xidmət” mərkəzlərində təqribən 100, ondan sonra 200 xidmətə çata bilmişik. İndi xidmətlərin sayı çoxalır və getdikcə çoxalacaq. “ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni - özünüməşğulluq sahəsini inkişaf etdirir, “ABAD” mərkəzləri fəaliyyət göstərir. O cümlədən bu gün Şəki şəhərində “ABAD” mərkəzinin açılışı olacaqdır. Ailə-fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün “ASAN” mərkəzlərinin xüsusi rolu var. Yəni, bu mərkəzlər demək olar ki, ölkə qarşısında duran vəzifələrin bir çoxunu əhatə edir və nümunə göstərir, yol göstərir, yanaşma göstərir. Təsadüfi deyil ki, vətəndaşlar bu mərkəzləri çox bəyənirlər. Şəki “ASAN Həyat” kompleksində 2 kinoteatr fəaliyyət göstərir. Mən maraqlandım ki, Şəki şəhərində kinoteatr var? Mənə dedilər ki, yoxdur. İndi iki kinoteatr olacaq. Gənclərin, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “ASAN” mərkəzləri xüsusi rol oynayır, nəinki Şəkidə, “ASAN xidmət”in mövcud olduğu bütün şəhərlərdə. Məhz buna görə mən qarşıya vəzifə qoymuşam ki, biz “ASAN xidmət” mərkəzlərinin sayını getdikcə artırmalıyıq. Bu mərkəz bir neçə rayonun - Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarının vətəndaşlarına xidmət göstərəcək. Gələcəkdə bu bölgədə yeni mərkəz yaradılacaq ki, vətəndaşlar üçün daha rahat olsun. Bir sözlə, biz “ASAN xidmət” mərkəzlərində öz uğurlu siyasətimizi görürük.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bütün bölgələrdə çox böyük quruculuq, abadlıq işləri aparılır, o cümlədən Şəki rayonunda. Şəki bizim qədim tarixi şəhərimizdir, nəinki Azərbaycanda, bütün bölgədə öz təbiəti, memarlığı, mətbəxi ilə fərqlənən şəhərdir. Şəkinin tarixi simasını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur, Azərbaycan dövlətinin borcudur və biz bunu edirik. Şəki öz qədim tarixi simasını saxlayaraq inkişaf edir, müasirləşir. Şəki rayonunda böyük infrastruktur layihələri icra edilir. Deyə bilərəm ki, son illər ərzində görülən işlər nəticəsində qazlaşdırma 82 faizə çatıbdır. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Şəkidə 87 meqavat gücündə elektrik stansiyası tikilmişdir. İndi biz Şəkinin içməli su layihəsinin icrası ilə məşğuluq. Mən göstəriş vermişəm ki, bu layihənin icrası daha da sürətlə getsin.

Bu gün biz kənd yolu layihəsinin açılışını qeyd etdik. Komplekslə üzbəüz Şəki Rayon Mərkəzi Xəstəxanası yerləşir. Mən o xəstəxananın açılışında şəxsən iştirak etmişəm. Olimpiya Kompleksi, 30-dan çox məktəb tikilib, təmir edilib və bir çox istirahət zonaları, otellər fəaliyyət göstərir. Şəki indi beynəlxalq turizm mərkəzinə çevrilir. Təbii ki, turistləri Şəkiyə cəlb edən bir çox amillər var – Şəkinin tarixi, memarlığı, mətbəxi, Şəki sənətkarlarının əl işləri və şəkililərin qonaqpərvərliyi. Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, biz çalışmalıyıq və çalışacağıq ki, Şəki rayonunu daha da sürətlə inkişaf etdirək, bu günə qədər öz həllini tapmamış bütün məsələləri həll edək.

Şəki-Balakən yolunun təmiri tam başa çatıb. Əvvəlki səfərlərdə mən Şəki-Qax avtomobil yolunun açılışını etmişəm. İndi Bakı-Şəki yolunun tam işə salınması istiqamətində böyük işlər gedir. Hər iki istiqamətdə - həm Yevlax, həm Şamaxı istiqamətində gedən yolların mütləq əksəriyyəti çox gözəl səviyyədədir. Yəni, gələcəkdə Şəkinin sürətli inkişafı üçün əlavə tədbirlər görüləcək. Bu səfər nəticəsində Şəki şəhərində 960 şagird yerlik yeni məktəbin, 48 mənzilli evin tikintisi ilə bağlı sərəncam imzalanacaqdır. Digər layihələr icra ediləcək. Şadam ki, Şəki şəhərində gözəl “ASAN Həyat” kompleksi fəaliyyət göstərir. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Vətəndaşlara yaxşı xidmət göstərin”.

13.57

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım uşaq evinin rəmzi açılışını bildirən lenti kəsiblər.

Son illər həyata keçirilən tədbirlər sırasında körpələrə və kimsəsiz uşaqlara göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölkəmizdə bu sahədə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanaraq həyata keçirilir. Bu vacib tədbirlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, bilikli, savadlı, geniş dünyagörüşünə malik gənc nəslin yetişdirilməsinə yönəldilib.

Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulub, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları və məktəblər tikilib.

Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğı Heydər Əliyev Fondunun da fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyənlərin gələcəyi, sağlamlıq imkanları məhdud və kimsəsiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlərin çox böyük əhəmiyyəti var.

Məlumat verildi ki, Şəki şəhər qarışıq tipli uşaq evinin Gənclər küçəsində yerləşən əvvəlki binası 1897-ci ildə şəkili tacir Hacı Zülqədər Zülfüqarov tərəfindən şəxsi yaşayış evi kimi inşa olunub və 1930-cu ilədək bu məqsədlə istifadə edilib. 1930-cu ildən həmin binada Şəki şəhər qarışıq tipli uşaq evi fəaliyyət göstərirdi. Uşaq evinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğundan və mövcud infrastruktur rahat məskunlaşmaya imkan vermədiyindən burada uşaqlara lazımi səviyyədə xidmət göstərmək mümkün deyildi.

2017-ci ildə Heydər Əliyev Fondunun nümayəndələri Şəki qarışıq tipli uşaq evinin binasının mövcud şəraiti ilə tanış olublar. Uşaq evində məskunlaşan uşaqların yaşayış şəraitinin, təlim-tərbiyə və asudə vaxtlarının təşkilinin yaxşılaşdırılması məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni binanın inşasına başlanılıb. Şəki şəhərində uşaq evinin binası üçün ayrılan bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli bina inşa edilib.

Binanın layihələndirilməsi zamanı uşaq evində məskunlaşacaq uşaqların təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili baxımından infrastrukturun qurulması əsas götürülüb. Eyni zamanda, tikinti prosesində Şəki şəhərinin memarlıq üslubunun qorunub saxlanılmasına diqqət yetirilib. Belə ki, binanın fasadı və hasar Şəki şəhərinin memarlıq üslubuna uyğun olaraq üzlük daşlarla üzlənib.

Bildirilib ki, uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb.

Binada oğlanlar və qızlar üçün ayrı bölmələrdə yerləşən, zəruri inventar və avadanlıqla təchiz edilən 2, 3 və 4 nəfərlik yataq otaqları, dayə otaqları, kitabxana, kompüter otaqları, musiqi otağı, emalatxana, idman zalı, həkim və tibb bacısı otaqları, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət otağı, mətbəx, yeməkxana və çamaşırxana var. Burada, eyni zamanda, məktəbəqədər yaş qrupları üçün 20 yerlik uşaq bağçası da fəaliyyət göstərir.

Şəki qarışıq tipli uşaq evinin də yeni binasının Heydər Əliyev Fondu tərəfindən müasir səviyyədə inşa olunması bir daha sübut edir ki, Fond bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr verir.

Bu layihənin icrası aydın şəkildə göstərir ki, humanizm, insani dəyərlərə hörmət, dinindən, dilindən, cinsindən, yaşından asılı olmayaraq hər kəsə diqqət göstərmək Heydər Əliyev Fondunun fəaliyyətində əsas prinsiplərdən biridir.

Uşaq evinin ərazisində açıq havada min kvadratmetr sahəsi olan idman meydançası qurulub. O cümlədən uşaqların açıq havada istirahətini təmin etmək məqsədilə kölgəliklər və kiçik yaşlı uşaqlar üçün oyun meydançası yaradılıb.

Ərazidə yaşıllıq zonası salınıb, müxtəlif meyvə ağacları və digər ağaclar əkilib. Binanın yerləşdiyi ətraf ərazi abadlaşdırılaraq asfalt və daş döşənib, işıqlandırma sistemi quraşdırılıb.

Binada inzibati-təsərrüfat tələblərini ödəyən zirzəmi inşa olunub, daimi su, istilik və soyutma sistemi, generator, stabilizator, eləcə də yanğınxəbərverici və videomüşahidə sistemləri qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.

13:46

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkiyə səfərləri çərçivəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzlə tanışlıq zamanı bildirilib ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu Şəki şəhərinin qədim tarixi hissəsində yerləşir.

Qoruğun UNESCO-nun mədəni irs siyahısına salınması yönündə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. “Xan sarayı” I, IV, V meyarlarla irs siyahısına salınıb.

Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin binası da qoruğun UNESCO-nun müvafiq siyahısına salınacaq ərazisində, Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. İkimərtəbəli binada işçilər və təlimlərə qoşulacaq şəxslər üçün istirahət otaqları da var.

Burada, həmçinin termik soba və təlim otaqları, xammal və hazır məhsul anbarları, etno-butik, ofis və xalçaçılıq otağı yerləşir.

Bir sözlə, mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb.

Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır.

Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşəcək. Gələcəkdə Mərkəzdə tanınmış əcnəbi sənətkarların iştirakı ilə beynəlxalq tədbirlər, həmçinin müasir avadanlıqlardan istifadə etməklə təlimlər təşkil olunacaq.

Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulur. Bütün bunlardan məqsəd yeni sənətkarların yetişdirilməsidir.

Bildirilib ki, Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində sənətkarların istehsal etdikləri məhsulların satışı da təşkil olunacaq. Ümumilikdə burada 40-dək vətəndaş daimi işlə təmin ediləcək.

10:37

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə Bayraq Muzeyinin açılışında iştirak ediblər.

Oxu.Az-ın məlumatına görə, dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Bu gün sözün əsl mənasında xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli, ay-ulduzlu bayrağımız bu gün masir Azərbaycanın müstəqillik rəmzinə çevrilib. Dövlətimiz və xalqımız üçün bu tarixi məsələdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Məhz Ulu Öndərin xidmətləri sayəsində üçrəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasında dövlət bayrağı kimi qəbul edilib. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır.

Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bölgələrimizdə, o cümlədən Şəkidə Bayrağı Muzeyinin yaradılması bunun bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.

Məlumat verildi ki, muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib.

Qeyd olundu ki, Bayraq Muzeyinin inşasına 2018-cı ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.

Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

Muzeyin eskponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə adi konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

Ölkəmizdə Bayraq muzeylərinin yaradılması Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən və hər bir vətəndaş üçün müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımıza olan hörmət və ehtiramın göstəricisidir.

Belə muzeylərə aid layihələrin bütün bölgələri əhatə etməsi isə yeniyetmə və gənclərimizə yüksək vətənpərvərlik duyğuları aşılamaqla, onlarda dövlət bayrağımıza sevgini daha da artırır.

10:34

Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.

Oxu.Az-ın məlumatına görə, dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Şəkidə orijinal layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzdə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünyanın görkəmli dahi şəxsiyyətlərindən olan Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük insanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində görülən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. 

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir həyatını əks etdirir.

Heydər Əliyev Mərkəzində görülən işlərlə tanışlıq zamanı məlumat verildi ki, burada Ümummilli Liderin yeni abidəsi ucaldılıb. Ulu Öndərə şəkililərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb. Yüksək səviyyədə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair tarixi sənədlərə də geniş yer verilib. Burada Ulu Öndərin uşaqlıq, gənclik və tələbəlik illərinə, həmçinin hakimiyyətdə olduğu dövrlərə aid müxtəlif fotolar maraqla qarşılanır. Bu fotolarda Heydər Əliyevin sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu illərdə bölgələrimizə, o cümlədən Şəkiyə səfərləri bunun bariz nümunəsidir. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri şəkililərin də xatirəsində dərin izlər buraxıb.

Sahəsi 3700 kvadratmetr olan Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün böyük akt zalı yaradılıb. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Şəkidəki Heydər Əliyev Mərkəzində də bu məqsədlə müvafiq şərait yaradılıb. Mərkəzdə kompüterlər və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan xarici dillərin tədrisi otağı, 20 və 60 yerlik iclas zalları, rəsm və foto studiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb.

Mərkəzdə, həmçinin Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.

Dövlətimizin başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verilib.

Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən inkişaf mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır. Bu cür mərkəzlər Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan və indi də uğurla davam etdirilən davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsinə real zəmin yaradır.

09:50

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gediblər. 

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlət başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri