31 
Okt
2018
20:07
140
27
4907
Virtual karabakh

Azərbaycanın Çin-Avropa nəqliyyat dəhlizinə marağının səbəbi açıqlandı

31 Okt, 2018
20:07
4907

Azərbaycanın Çin-Avropa nəqliyyat dəhlizinə marağının səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, mədəni və mənəvi faktorlar önəm kəsb edir. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan baş naziri Novruz Məmmədov MDB hökumət rəhbərləri Şurasının Astana görüşü ərəfəsində Qazaxıstanın ən tirajlı dövlət qəzeti olan “Egemen Qazaxıstan”a müsahibəsində deyib. 

O qeyd edib ki, Azərbaycanla Qazaxıstan həm də strateji tərəfdaşdır. N. Məmmədov bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 26 il ərzində münasibətlərimiz bütün sahələr üzrə inkişaf edib: 

“Xüsusən, Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə dəstəyini yüksək qiymətləndiririk”. 

N. Məmmədov bildirib ki, MDB hökumət rəhbərləri Şurasının Qazaxıstanda nəzərdə tutulan növbəti iclası üzv ölkələr arasında bir sıra məsələlərin, o cümlədən iqtisadi, maliyyə və humanitar məsələlərinin müzakirəsi baxımından Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, qardaş Qazaxıstana səfər, eyni zamanda, bu ölkə ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə öz töhfəsini verəcək.

Baş nazir onu da diqqətə çatdırıb ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Onun sözlərinə görə, hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimum faydalanmaqdır.

“2017-ci ilin 30 oktyabr tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artdığını görürük. İnanıram ki, ölkələrimiz arasında mövcud olan bu regional əməkdaşlıq modeli gələcəkdə daha da genişlənərək qlobal miqyasda öz töhfəsini verəcək”.

Müsahibədə Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlət başçılarının imzaladığı Konvensiyadan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası və digər təşkilatların fəaliyyətindən, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın prioritet istiqamətlərindən geniş bəhs edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri