Mar
2019
11:25
122
39
3674
Virtual karabakh

Paşinyan Azərbaycanla İranı küsdürə bilər? - Politoloqla müsahibə

1 Mar, 2019
11:25
3674

Paşinyan Azərbaycanla İranı küsdürə bilər? - Politoloqla müsahibə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, yaxın günlərdə Ermənistan baş naziri Nikol Paşinyanın İrana çoxdan gözlənilən səfəri baş tutub. Çoxdan gözlənilən ona görə ki, Paşinyan hələ baş nazir olmazdan əvvəl İrana səfər edəcəyini elan etmişdi. Hər halda, səfər baş tutdu və bu müəyyən dərəcədə İran-Azərbaycan münasibətlərinə də təsir edəcək.

Politoloq Elxan Şahinoğlu N.Paşinyanın İran səfəri və bunun Azərbaycan-İran münasibətlərinə təsiri barədə Oxu.Az-a verdiyi müsahibədə danışıb.

- Paşinyanın İrana səfərini necə qiymətləndirirsiniz?

- Ermənistan baş naziri uzun müddət İrana səfər etməyi planlaşdırırdı, o, bu ölkə ilə əlaqələrə üstünlük verirdi. Nəticələrə gəlincə, bu səfərin heç bir nəticəsi olmadı. İran prezidenti onların Ermənistana qaz sata biləcəyini, həm də Ermənistan vasitəsilə üçüncü ölkələrə sata biləcəyini  bildirdi. Ancaq onlar uzun illərdir ki, belə bəyanatları təkrarlayırlar. Reallıqda isə bu bəyanatlar heç bir şeylə möhkəmləndirilmir.

Regional əməkdaşlığa gəlincə, hesab edirəm ki, bu məsələdə hər hansı potensial yoxdur. Birincisi, Ermənistanın bunun üçün pulu yoxdur. İkincisi, İranın cari iqtisadi vəziyyəti onun hər hansı ölkəyə investisiya qoymasına imkan vermir.

Paşinyanın təkcə prezident Ruhani ilə yox, həm də ölkənin ali dini lideri Əli Xamenei ilə görüşdüyü faktını nəzərə alsaq, Paşinyanın İran səfərini siyasi-nöqteyi nəzərdən uğurlu saymaq olar.

Məlum olduğu kimi, o, dövlətin hər qonağı ilə görüşmür. Bu, Azərbaycan üçün bir bədxah ismarıcdır. Üstəlik, erməni icması ilə görüşündə qondarma “Dağlıq Qarabağ” rejiminin bayraqları dalğalanıb, Qarabağ barədə şüarlar səsləndirilib.

Əslində, İran hakimiyyəti bunun qarşısını almalı idi. Madam ki, bunun qarşısını almayıblar, deməli, İrandakı bəzi qüvvələr Azərbaycanın müstəqilliyini təhlükə sayır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olduqlarını bildirmələri qeyri-səmimidir.

- İranda hakimiyyətə Həsən Ruhaninin gəlişi ilə Azərbaycan və İran arasında münasibətlər yeni səviyyəyə çatıb. İki ölkənin prezidentləri dəfələrlə görüşüb, iqtisadi-ticari əlaqələr yaxşılaşdırılıb. Paşinyan bu münasibətlərə zərbə vura bilər?

- Ruhaninin azərbaycanyönümlü siyasət yürütdüyünü demək olmaz. Bəli, son illər iki ölkənin prezidentləri tez-tez görüşüb, İran generalları dəfələrlə Azərbaycana baş çəkib, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.

Bununla belə, Xocalı faciəsi günündə Paşinyanın qəbulu, həmçinin, onun erməni diasporu ilə görüşünə icazə verilməsi, üstəlik, bu görüşdə Azərbaycan əleyhinə şüarların səsləndirilməsini  heç cür azərbaycanyönümlü siyasət adlandırmaq olmaz.

Görünən odur ki, iranılar hazırda yenidən öz siyasətlərinə düzəliş edirlər. Onlar hər zaman Azərbaycanın ABŞ və İsraillə münasibətlərindən narahat olduqlarını bildirirlər, ancaq  rəsmi Bakı bu ölkələrlə münasibətlərində anti-İran siyasəti yürütmür. Ona görə hesab edirəm ki, bu gün İran-Azərbaycan münasibətlərində ciddi suallar ortaya çıxıb.

- İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu nədən ibarətdir?

- İranın Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rolu yoxdur. Onlar Paşinyanla heç bu mövzuda danışmayıblar. Onlar bizə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini and-aman edirlər, ancaq ermənilərə bunu demirlər. Onların danışıqlar prosesində iştirakı bizim maraqlara uyğun gəlmir, çünki onlar 1992-ci ildə vasitəçilik edəndə biz Şuşanı itirmişik.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri