Mar
2019
16:15
1142
319
46048
Virtual karabakh

İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü. Vacib məqamlar - VİDEO

2 Mar, 2019
16:15
46048

İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü. Vacib məqamlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 1-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb.

Azərbaycanda mədəniyyət sahəsində görülən işlər, mövcud vəziyyət və gələcək planların müzakirə olunduğu bu görüşdə dövlət başçısı ilə yanaşı, mədəniyyət xadimləri də çıxış ediblər.

Oxu.Az ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış bu görüşün əsas məqamlarını təqdim edir.

Xalq yazıçısı Anar, dahi Füzuli və Cəlil Məmmədquluzadə

Dövlət başçısından sonra tədbirdə ilk çıxış edən Xalq yazıçısı Anar Rzayev bu il Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının yubileyləri haqqında sərəncamların imzalandığını bildirib. O, xahişlə prezidentə müraciət edərək, Cəlil Məmmədquluzadənin yubileyi ilində onun məzarının səliqəyə salınması və Bakıda heykəlinin ucaldılmasını istəyib:

“Çünki Nizami Muzeyinin eyvanında bizim yazıçıların və şairlərin - Füzulinin, Mirzə Fətəlinin, Natəvanın, Cəfər Cabbarlının heykəlləri var, o cümlədən, Mirzə Cəlilin də. Amma bizim çox böyük yazıçımız Cəlil Məmmədquluzadənin Bakıda ayrıca heykəli yoxdur. Naxçıvanda heykəltəraş Mirqasımov Mirzə Cəlilin çox gözəl heykəlini düzəldib, onun bənzərini Bakıda da ucaltmaq olar”.

Xalq yazıçısı Azərbaycan ədəbiyyatının təbliği ilə bağlı məsələ qaldırıb:

“Ədəbiyyatımızın xaricdə təbliği ilə bağlı məsələ qaldırmaq istəyirəm. Bilirsiniz, ispanların Servantes Mərkəzi var, o, bütün dünyada ispan ədəbiyyatını təbliğ edir. Almanların Höte Mərkəzi var, o da bütün dünyada alman ədəbiyyatını təbliğ edir. Türklərin Yunus Əmrə Mərkəzi var, o da həmin işi görür.

Biz də belə bir Füzuli Mərkəzi yaratsaydıq, ən azı böyük şəhərlərdə - Moskvada, İstanbulda, Tehranda, Avropa şəhərlərinin birində həm klassik və müasir Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatı vasitəsilə xalqımızın tarixini, bugünkü gününü, siyasətini təbliğ edərdik”.

Dövlət başçısı cavab çıxışında Cəlil Məmmədquluzadə ilə bağlı təklifi dəstəkləyib:

“Abidələrlə bağlı olan təkliflərə də mütləq baxılacaq. Cəlil Məmmədquluzadənin abidəsi ilə bağlı təklifləri mən qəbul edirəm, dəstəkləyirəm”.

Xalq artisti Firəngiz Əlizadə və 90 yaşlı bəstəkar üçün xahiş

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə əvvəlcə bəstəkarlar və musiqişünaslara göstərilən qayğıya görə minnətdarlıq edib, onlara ayrılan təqaüd, fəxri adlar və evlərə görə dövlət başçısına minnətdarlıq edib. Bununla yanaşı, F.Əlizadə ehtiyaclardan da danışıb və 90 yaşlı həmkarı, bəstəkar Yaşar İmanov və gənc bəstəkarlar üçün Prezidentdən dəstək istəyib.

“Burada bir ad çəkmək istəyirəm, bağışlayın, bəlkə, yeri deyil, amma bizim 90 yaşında bir bəstəkarımız var, Yaşar İmanov, Abxaziyadan qaçqındır. Artıq ailəsində üç nəsil musiqiçilər böyüyüb. Onun evi yoxdur. O çox istərdi ki, 90 yaşında evi olsun. Mümkündürsə, bu məsələni həll edərdiniz. Biz çox minnətdar olarıq.

Təbii ki, gənc bəstəkarların da evə ehtiyacları var. Bu sahədə çox böyük işlər görülür. Amma bilirsiniz, gənc bəstəkarlar ailə qururlar və kirayədə qalmaq onlar üçün bir az çətin olur. Yeni tikilən o evlərdə bizə də imkan daxilində 5-6 mənzil versəniz, çox xoşbəxt olarıq”.

İlham Əliyev Bəstəkarlar İttifaqı tərəfindən qaldırılmış təklifləri qəbul edib:

“Yaşar İmanovun mənzil probleminin həlli ilə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş veriləcək. Əgər mən bunu əvvəldən bilsəydim, çoxdan bu məsələ həll olunardı. Siz bilirsiniz ki, son illər ərzində yüzlərlə görkəmli mədəniyyət xadimi dövlət tərəfindən mənzillərlə təmin olunub.

Deyə bilərəm ki, bu məsələ ilə bağlı mənə daxil olan müraciətlərin mütləq əksəriyyəti öz həllini tapıb və bundan sonra da biz bunu edəcəyik. Çünki mən hesab edirəm ki, dövlət bu məsuliyyəti öz üzərinə götürməlidir. Mən bilmirəm, başqa ölkələrdə bu məsələ necə həll olunur. Amma bildiyimə görə, Azərbaycan bu sahədə də liderlik nümunəsi göstərir.

Xalq qarşısında, dövlət qarşısında xidmətlər göstərmiş, xalqın sevgisini qazanmış mədəniyyət xadimləri dövlət tərəfindən mütləq dəstəklənməlidir. Bu görüşün məqsədlərindən biri də məhz ondan ibarətdir ki, mən sizdən təkliflər eşidim və bu təkliflər nəticəsində biz düzgün qərar qəbul edək”.

Zeynəb Xanlarova və Heydər Əliyevlə bağlı xatirələr

Tədbirdə çıxış edən Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova dövlət başçısından heç bir xahiş etməyərək, görülən işlərə görə ona öz minnətdarlığını bildirib:

“Nə qədər konsertlər vermişəm. Ancaq maşınların “kuza”larını birləşdirirdilər, üstünə xalçalar döşəyirdilər. Biz onun üstündə stadionlarda yorulmadan konsertlər verirdik. İndi, maşallah, hər bir rayonda elə böyük mədəniyyət sarayları yaradılıb ki, sanki Heydər Əliyev Mərkəzidir. Gözəl hotellər, mərkəzlər tikilib. Vallah, bunu görməmək korluqdur. Ancaq kor adamlar bunları görə bilməz”.

Xalq artisti Ümummilli lider Heydər Əliyevlə bağlı fikirlərini bölüşüb:

“Mən bunu dəfələrlə demişəm ki, ölməz Heydər müəllimimiz var. İnanın, mən onun yoxluğuna inanmıram. Mən elə bilirəm ki, Heydər müəllim hələ də yaşayır. Siz nə qədər yaşayırsınızsa, Heydər müəllim də həmişə yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə Heydər müəllim var, Sizinlə birlikdə həmişə yaşayır”.

Xalq artistinin çıxışını cavabsız qoymayan prezident İlham Əliyev bildirib: 

“Zeynəb xanım xalqımızın sevimli insanıdır, böyük şəxsiyyətdir, böyük sənətkardır, böyük ictimai xadimdir. Azərbaycanda elə adam tapılmaz ki, Zeynəb xanımı sevməsin.

Bizim ailəmiz Zeynəb xanımla sıx bağlıdır. Xatırlayıram ki, atamın ən ağır günlərində, - o vaxt ki, o, vəzifədən çıxmışdı, pensiyada idi, səhhətində problemlər var idi, müəyyən mənada təcrid vəziyyətində idi, - Zeynəb xanım bizim evimizə baş çəkdi, onda mən də orada idim, ona mənəvi dayaq oldu.

O vaxt atam üçün bu, xüsusi əhəmiyyət daşıyırdı. Əlbəttə, Zeynəb xanım da başa düşürdü ki, o vaxt Heydər Əliyev sovet məkanında arzuolunmaz şəxs kimi qəbul olunurdu. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi də ədalətsizliyə yol vermişdi. Zeynəb xanımın bu cəsarətli və vicdanlı addımları həmişə bizim ürəyimizdədir, bizim xatirəmizdədir”.

Xalq artisti Hacı İsmayılovun arzusu

Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov isə mədəniyyət sahəsində keçirilən islahatlara görə dövlət başçısına təşəkkür etməklə yanaşı, çalışdığı teatrın arzusunu dilə gətirib.

“Akademik Milli Dram Teatrının böyük bir arzusu var. Əvvəla, deyim ki, kollektivimiz Sizi həmişə arzulayır, həmişə istəyir. Çünki bu adət bizə Ulu Öndər tərəfindən miras qalıb. O, həmişə teatra gələndə tamaşadan sonra aktyorlarla, rejissorlarla söhbət edirdi. İndi də bu istək var, həmişə bizim işçilər tərəfindən səslənir.

Mən istəyirəm onu bir şəkili Mustafa kimi deyim: Sa qurban olum, ay Allah, noolar, elə et bizim möhtərəm Prezidentimiz bir dəfə bizim Akademik Milli Dram Teatrına təşrif gətirsin, biz o günü bayram edək”.

H.İsmayılov Azərbaycanda tamaşaçı probleminin olduğunu deyərək, həlli üçün təkliflə çıxış edib.

“Mən bir cəhəti də qeyd edim ki, Azərbaycanda tamaşaçı problemi var. Ancaq bu, bizim teatra aid deyil. Maşallah, bizim teatrda həmişə tamaşaçılar olur, yəqin ki, bizim teatrı çox istəyirlər. Amma bizim teatrda uşaq tamaşaları var.

Mən mətbuatda oxumuşam, tənqid edirlər ki, Akademik Milli Dram Teatrına uşaq tamaşaları hazırlamaq yaraşmaz. Axı bugünkü uşaq sabah böyüyəcək, sabah teatrın əsas tamaşaçısına çevriləcək.

Biz onlardan necə əl çəkə bilərik? Burada əyləşən mədəniyyət xadimlərinin hər birindən soruşsanız ki, sən mədəniyyətə, teatra, başqa sənətə hansı yaşından başlamısan, hamı deyəcək ki, məktəb illərindən. Məktəblilərlə teatrların münasibəti, ünsiyyəti qurulmalıdır. Özü də bu, ya yazılı, ya şifahi şəkildə olmalıdır ki, məktəblilər mütləq teatra gəlsinlər. Çünki onlar bizim gələcək tamaşaçılarımızdır”.

O, mədəniyyət sahəsindəki qurumların vergi məsələsinə toxunub:

“Çox ağrılı da deyil, paradoksal bir şeydir ki, dövlət tərəfindən maliyyələşən ittifaqlar və təşkilatlar var. Onlar da 18 faiz vergi ödəyir. Amma dövlət tərəfindən maliyyələşməyən Teatr Xadimləri İttifaqı da 18 faiz vergi ödəyir. Burada qəribə uyğunsuzluq var, yəqin ki, bunu düzəltmək olsaydı, bizim daha çox imkanlarımız olardı”.

Xalq artistinin çıxışında qeyd etdiyi məqamlarla bağlı danışan İlham Əliyev teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflərin hazırlanması və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı göstəriş verib və Hacı İsmayılovun dəvətini cavabsız qoymayıb:

“Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram”.

Prezident vergi ilə bağlı məsələni də şərh edib:

“Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək.

Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək. Görüşümüzün yekunu olaraq qəbul ediləcək qərarlarda bu, öz əksini tapmalıdır”.

Zeynəb Xanlarova ilə razılaşmayan Fərhad Bədəlbəyli

Növbəti çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezidentdən xahiş əvəzinə, görülən işlərə görə ona minnətdarlıq etmək barədə səsləndirdiyi fikirləri cavabsız qoymayıb:

“Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da, Anar da böyük ittifaqların sədrləridir. Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır.

Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi. Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm”.

Fərhad Bədəlbəyli ölkədə klassik musiqi alətləri kolleksiyasının yaradılmasının vaxtının yetişdiyini də bildirib:

“Cənab Prezident, bu, bütün dünyada böyük bir bazardır. Sizə misal gətirim. Qvarneri del Cezu skripkasının 2010-cu ildə iki milyon dollar qiyməti var idi. Bu gün onun qiyməti dörd milyon dollardır. Yəni bunu biz investisiya şəklində ala bilərik və Azərbaycanın bu kolleksiyası olsa, burada bizim ən istedadlı cavan skripkaçılar oturublar.

Elvin Qəniyev ayın 7-də maestro Rauf Abdullayevlə filarmoniyada çıxış edəcək. Onun qvarneri skripkası var, ona kirayə veriblər. Mən çox istərdim ki, Rusiyada, misal üçün, 60 milyon dollarlıq kolleksiya alıblar, violonçel. Yenə də deyirəm, bu, investisiyadır. Bu, o demək deyil ki, biz aldıq və qaldı. Vaxt ötdükcə, onun qiyməti qalxır. Əgər mümkünsə, bu kolleksiya məsələsinə baxasınız, cənab Prezident. Bu iki məsələ, bir də mən çox danışmaq istərdim. Amma bu iki məsələyə toxundum”.

Prezident təklifi dəstəkləyib:

“Musiqi alətləri ilə bağlı səslənən fikirləri də mən dəstəkləyirəm. Biz son illər ərzində musiqi alətlərinin alınması ilə bağlı bəzi işləri görmüşük, o cümlədən, Fərhad müəllimin təklifləri əsasında. Ancaq, eyni zamanda, biz böyük dəyər kəsb edən, o cümlədən, tanınmış ustaların əsəri olan musiqi alətlərinin alınmasına mütləq baxmalıyıq. Bu sahəyə qoyulan investisiyalar həm sərmayə kimi qalacaq, həm də bizim musiqi sənətimizin inkişafında mühüm rol oynayacaq”.

Memar Elbay Qasımzadə Bakıda yeni rayonun yaradılmasını istəyir

Daha sonra Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə söz alıb. O da Zeynəb Xanlarova kimi, dövlət başçısından xahiş etməyəcəyini, bir neçə təklifini səsləndirəcəyini bildirsə də, sonda yenə də xahişlə çıxış edib:

“Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon - bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var.

İkinci məsələ. Burada yaradıcı ittifaqların rəhbərləri oturublar, məncə, bu məsələ onlara da çox yaxındır. Bu gün yaradıcılıq ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları haqqında” Qanunu ilə tənzimlənir.

Məncə, bu, üzr istəyirəm, bir qədər ədalətsizdir. Çünki biz yaradıcı ittifaqlar dövlətin siyasətini dəstəkləyərək yaradıcılıqla, quruculuqla məşğuluq. Amma həmin qanun çərçivəsində bir çox təşkilatlar var ki, onlar əks fəaliyyətlə məşğuldurlar.

Mən bilirəm ki, dörd il bundan öncə Milli Məclisdə “Yaradıcılıq birlikləri haqqında” Qanunun hazırlanması başlamışdı. Mən müəyyən qədər orada iştirak etmişəm, məsləhətlərimi vermişəm. Sonra o qanunun hazırlanması dayandı.

Düşünürəm ki, bu gün elə bir qanunun qəbul olunması həm yaradıcılıq ittifaqlarının statusunu qaldırar, həm onlardan olan fayda başqa ictimai təşkilatlardan fərqlənər və bunu hamı görər ki, yaradıcı kimdir, dağıdıcı kimdir. Məncə, bunu bərpa etmək lazımdır”.

Elbəy Qasımzadənin xahişi isə belə olub:

“Bu, elə bir xahişdir ki, mən bilirəm, Sizin ürəyinizcə olacaq. Bakının müasir dövrdə, yəni XX əsrdə memarlıq simasının formalaşmasının iki banisi olub - Sadıq Dadaşov və Mikayıl Hüseynov. Bakıda Zivər bəyin heykəli var, amma bu iki nəfərin heykəli yoxdur. İcazənizlə biz onun layihəsini hazırlayarıq. Xahiş edirəm, bu iki böyük şəxsiyyətə Bakıda mütləq abidə qoyulsun”.

Dövlət başçısı memarlıqla bağlı səslənən təklifləri bəyənib:

“Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birlikdə Elbəy müəllimin səsləndirdiyi təklifi təhlil etsin, çünki siz tamamilə haqlısınız.

Elə bil ki, Bakının mərkəzi bir neçə rayonda cəmləşir. Mən bilmirəm bu, nə üçün belə olub, tarixən belə olubdur.

Burada çox böyük məntiq var. Əgər şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, əlbəttə ki, vahid idarəetmə sistemi də yaradıla bilər.

Necə ki, misal üçün, mənim qərarımla Bulvarı, İçərişəhəri ayrı-ayrı inzibati vahid kimi yaratdıq. Məhz buna görə həm Bulvarda, həm də İçərişəhərdə indi səliqə-sahman, qayda-qanun və gözəl ab-hava var.

Ona görə mən Bakının mərkəzi rayonunun yaradılması təklifini prinsipcə dəstəkləyirəm. Gərək biz bunu təhlil edək, incələyək ki, hansı addımlar atılmalıdır. Ona görə bu göstəriş də verilir”.

İlham Əliyev görkəmli memarların şərəfinə abidələrin ucaldılması məsələsinə də baxılacağını qeyd edib.

Afaq Bəşirqızı yalana qarşı çıxır

Tədbirdə çıxış edən Xalq artisti Afaq Bəşirqızı aktyorların, incəsənət xadimlərinin əsas həyat devizinin təbiilik, düzgünlükdə olduğunu bildirərək, yalanlardan uzaq olmağın vacibliyini qeyd edib və bəzi çətinliklərdən danışıb:

“Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur.

Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına, həqiqətən, də çox böyük ehtiyacı var”.

Dövlət başçısı teatr xadimlərinin maaşlarının artırılacağını bildirib.

Mehriban Zəki kinematoqrafiyaya dövlət dəstəyi istəyir

Söz alan Xalq artisti Mehriban Zəki diqqəti kinoya yönəldib:

“Mənim gəncliyimdə kinostudiyanın həyatında, onun divarları arasında çox fəal yaradıcı proseslər baş verirdi. Son illərə qədər bu proses davam edirdi. Amma təəssüf edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin inkişafı, çəkilməsi nədənsə avazıyıb. Kinostudiyamızın divarları soyuyub”.

Dövlət başçısı bu sahədə boşluğu doldurmağa çağırıb:

“Mən hesab edirəm ki, son bir-iki il ərzində buna kifayət qədər fikir verilməmişdir. Biz gərək bu boşluğu dolduraq. Yəni dövlət xətti ilə, dövlət sifarişi ilə kinofilmlərin çəkilişi prosesi bərpa olunmalıdır. Düzdür, bu ilin dövlət büdcəsində bu, nəzərdə tutulmayıb.

Mən bilirəm ki, Əbülfəs Qarayev çox çalışırdı ki, bu, nəzərə alınsın, ancaq hansısa səbəblər üzündən nəzərdə tutulmayıb. Ona görə bunun yolu odur ki, bu il üçün Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılsın, indi siz təklif verin. Gələn ilin və ondan sonrakı illərin dövlət büdcəsində dövlət xətti ilə kinofilmlərin çəkilişi mütləq bərpa edilməlidir”.

Şəfiqə Məmmədova protokoldan kənara çıxdı

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxışına protokoldan kənar danışacağı xəbərdarlığı ilə başlayaraq, rəhbərlik etdiyi qurumun binası ilə bağlı məsələ qalıdırıb:

“Mən istərdim ki, bu Kinematoqrafçılar İttifaqının aqibətini bu gün Sizə çatdırım. Artıq altı ildir ki, təsis olunmuş Respublika Kinematoqrafçılar İttifaqı binasızdır. Azacıq da olsa bizə dəstək verilən o büdcədən il boyu biz kirayə pulu veririk. Fəaliyyətimizə uyğun olmayan yerdə yerləşirik. Düzdür, ağlamırıq.

Məktublar yazmışam, lakin bəlkə, çatmayıb. Amma çox istərdim, bilirsiniz, artıq bu, mümkünsüzdür, il boyu mənim büdcədən verilən vəsaitimin çox hissəsi kirayəyə gedir. Ona görə mən Sizdən xahiş edirəm, bizə elə bir məkan verilsin ki, artıq bu, Kinematoqrafçılar İttifaqına layiq olsun”.

Prezident İttifaqa bina verilməsi ilə bağlı göstərişlə çıxış edib:

“Onda təklif olunur ki, Bakı şəhərinin mərkəzində gözəl bina seçilsin. Bakı Şəhər İcra Hakimiyyətinə, Əmlak Məsələləri Komitəsinə, Mədəniyyət Nazirliyinə göstəriş verilir. Şəfiqə xanım, siz özünüz də bu məsələ ilə bağlı təkliflər verin. Əlbəttə ki, biz bunu etməliyik. Çünki Kinematoqrafçılar İttifaqının müstəqil binası olmalıdır və şərait yaxşı olmalıdır”.

Prezident Tahir İmanova qoyulan qadağanın səhv olduğunu bəyan edir

Tədbirdə çıxış edən Əməkdar artist Tahir İmanov da heç bir xahiş etməyəcəyini deyərək, “Parni iz Baku” KVN komandasına dəstək üçün dövlət başçısına minnətdarlıq edib və rəhbərlik etdiyi teatra qarşı olan qadağalardan danışıb.

Belə ki, o, İkinci Dünya Müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov haqqında film üzərində işlədiklərini, lakin iş adamlarının bu məsələdə onlara dəstək olmadığını deyib:

“Bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət etmişik, amma hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı, kömək edərdik”.

Prezident Tahir İmanova heç kimin qadağa qoya bilməyəcəyini deyib:

“Mən Tahir İmanovun sözlərini də şərh etmək istərdim. Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək”.

Tahir İmanovun belə qadağanın özəl telekanallardan gəldiyi barədə fikirlərini isə dövlət başçısı belə cavablandırıb:

“Hesab edirəm ki, onlar səhv ediblər. Onlara da məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da, bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır.

Mən şadam ki, bu məsələni sən qaldırmısan. Çünki görünür ki, burada hansısa anlaşılmazlıq olub. Yəni dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olub. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir”.

Dövlət başçısı Tahir İmanovun öz babası Süleyman Ələsgərovun adının əbədləşdirilməsi ilə bağlı təklifini də dəstəkləyib:

“Bu gün Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verirəm ki, Süleyman Ələsgərovun adına küçə verilsin. Siz də şəhər icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayın, küçənin seçilməsində sizin ailəniz mütləq iştirak etməlidir”.

Əziz Əliyev, Bəhram Bağırzadə  Hacı Zeynalabdin Tağıyev

Tədbirdə çıxış edən Əməkdar artist Bəhram Bağırzadənin səmimi çıxışı isə Hacı Zeynalabdin Tağıyevlə bağlı olub.

“Azərbaycan vətəndaşı kimi, Bakı şəhərinin sakini kimi çox istəyərdim ki, Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılsın. Bunu nəinki mən, bunu milyonlarla insan istəyir. Çünki onun çox böyük işləri olub Azərbaycanda, Bakıda. İnanın mənə ki, 10 milyonluq xalq həmişə dua edəcək Sizə, əgər bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin heykəli ucalsa. Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı”.

Prezident Bəhram Bağırzadənin təklifini bəyənib:

“Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin.

Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı.

Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də, on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın”.

Tahir Salahov Azərbaycanda baş rəssam vəzifəsinin təsis olunmasını istəyir

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov tədbirdə çıxış edərək, ölkədə çoxlu sayda istedadlı, bacarıqlı gənc rəssamların olduğunu bildirib:

“Mən nə arzu edə bilərəm? Qoy, onların əməyindən bütün Azərbaycan faydalansın. Baş memar vəzifələri ilə bərabər, baş rəssam vəzifələrini də təsis etmək lazımdır. Təkcə mərkəzdə - Bakıda və böyük şəhərlərdə deyil, regionlarda da”.  

Prezident Tahir Salahovun təklifini qəbul edib.

Xuraman Qasımova Prezidenti evinə dəvət edir

Xalq artisti Xuraman Qasımova dövlətin mədəniyyətə göstərdiyi qayğıya görə dövlət başçısına minnətdarlıq edərək, onu öz evinə dəvət edib:

“Mən yalnız demək istəyirəm ki, möhtəşəm Heydər Əliyev Fondu var. Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. Mən Sizdən bütün xahişlərdən bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. 

Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik, bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var”.

Dövlət başçısı Xuraman Qasımovanın da dəvətini məmnuniyyətlə qəbul edib.

Dövlət başçısı yekun çıxışında belə görüşlərin müntəzəm keçirilməsi ilə bağlı təklif səsləndirərək, tədbirə yekun vurub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri