Apr
2019
10:48
26
75
2554
Virtual karabakh

Şərqşünas: Həftar Liviya siyasətində tarixi rol oynaya bilər - MÜSAHİBƏ

Liviyada vətəndaş müharibəsi gedir. Qəddafi artıq həyatda deyil, onun ölümü ilə vahid Liviya tarixə qovuşdu. Ölkə müxtəlif şəhərlər, tayfalar, fərqli siyasi elitalar, o cümlədən, əslində, xarici oyunçuların bölgədəki “canişin”ləri olan yerli siyasi elitalar arasında parçalanıb.

Ən böyük siyasi qüvvə feldmarşal Xəlifə Həftarın tərəfindədir. Onun daha qətiyyətli xarici dəstəyi və daha güclü ordusu var. Bu günlərdə Həftar qoşunlarının Tripoliyə doğru irəlilədiyini elan etdi.

Moskva Beynəlxalq Akademiyasının Praktiki Şərqşünaslıq İnstitutunun direktor müavini Qriqori Lukyanov Oxu.Az-a verdiyi müsahibədə Liviyada hadisələrin hansı şəkildə inkişaf edəcəyi və Həftarın ölkəni birləşdirə bilib-bilməyəcəyi ilə bağlı sualları cavablandırıb.

- General Həftar Tripolini tutmaq niyyətində olduğunu açıqlayıb, artıq ilk şəhər alınıb. Liviyadakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Liviyadakı cari vəziyyət etibarlı informasiya mənbələrinin olmaması ilə xarakterizə olunur. Dünən bu ölkədə hadisələri işıqlandıran bir sıra nüfuzlu nəşrlər haker hücumları nəticəsində çöküb və onlara giriş məhdudlaşdırılıb.

Ona görə də bu gün həm Liviya milli ordusunun briqada generalı Əhəm Əl Mismari, həm də Həftarın ölkənin qərbindəki düşmənlərindən qaynaqlanan informasiya çıxarışlarının təsdiqini tapmaq kifayət qədər çətindir.  Burada belə bir məsələ ortaya çıxır: informasiyanın belə kasad olduğu bir şəraitdə bu ölkədəki vəziyyətlə bağlı necə fikir yürüdə bilərik?!

Bircə onu deyə bilərik ki, təkcə ölkənin şərqini yox, həm də cənubunu birləşdirməyə nail olmuş feldmarşal Həftar silahlı qüvvələrin bir hissəsini toplayaraq, paytaxt istiqamətinə göndərib.

Ölkənin cənub bölgəsini hərbi əməliyyatlardan çox, yerli siyasi elita, müxtəlif tayfalar, milli azlıqlar (tuarqlar və tubu, həmçinin, ərəb tayfaları ilə) əldə olunan razılaşmalar hesabına nəzarətə götürüb. Bu razılaşmalara bir çox hallarda Həftarın öz sponsorlarından, ələlxüsus Birləşmiş Ərəb Əmirliyindən aldığı maliyyə vəsaitləri təkan verib.

Bu, milli ordunun daha hazırlıqlı hissəsinin ölkənin qərbinə doğru istiqamət almasına və paytaxtın alınması uğrunda hərbi kampaniyanın başlanılmasına vəsilə olub. İnformasiya vakuumunun olduğunu və qoşunların əməliyyat tezliyini nəzərə alsaq, onu deyə bilərik ki, bu əməliyyat Liviya barışıq prosesi üzrə milli konfrans ərəfəsində Həftarın və onun yaxın çevrəsinin mövqeyini möhkəmləndirmək və  Liviyada yeni nizamın təşəkkül tapmasına təkan vermək məsədilə təşkil olunub.

- Bu proseslər nəyə gətirib çıxaracaq? O, paytaxtı tuta biləcəkmi?

- Liviya milli ordusu təşkilatlanma və şəxsi heyətin sayına görə ölkənin ən iri hərbi-siyasi təşkilatıdır. Bununla belə, son bir neçə il ərzində (“ləyaqət əməliyyatı”nın başlandığı andan bəri)  Liviya milli ordusu çoxmillətli orduya çevrilib. 

Onun tərkibində çoxsaylı əlahiddə birləşmələr, tayfa özünümüdafiə qüvvələri, xarici muzdlular (Çad və Sudandan olan aşağı təcrübəli hərbçilərdən tutmuş, yüksəktəcrübəli özəl hərbi şirkət döyüşçülərinə kimi) var.

Onlar BƏƏ maliyyə yardımı hesabına cəlb olunub və kəşfiyyat məlumatlarının toplanması, irimiqyaslı əməliyyatların planlaşdırılması ilə məşğul olurlar, hücuma keçən piyada qüvvələrə havadan dəstək göstərirlər.

Belə müxtəlifliyi nəzərə alsaq, Liviya Milli Ordusunun daha az əhalisi olan ərazilərə (daha dəqiq desək, şərqdə Kerenayka və cənubda Fəzzan) nəzarət edir.

Həftar qoşunları hazırda Tripolitaniya ərazisinə yürüş edir. Bu, Liviya əhalisinin üçdə iki hissəsinin yaşadığı daha sıx əhalisi olan bölgəsidir. Təkcə paytaxtda ölkə əhalisinin dördə bir hissəsi yaşayır. Bu, urbanizasiyanın yüksək səviyyədə olduğu ərazidir, saysız-hesabsız özünümüdafiə qüvvələrindən ibarət qruplar var.

Həftarın Qərbə yürüşü elə cənub kampaniyası kimidir, yəni öndə pulu olan adamlar gedir, onlar səhra komandirləri ilə təmaslar qururlar, arxalarınca isə faktiki olaraq döyüşsüz qalmış hərbçilər gəlir.

Belə taktika onun böyük itkilər olmadan geniş əraziləri tutmasına imkan yaradır. Uzunmüddətli perspektivdə ərazilərin bu metodlarla saxlanılması, insan resursları və mütəmadi maddi yatırımlar tələb edir. Halbuki Həftarda hər ikisinin miqdarı məhduddur. Həftarın sponsorlarının yeni tutulacaq ərazilərə yatırımlar qoymasına pullarının çatıb-çatmayacağı sual altında qalmaqdadır.

- Bildiyiniz kimi, Həftar elə də cavan deyil. Sizcə, o, vətəndaş müharibəsinə son qoya biləcək?

- Düz vurğuladınız, Həftar cavan deyil, üstəlik, səhhəti də o qədər yaxşı deyil. Bununla belə, onun təkcə Liviya Milli Ordusunda deyil, həm də Liviya, BƏƏ və Misirin ayrı-ayrı siyasi elita qrupları arasında böyük hörməti var.

Həftarı “güclü adam” sayırlar, onun qısa müddət ərzində xaosa qurşanmış ölkədə asayişi bərpa edəcəyinə inanırlar. Digər yandan, hərbi fazanın başa çatmasından sonra siyasi proses başlayacaq, onda kimlərin iştirak edəcəyi sual altındadır. Seçkilərdə kim iştirak edəcək, o, yoxsa başqası, o, xarici sponsorlarla razılaşa biləcəkmi? Bütün bu suallara zamanla aydınlıq gələcək.

Bununla belə, qoşunlarına bel bağlayan Həftar öz siyasi mövqelərini möhkəmləndirməyə və  Liviya böhranının həlli üzrə öz metod və yanaşmalarının kart-blanşına nail olmağa çalışır. Onu Liviya böhranını həll etmək perspektivi olan əsas siyasi oyunçu kimi görürlər. Uzunmüddətli perspektivdə Həftar, heç şübhəsiz, Liviyanı idarə edə, bu ölkədə siyasi vəziyyətin dəyişməsində tarixi rol oynaya bilər.

- Xarici oyunçulardan hansı Həftarın bütün Liviyanı ələ keçirməsində maraqlıdır?

- İndiyə kimi heç bir xarici dövlət Həftarın ölkəni nəzarətə götürməklə bağlı əməliyyatlarına açıq şəkildə dəstək göstərməyib. Fransa, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Misir Liviya böhranının nizamlanması istiqamətində siyasi konsensusun əldə olunmasını dəstəkləyir.

Mahiyyət baxımından, onların hər biri BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Həsən Salamın vasitəçiliyilə milli konfransın keçirilməsinə öz dəstəklərini verib. Digər tərəfdən, ciddi xarici yardım olmadan, o, hazırda cənub və şimal-qərbə yatırılan resursları toplaya bilməzdi.

Belə bir dəstək olmasaydı, onun qoşunlarının keçirdiyi əməliyyatları da təsəvvürə gətirmək çətin olardı. Belə xarici dəstəyə malik olmaqla, Həftar müəyyən uğurlara nail ola bilər. Həftara maddi dəstək göstərən ölkələr, Liviyada sülhün bərqərar olmasından sonra bu ölkənin iqtisadiyyatının onlar üçün əlçatan olacağına ümid edir.   

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri