27 
Apr
2019
14:23
1180
308
18982
Virtual karabakh

İlham Əliyev Çində - YENİLƏNİB + FOTO

27 Apr, 2019
14:23
18982

İlham Əliyev Çində - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 27-də Pekində ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu öz işini davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamlayıb.

Si Cinpin çıxışında artıq ikinci dəfə baş tutan Forumun uğurla keçdiyini, onun ölkələr arasında əməkdaşlıq baxımından yeni imkanlar açdığını deyib. O, dünyada yeni əməkdaşlıq formatı yaradan “Bir kəmər, bir yol” təşəbbüsünün qlobal iqtisadiyyatın inkişafına və qədim İpək Yolunun yenidən canlandırılmasına təkan verəcəyini deyərək Forumda iştirak edən dövlət və hökumət başçılarına təşəkkürünü bildirib.

Forumun birinci sessiyası “İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi”nə həsr olunub.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Prezident İlham Əliyev Forumun “Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması” mövzusuna həsr olunan ikinci sessiyasında da iştirak edib.

Daha sonra dövlət başçısı “BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi” mövzusuna həsr olunan üçüncü sessiyada iştirak edib.

Bu sessiyada çıxış edən Prezident İlham Əliyev dəvətə görə Çin Xalq Respublikasının sədri Si Cinpinə təşəkkür edib. Dövlət başçısı Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Çin xalqını təbrik edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlət başçısı 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaradıb. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.

Dövlət başçısı bildirib ki, nəqliyyat infrastrukturu sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir. Azərbaycanda 15 min kilometrdən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturu yaradılıb.

Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanmasına malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir.

Azərbaycan Prezidenti deyib ki, “Bir, kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.

26 aprel, 19:09

Aprelin 26-da Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanımın adından ikinci "Bir kəmər-bir yol" Beynəlxalq Forumunda iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

25.04.2019 11:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China Poly Group” Korporasiyasının sədri Su Nianşa ilə görüşüb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

11:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

08:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində “Huawei” şirkətinin sədri Lian Xua ilə görüşüb.

Bu barədə AZƏRTAC xəbər verir. 

24 aprel, 17:47

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.

AZƏRTAC xəbər verir ki, Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirib.

“Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.

Prezident İlham Əliyev ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirib. Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir.

Prezident İlham Əliyev ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə təşəkkür edib, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirib. Dövlətimizin başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirib.

Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər müzakirə olunub.

11:34

Prezident İlham Əliyev aprelin 24-də Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

10:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “ZTE” Korporasiyasının sədri Li Zixue ilə görüşüb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

07:54

Prezident İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gedib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşılayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri