May
2019
12:09
120
353
14666
Virtual karabakh

Bakı marafonunun qalibi müəyyənləşdi - YENİLƏNİB + FOTO

5 May, 2019
12:09
14666

Bakı marafonunun qalibi müəyyənləşdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün səhər saatlarından başlayan “Bakı Marafonu 2019”un qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunun qalibi böyük iradə və əzmkarlıq nümayiş etdirən uqandalı İsmail Senyange olub.

İranlı Məhəmməd Cəfər Moradi finişə ikinci, azərbaycanlı Elman Abışov üçüncü çatıb. Qadınlar arasında isə ukraynalı Valentina Poltavska hamını qabaqlayıb. Şotlandiyalı Suzanna Matonti ikinci yerə, azərbaycanlı Ayna Yusibova isə üçüncü yerə sahiblənib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Marafonda qeydiyyatdan keçən iştirakçıların böyük hissəsinin tələbələr olduğunu nəzərə olaraq, bu il təşkilat komitəsi onlar üçün xüsusi mükafat təsis edib. Belə ki, finiş xəttini ilk keçən tələbələr (qadın və kişi kateqoriyası üzrə) Parisdə, Disneylenddə unudulmaz tətil yaşayacaqlar. Korporativ iştirakçılar isə İstanbul marafonuna qeydiyyat və gediş-dönüş bileti qazanacaqlar.

Marafon iştirakçısı olan Azərbaycan vətəndaşlarına isə bir neçə nominasiyada mükafatlar təqdim olunacaq. Qadın və kişi kateqoriyası üzrə finiş xəttini keçən ilk Azərbaycan vətəndaşları Gürcüstanda təşkil olunacaq “Wings for Life World Run 2020” marafonunda iştirak edəcək. Bundan əlavə, finiş xəttini ilk keçən 50 yaşdan yuxarı Azərbaycan vətəndaşları (qadın və kişi kateqoriyası üzrə), həmçinin finişə çatmış ilk 5 azərbaycanlı xanım müxtəlif hədiyyələr qazanacaq. Finiş xəttini ilk keçən maraqlı kostyumlu marafonçu, 10 xarici marafonçuya da mükafatlar veriləcək. Həmçinin martın 4-dən mayın 1-dək marafonda iştirak üçün qeydiyyatdan keçənlər arasında lotereyanın qalibi olmuş iki nəfərə hədiyyə təqdim olunacaq. Bunlardan əlavə, finiş xəttini keçən ilk 1000 iştirakçı “Bakı Marafonu-2019”un xüsusi medalı ilə təltif ediləcək. 

10.33

Hazırda paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2019” keçirilir.

Oxu.Az xəbər verir ki, “Küləyə qalib gəl” şuarı altında keçirilən qaçış marafonu Dövlət Bayraq Meydanından start götürüb, finiş xətti isə Bakı Olimpiya Stadionudur.

Ümumi məsafəsi 21 kilometr olan marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Nəqliyyat Rabitə və Yüksək Texnologiya naziri Ramil Quluzadə və digərləri iştirak edir.

Xeyriyyə məqsədi daşıyan tədbirdə iştirak üçün ümumilkdə 22 320 mindən çox adam qeydiyyatdan keçib. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-işləyən 300-dən çox əcnəbi qatılıb. BƏƏ, Çin, Hindistan, İraq, İran, Türkiyə, Uqanda, Litva, Mərakeş, Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, ölkəmizin məşhur idmançıları da iştirakçılar arasındadır.

Marafona həmçinin ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, İraq, Braziliya, Ukrayna, Fransa, Rusiya, İspaniya, İtaliya, Özbəkistan və digər ölkələrdən qoşulanlar var. Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub. Azərbaycanın müxtəlif bölgələrindən - Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrdən yarışda iştirak edənlər var.

Builki marafon bir sıra yeniliklərlə yadda qalacaq. Bunlardan ən əhəmiyyətlisi ilk dəfə çip (xronometraj) sisteminin tətbiq olunmasıdır. Belə ki, yarış iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirilib. Sistemin tətbiqi marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək və iştirakçıya elektron sertifikat əldə etmək imkanı verir.

Marafonda həmçinin şou-biznesin parlaq simaları iştirak edir. Xalq artisti Aygün Kazımova, Əməkdar artist Röya Ayxan, müğənnilər Nura Suri, Nigar Camal, Günay İbrahimli, Zamiq Hüseynov, aparıcı Hacı Nuran və başqaları marafona rəngarənglik qatıblar.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi finiş zonasında - Bakı Olimpiya Stadionunda olacaq. Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3 min manat, ikinci yeri qazanan 2 min manat, üçüncü yerə çıxan isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Rəşad Əliyev
foto Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri