May
2019
12:12
66
233
1798
Virtual karabakh

Rafael Hüseynov: İlham Əliyevin Qarabağ mövqeyi bir az da sərtləşib

Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsi hər zaman olduğu kimi, bu gün də ən aktual problemdir və Prezident İlham Əliyevin apardığı siyasətdə həmişə ön cərgədə duran məhz bu amildir.

Prezident İlham Əliyev hakimiyyət yolunun başlanğıcında Azərbaycanın gələcəyi, Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi problemi ilə bağlı mülahizələrini irəli sürürdü.

Yəni onun istər demokratiyanın inkişafı, istər Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi ilə bağlı irəli sürdüyü əsas tezislərdən biri ondan ibarət idi ki, biz ilk növbədə Azərbaycanı güclü Azərbaycan etməliyik. Çünki iqtisadi cəhətdən güclü olan ölkədə demokratik prosesləri də reallaşdırmaq daha asan olur, ölkənin təcavüzdən azad edilməsi və digər hər hansı bu qəbilən olan hadisələrin baş verməsinin qarşısının alınmasını daha uyğun bir şəkildə reallaşdırmaq mümkün olur.

Bunu Oxu.Az-a açıqlamasında akademik, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

“Ona görə qısa müddət ərzində Azərbaycanın iqtisadi inkişafı təmin edildi. Eyni zamanda, Azərbaycanın hələ çox arxada qalan illərdə qalan bu inkişafının müdafiəyə yönələn səmtini nəzərdə tutmuş olarıqsa, ölkədə çox mütəşəkkil, çox yüksək şəkildə təhciz olunmuş bir ordu yarandı, peşəkarlığa yaxın ordumuz formalaşdı”, - deyən millət vəkili hesab edir ki, gələcəyə böyük ümidlərlə baxmağa əsas verən cəhətlərdən biri də ondan ibarətdir ki, prezident İlham Əliyevin bu illər ərzindəki mövqeyi hər zaman sabit qalıb, bir az da konkretləşib, bir az da sərtləşib.

“Bu mövqe ondan ibarətdir ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll edilə bilər. Ermənistanın dəyişən rəhbərliyinin auditoriyanı nəzərə alaraq irəli sürdüyü populist və qeyri-populist addımlarının, çağırışlarının heç bir əsası yoxdur.

Ortada münsif var və münsif indiki halda nə dərəcədə uğurludur, nə dərəcədə onun real faydaları var, məsələnin başqa bir tərəfidir. Ancaq beynəlxalq birlik tərəfindən müəyyən edilmiş münsif ATƏT-in Minsk qrupudur və Minsk qrupu faktiki olaraq, Azərbaycanın irəli sürdüyü o təklifin tərəfindədir.

Həmçinin, dünyanın beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələr Azərbaycanın tərəfindədir ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, diplomatik vasitələrlə, sülh yolu ilə həll olunmalıdır.

Azərbaycan buna hazırdır. Kim hazır deyilsə, o zaman o daha kəskin həll üsulları ilə barışmağa razı olmalıdır. Bu baxımdan hesab edirəm ki, İlham Əliyevin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi son dərəcədə sağlam mövqedir və Azərbaycanın milli dövlətçilik maraqlarını tam ifadə edir. Odur ki, Azərbaycan xalqı sonacan bu mövqeni müdafiə edəcək”, - deyə R.Hüseynov əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri