20 
İyn
2019
17:32
32
177
3160
Virtual karabakh

Boltonun nazirlərlə görüşünün məqsədi - Bu axşam baş tutacaq görüş nə vəd edir?

Vaşinqtonda Birləşmiş Ştatlar hökumətinin təşəbbüsü ilə vacib görüşlər baş tutub. Belə ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton şəxsən Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə görüşüb. Buradan gəlinən ilk qənaət budur ki, ABŞ tərəfi münaqişənin nizamlanmasına xüsusi maraq göstərir.

Rusiyalı politoloq Oleq Kuznetsov Oxu.Az-a verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində hansı inkişafın müşahidə olunduğundan bəhs edib.

- Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri görüşəcək. Bu görüşü necə qiymətləndirərdiniz? Ümumiyyətlə, bu görüşlə bağlı gözləntiləriniz nələrdir?

- Zənn edirəm ki, bu, növbəti son dərəcə texniki görüş olacaq. Ona görə də hər hansı konkret bir şey gözləmirəm. Artıq dəfələrlə bildirmişəm ki, Azərbaycan-Ermənistan münasibətlərində istənilən addım yuxarı səviyyədə atılır, yəni Xarici İşlər nazirləri belə bir şəraitdə heç adyutant da yox, yalnız qasid rolunu oynayıb. Ona görə də XİN rəhbərlərinin hər hansı təklif irəli sürməyə və ya səsləndirməyə səlahiyyəti çatmır.

Nazir səviyyəli görüşlərin statusu Azərbaycan və Ermənistan başçılarının “əhalini sülhə hazırlamaq”la bağlı qəbul etdiyi qərardan sonra daha da zəiflədi. Həmin qərardan sonra neytral meydançalarda iki ölkənin “ictimaiyyət nümayəndələri” arasında nümayiş xarakterli görüşlər keçirilməsinə başlandı. Belə görüşlərə məhz elə hər iki ölkənin ali diplomatları kurator təyin olundu.

Onların zirvə toplantılarının yeganə gündəmi məhz bu cür “ictimai təşəbbüslər”in yekunlarını müzakirə etməkdən ibarətdir. Düşünmürəm ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri kimi iki şəxs butafor xarakterli olması öncədən bəlli olan “ictimai dialoq” kimi mövzuları tam ciddiliyi ilə müzakirə etsin. Onların sərəncamında başqa mövzular yoxdur. Ona görə də bu görüşdən yeni bir şey gözləmirəm.

Nazirlərdən hansısa birinin öz həmkarına öz dövlət başçısından (qarşı tərəfin dövlət başçısına ötürməsi üçün) ismarıc çatdıracağını da istisna etmək olmaz. Belə olsa, bu görüşün konkret əməli nəticəsi olacaq, ancaq istəsək də, istəməsək də, belə bir şeyin mövcudluğunu heç vaxt bilməyəcəyik.

- İndi çoxları “Bolton planı”ndan dəm vurur.  Bu plan “Lavrov planı”ndan nə ilə fərqlənir və Vaşinqtonun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar məsələsində fəallaşmasını nə ilə izah etmək olar?

- “Bolton planı”nı “Lavrov planı”ndan fərqləndirən cəhətlər, onların fərqli nüansları və çalarları barədə fərziyyələr irəli sürməyi mənasız hesab edirəm. Belə təxəyyül və ya təfəkkür oyunu yalnız özləri üçün hansısa virtual reallıq yaradan diplomatların öz beyinlərini məşq etdirməsinə yaraya bilər.

Onlar belə bir virtual reallıqda mövcud ola-ola, onun hüdudlarından kənarda hər hansı əhəmiyyəsiz irəliləyişin olduğunu iddia edirlər. Rusiyada bunu “başağrısı naminə iş” kimi qələmə verirlər, yəni hər hansı konkret nəticə əldə etmək naminə yox, məhz fəaliyyət naminə fəaliyyət. Bunu mahiyyət etibarilə fəaliyyətin imitasiyası da adlandıra bilərik.

Bolton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz “planını” irəli sürəndə fikrində nə Bakını, nə də Yerevanı tutmuşdu, planın yalnız bir məqsədi var idi - Kremli Cənubi Qafqaz regionu ilə bağlı xarici siyasət yürüdən zaman həyəcanlanmağa vadar etmək, Moskvanı daha da qıcıqlandırmaq.

Bu mənada, bu gün Dağlıq Qarabağ münaqişəsinin hansı şəkildə nizamlanacağı və ya onun həllini tapıb-tapmayacağı Vaşinqtonun maraqları daxilində deyil. Onu daha çox Rusiyanın bundan hansı iqtisadi, siyasi və nüfuzla bağlı itkilərlə üzləşəcəyi maraqlandırır.

Əlbəttə, Bolton İrana istənilən dolayı zərbənin endirilməsində maraqlıdır, ancaq indiki halda o, heç üçüncü dərəcəli obyekt də deyil. Ona görə də bu barədə danışmaq indi mənasızdır.

“Bolton planı” - mahiyyət etibarilə müstəsna olaraq anti-Rusiya planı nə münaqişə tərəfləri, nə də region ölkələri üçün nəzərə tutulub. Ona görə də bütün maskaların yırtılmasından sonra bu məsələni müzakirə etməyə nə gücüm, nə də istəyim qalıb.

- Təmas xəttində baş verən son gərginlikləri nəzərə alsaq, tərəflərin hansısa kompromisə gələcəyinə ümid etmək olar?

- Şəxsən mən cəbhə xəttində hər hansı gərginlik görmürəm, halbuki bu gərginliyə informasiya məkanında və ya təbliğat müharibəsinin cəbhəsində rast gəlmək olar. Ancaq gəlin, informasiya mücadilələrini cəhbədə baş verən toqquşmalarla qarışdırmayaq. Bunlar fərqli-fərqli şeylərdir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri