19 
Sen
2019
21:59
809
71
7180
Virtual karabakh

İlham Əliyev alimə fərdi təqaüd ayırdı

Prezident İlham Əliyev Kərim Kərimova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə Kərim Məmmədxan oğlu Kərimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Qeyd edək ki, Kərim Kərimov 5 iyun 1933-cü ildə Ağdam şəhərində anadan olub. 1947-ci ilə qədər Ağdam, Ağstafa, Ucar məktəblərində oxuyub, 1952-ci ildə Bakıda orta məktəbi bitirib. Həmin il indiki Neft Akademiyasına daxil olub, 1975-ci ildə oranı “Dağ mühəndisi geofizikası” ixtisası üzrə bitirib.

K.Kərimov 1961-ci ildə əyani aspiranturaya daxil olub, 1964-cü ildə elmlər namizədi dissertasiyasını uğurla müdafiə edib. 1978-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə Moskva BAK tərəfindən ona geofizika üzrə professor rütbəsi verilib.

1991-ci ildə Azərbaycan dövətinin Əməkdar Elm Xadimi adına layiq görülüb. 1992-1996-cı illərdə SOCAR-ın nəzdindəki Geofizika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 1996-2005-ci illər Geofizika və Mühəndis Geologiyası İB-nin baş direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə Geofizika və Geologiya İdarəsində elmi işlər üzrə baş müşavir vəzifəsində işləyib.

Professor Kərim Kərimov Azərbaycan və dünya elminə bir çox töhfələr verib. Onun Azərbaycanın neft sənayesinin inkişafında ayrıca rolu var. Apardığı elmi işlərin nəticəsi ona imkan verib ki, dünyada ilk dəfə olaraq Azərbaycanın ümumi neft ehtiyatının 5-6 milyard ton, qaz ehtiyatının isə deyilən 5 trilyondan artıq həcmdə qiymətləndirsin.

Hələ 1992-1993-cü illərdə və ondan sonrakı bir neçə il ərzində Azərbaycanda Azəri-Çıraq-Günəşli yataqlarında hasil olunacaq neft ehtiyatının 500-550 milyon ton civarında olması deyilən bir vaxtda professor K.Kərimov hasil olunası neft ehtiyatının əslində 750 milyon tondan artıq həcmdə olmasını sübut edib və bunun nəticələri 1992-ci ilin sonunda mətbuatda dərc edilib.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməl daşı qoyulan zaman əsasən prof. K.Kərimovun göstərdiyi rəqəmlər nəzərə alınıb. K.Kərimov 700-dən artıq elmi əsərin müəllifidir.

2001-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə ona “Şöhrət” ordeni verilib.

Prof. K.Kərimov bir neçə beynəlxalq akademiyanın həqiqi üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 km 6-7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilib, ona ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıtması münasibətilə “Qayıdış” adı verilib.

Prof. K.Kərimovun elmi işləri bir neçə dəfə AMEA-nın ən yüksək nəticəsi siyahısında əksini tapıb. Onun iki ixtirası isə bəşəri əhəmiyyətli kəşf hesab olunur.

1. Zəlzələnin qısamüddətli proqnozlaşdırılması üsulu (Avrasiya Patentləşdirmə Cəmiyyətinin 007087 saylı patenti).

2. Zəlzələnin proqnozlaşdırılması üsulu (Avrasiya Patentləşdirmə Cəmiyyətinin 007086 saylı patenti).

Bu kəşflər öz mahiyyətinə görə elmin ən böyük nailiyyətlərindən hesab edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri