14 
Okt
2019
13:41
135
31
1871
Virtual karabakh

Ekspert: “Gövhər ağa” məscidinin fars mədəniyyəti nümunəsi kimi təqdimi terrordur

Şuşada yerləşən və azərbaycanlılara məxsus olan “Yuхarı Gövhər ağa” məscidi təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilir. Bu, işğal edilmiş ərazilərdə Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirilməlidir.

Bunu Oxu.Az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

“Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib.

Tarix boyu Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Bu fakt Çar Rusiyası dövründə, 1897-ci ildə əhalinin siyahıyaalınması zamanı təsdiqlənib.  

F.Şəfiyev bildirib ki, məscidin bərpa işlərində İranın “Part Saman Cahan” şirkətinin iştirakı təəssüf doğuran faktdır.

“Şuşa məscidinin bərpası layihəsinin iştirakçılarından biri də ICOMOS Armenia (International Council on Monuments and Sites) təşkilatının prezidenti Qaqik Gürcyandır. O, bu yaxınlarda “Gövhər ağa” məscidinin təmirinin yeganə belə layihə olmadığını bildirib. Ermənistan və Qarabağ ərazisindəki bir sıra digər müsəlman tikililərinin bərpası istiqamətində erməni və İran mütəxəssislərinin yeni planlarının olduğunu vurğulayıb”, - deyə F.Şəfiyev əlavə edib.

Ermənistanın IDeA (Initiatives for Development of Armenia) təşkilatının yaydığı son xəbərdə isə, bərpa işinə bu sahədə böyük təcrübəsi olan 12 iranlı mütəxəssisin dəvət edilib.

Onu da qeyd etmək lazımdır ki, vaxtilə İrəvandakı azərbaycanlılara məxsus “Göy məscid” 1990-cı illərdə məhz Fars məscidi adı ilə təmir və bərpa edilib.

Ekspert bu faktlara diqqət çəkərək qeyd edib ki, işğal olunmuş Azərbaycan ərazilərində tarixi-mədəni abidələrin qorunması adı ilə Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejimin əməkdaşlığına müxtəlif xarici qurumlar qoşulub:

“Bu prosesin davam etdirilməsi nəzərdə tutulur. Müvafiq beynəlxalq  normalara zidd olan belə hərəkətlər dünya ictimaiyyəti tərəfindən pislənilməlidir. Eyni zamanda müvafiq dövlətlər tərəfindən xarici mütəxəssis və şirkətlərin bu işdə iştirakının qabağı alınmalıdır”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri