14 
Okt
2019
16:27
115
32
3678
Virtual karabakh

Rəsmi Bakı Zatulinin cavabını verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin işğal altındakı Xankəndi şəhərində keçirilən “forumda” qanunsuz iştirakına münasibət bildirib.

Oxu.Az-ın xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, K.Zatulinin bu addımı Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır.

XİN rəsmisi xatırladıb ki, K.Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahıya” daxil edilib.

“K.Zatulinin “forum”da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır”, - deyə L.Abdullayeva əlavə edib.

O qeyd edib ki, Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir.

“Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda “Valday” Beynəlxalq Diskussiya Klubunda iştirakı və bu çərçivədə keçirilmiş ikitərəfli görüş bunun bariz nümunəsidir. 

İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda Zatulin kimi şəxslərin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Lakin bu kimi təxribat xarakterli səylərə baxmayaraq Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri