21 
Okt
2019
11:20
243
16
4972
Virtual karabakh

Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL

21 Okt, 2019
11:20
4972

Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Suriyadakı “Barış pınarı” hərbi əməliyyatına qarşı Vaşinqton və Avropa Birliyinin mövqeyi mənə təəccüblü görünür. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. 

“Vaşinqton və Brüsselin həm ABŞ-ın, həm də Avropa Birliyinin maraqlarına cavab verən Suriyadakı “Barış pınarı” hərbi əməliyyatına qarşı kəskin reaksiyası çox qəribədir. Ərdoğanın Türkiyə sərhədindəki terror təhlükəsinin qarşısını almaq və minlərlə suriyalının qayıda biləcəyi təhlükəsizlik zonasını yaratmaq niyyəti, əslində, Qərbin planlarına uyğun olmalıdır.

Axı söhbət miqrantların vətənlərinə qayıtması üçün şərait yaratmaqdan və nəticədə, Avropa ölkələrinin üzləşdiyi miqrasiya böhranın həll olunmasından gedir”, - M.Brayza bildirib. 

Onun sözlərinə görə, Qərb siyasətçiləri və ekspertlərinin Ərdoğana olan etimadsızlığı Vaşinqtonun Türkiyəni xarici əraziləri ələ keçirmək planlarında şübhəli bilməsi ilə əlaqədardır.

“Vaşinqtondakı siyasətçilər və mütəxəssislər Türkiyə prezidentinin söylədiyi hədəflərə inanmadığı üçün Ərdoğana etibar etmirlər. Qərb hesab edir ki, Türkiyə Suriyanın böyük hissəsini ələ keçirmək və bütün kürdləri öldürmək fikrindədir. Bu kimi fikirlər mənə çox qəribə görünür. Bilirəm ki, Ərdoğanın məqsədi bu deyil”, - M.Brayza qeyd edib.

Brayzanın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın indi çətin vəziyyəti aradan qaldırmaq imkanları var:

“Prezident türk qoşunlarının və müttəfiqlərinin artıq məqsədlərinə çatdıqlarını bəyan edə bilər. Ərdoğan terror təhlükəsinin aradan qaldırılacağını və qələbədən sonra hərbi əməliyyatların dayandırılacağını elan edə bilər”.

Tramp və Ərdoğanın KİV-lərdə bir-birilərinin ünvanına səsləndirdikləri kəskin fikirləri şərh edən sabiq səfir bildirib ki, bunlara baxmayaraq, ABŞ və Türkiyə prezidentləri bir-birinə hörmət edir. 

Sonda M.Brayza qeyd edib ki, Türkiyə NATO tərəfdaşıdır və əgər amerikalı konqresmenlər bu ölkəni düşmən hesab edirsə, dünya ağlını itirib.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri