Noy
2019
16:20
12
123
1649
Virtual karabakh

Aleksey Martınov: Qarabağ münaqişəsi KTMT və AİB formatında həll edilə bilər

Oxu.Az Moskvanın “Yeni dövlətlərin beynəlxalq İnstitutu” qeyri-hökumət təşkilatının direktoru Aleksey Martınovla müsahibəni təqdim edir.

- 22-23 noyabrda Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək, burada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da iştirakı gözlənilir. Bu gün Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafını necə xarakterizə etmək olar?

- Rusiya-Azərbaycan ikitərərfli münasibətləri çox dinamik inkişaf edir. Bundan əlavə, qeyd etmək lazımdır ki, bu inkişaf nəinki regionlararası forumun keçirildiyi 10 ili, eyni zamanda, yeni tarixin son 28 ilini əhatə edir.

İkitərəfli münasibətlərin çox fəal inkişaf etməsinə baxmayaraq, Azərbaycan hələ Avrasiya məkanında inteqrasiya layihələrində iştirak etmir. İstərdim ki, Bakı MDB ölkələrinin ənənəvi formatında yer tutmaqla yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Birliyi (AİB) və Gömrük İttifaqı kimi layihələrdə də iştirak etsin.

Əminəm ki, qısa müddətdə Azərbaycan AİB-in ümümi formatına qoşulacaq və ola bilsin ki,  KTMT fəaliyyətində yer alacaq.

Əlbəttə ki, Ermənistan və Azərbaycan arasında həll olunmamış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi problem davam edir. Yerevan, bildiyiniz kimi, bütün bu inteqrasiya layihələrinin iştirakçısıdır, amma mənə elə gəlir ki, məhz bu ümumi formatlar daxilində post-sovet məkanında baş vermiş ən qədim münaqişələrdən birinin davamlı və zəmanətli həlli mümkündür.

Həm Ermənistan, həm Azərbaycan xalqı 30 ilə yaxın davam edən bir qarşıdurma şəraitində yaşamaqdan yorulublar. Bu münaqişənin mövcud olduğu dövrdə doğulan və yaşayan böyük bir nəsil yetişib. Bəli, çox qəddar, dəhşətli müharibə olub. Çoxlu haqsızlıq, çox sayda məcburi köçkün...

İndi isə problem belə kəskin mərhələdə deyil. Ancaq bu, hələ də milli mentalitetə təzyiq göstərən, nə Azərbaycanın, nə də Ermənistanın tam inkişafına imkan verən bir münaqişədir.

Bir daha təkrar edirəm: fikrimcə, bu münaqişəni KTMK, AİB kimi beynəlxalq təşkilatlar həll edə bilər. Bundan sonra hamı birlikdə, ilk növbədə də Rusiya bu mövzuda təhlükəsiz inkişaf prinsiplərini əsas götürməlidir.

- Yeri gəlmişkən, bu yaxınlarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşdən sonra keçirilən brifinqdə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar Azərbaycan və Ermənistan jurnalistlərinin birgə səfərlərinin təşkili çərçivəsində nəzərdən keçiriləcək.

- Lap yaxşı. Bu, çox faydalı addımdır. Birincisi, mövcud münaqişə nöqteyi-nəzərindən başqa, Ermənistan və Azərbaycanın jurnalistlərinin hərbi təbliğat baxımından da aralarında kifayət qədər ciddi konfilikt var. Yəni hərbi təbliğat şəraitində hər şey çox aydındır: burada - özləri, orada - yadlar, digər tərəfdə - düşmənlər.

Belə demək mümkünsə, mən özüm də dəfələrlə bu çarpaz “atəş”in içində qalmışam, jurnalistikada Ermənistan və Azərbaycanın cəmiyyəti var. Məncə, qarşılıqlı dialoq üçün hansısa əsas tapmağa çalışmaq, mübadilə şəraitində bir-birini başa düşmək və hərbi təbliğat prinsipindən uzaqlaşmaq çox mühümdür. Bu layihənin iki münaqişə tərəfinin jurnalist icmasının nümayəndələri arasında planlaşdırılması çox vacibdir.

- Bir neçə il əvvəl Azərbaycan və Ermənistanın ictimai və mədəniyyət xadimləri xalq diplomatiyası çərçivəsində Bakı və Yerevana qarşılıqlı səfərlər etmişdilər...

- Nədənsə, sonra bu dayandırıldı. Sanki kimsə bir düyməyə basmışdı.

- Lavrov tərəflərin emosional açıqlamalardan çəkinmələrini istəyib. Söhbət ermənilərin “Qarabağ Ermənistandır” və “Qarabağla bağlı artıq qərar verilib” kimi ifadələr işlətmələrindən gedir.

- Lavrovun məntiqini başa düşürəmsə, o, eyni zamanda, həm Ermənistana, həm də Azərbaycana müraciət edir. Yəni münaqişə tərəfləri qarşılıqlı anlaşma üçün dialoqa mane olan ifadələrdən çəkinməlidilər. Görək, tərəflər həm Azərbaycanda, həm də Ermənistanda böyük hörmət və nüfuza sahib olan rusiyalı nazirin sözünə necə qulaq asacaqlar.

- Yaxın gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində gedən danışıqlardan hər hansı bir irəliləyiş gözləyirsinizmi?

- Bilirsiniz, biz optimist olduğumuz üçün, daima belə olmasını gözləyirik, çünki həm Azərbaycan, həm də Ermənistan üçün xeyirli olanı istəyirik. Həm Azərbaycan, həm də erməni xalqına çox yaxşı münasibət bəsləyirik.

Biz bu mürəkkəb problemin, münaqişənin mahiyyətini başa düşürük. Əlbəttə ki, bu problemin həlli asan olmayacaq. Bu istiqamətdə beynəlxalq güclərin səyləri hələ də nəticə verməyib. Ancaq mənə elə gəlir ki, indi belə bir məqam yetişib ki, post-sovet məkanının ən qədim münaqişəsini hər iki xalqın məmnunluğu, həm Azərbaycan, həm Ermənistan xalqlarının xeyrinə həll etmək mümkün olacaq. Biz bu məsələdə hər cür dəstəyə hazırıq.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri