Dek
2019
10:50
68
32
4238
Virtual karabakh

Parlament niyə buraxılmalıdır? - ŞƏRH

3 Dek, 2019
10:50
4238

Parlament niyə buraxılmalıdır? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 2-də Milli Məclisin iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması haqqında Prezidentə müraciət barədə qərar qəbul olunub.

Parlamentin buraxılması Azərbaycanda həyata keçirilən köklü islahatların son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlaqədardır.

Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Bu islahatların daha da ardıcıl və sistemli xarakter alması üçün isə hakimiyyətin qanunverici qanadının dövrün tələblərinə uyğunlaşdırılması önəmlidir.

Milli Məclisin qəbul etdiyi qərarda deyilir ki, parlamentdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf millət vəkilləri qanunverici orqanın buraxılması təşəbbüsünə həmrəylik nümayiş etdirib.  

Onlar parlament fəaliyyətinin yaranmış vəziyyətdə davam etdirilməsinin mümkünsüz olduğunu bəyan ediblər.

“Milli Məclis deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqelərinin mövcudluğunun parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını aldığı nəzərə alınaraq, deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir”, - deyə qərarda bildirilir.

Parlamentin xalqın etimadını yenidən qazanması üçün aparılan kadr və institutsional islahatlardan geri qalmaması əsas şərtlərdən biridir.

Növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının gənc, intellektual, çevik, hadisələri daha operativ və obyektiv qiymətləndirən gənclər korpusunu deputatlığa namizəd kimi irəli sürəcəyi gözlənilir.

Milli Məclisin tərkibinin peşəkar komanda səviyyəsində yenilənməsi həm də ona görə zərurətə çevrilib ki, hakimiyyətin hər üç qolunun (icra, qanunverici və məhkəmə) işində qarşılıqlı çeviklik artırılsın və qanun çərçivəsində koordinasiya sürətləndirilsin.

Yeni deputat komandası ilə qanunverici hakimiyyətin dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirməsi üçün faydalı iş əmsalını artıracağı gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də, saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri