13 
Dek
2019
17:17
17
99
4619
Virtual karabakh

64 yaşlı Fərhad Əhmədov gedən qatarın son vaqonuna tullanmaq üçün “va-bank”a getmək qərarına gəlib - TƏHLİL

“Bu tip bizdə ən müqəddəs olana – Konstitusiyaya əl qaldırıb!”, - deyə 1966-cı ilin may ayında Sovet kinoteatrlarının ekranlarından Dima Semitsvetov bəyan etmişdi. Bəli, bəli! Həmin qədimi radiol və bobin maqnitofonlarının satıcısı; hansı ki, onun “Volqa”sını sığorta ofisinin sonda canavar tələsinə düşən işçisi - “XX əsrin Robin Qud”u dəfələrlə oğurlamağa cəhd etmişdi.

Yəqin ki, çoxlarınız “Avtomobildən qorun” kinokomediyasında İnnokenti Smoktunovskinin ekranda dahiyanə şəkildə canlandırdığı, rüşvətxorların maşınını qaçıran Yuri Detoçkinin müttəhimlər kürsüsündə səbrlə öz kədərli aqibətini gözlədiyi son səhnələrindən birini gözəl xatırlayırsınız.

Həmçinin, zərərçəkmiş qismində şahid ifadəsi verən və ədalət qılıncının onun üzərində də asıldığın məhkəmədə öyrənən oğurlanmış avtomobilin sahibini də xatırlayırsınız.

Yəqin ki, Yuri Yakovlevin kadr arxası “Yuri İvanoviç Detoçkinin taleyi hələ də dumanlı olaraq qalırdısa da”, “Dima Semitsvetovun gələcəyi artıq aydın görünürdü” deməsi də yaddadır.

Yəqin ki, sizdə belə sual yaranıb: Bu paralellər nəyə lazımdır? Ona görə ki, hörmətli oxucu, “bu tip bizdə ən müqəddəs olana – Konstitusiyaya əl qaldırıb!”. Bəli bəli! Söhbət məqalənin başlığına adı çıxarılan və bir gün əvvəl Oxu.az-ın məqalə həsr etdiyi keçmiş rusiyalı senatordan gedir.

Beləliklə, özünüz qərar verin.

“Facebook” sosial şəbəkəsində öz səhifəsində “Müxalifətin faydası” adlı statusunu dərc edərkən milyarder Fərhad Əhmədov Azərbaycan reallığına Böyük Britaniyanın siyasi sistemini geyindirmək istəyir. 

“Mənim əsas ümidlərimdən biri budur ki, Azərbaycanda da nəhayətdə əsl konstruktiv müxalifət meydana gələcək... İdeal, lakin çox geniş yayılmamış variant – ingilis modelidir, hansı ki, parlament müxalifəti Konstitusiya ilə möhkəmlənmiş - nəzarət, tənqid və alternativ funksiyalar daşıyır. Sonuncunun mənası budur ki, o, istənilən vaxt idarəçiliyi öz üzərinə götürə və cari hakimiyyətlə müvəqqəti olaraq yerini dəyişə bilər”, - deyə rusiyalı oliqarx yazıb.

Dünən biz artıq yazmışdıq ki, Azərbaycan Parlamentinin işini mükəmməlləşdirmək istəyən F.Əhmədov təkcə Milli Məclisin fəaliyyəti ilə maraqlanmayıb. 

Ola bilsin ki, öz eposunu sabiq senator tək yazmayıb, ona siyasi analitiklər qrupu kömək edib. Və ehtimal var ki, bu məqalə Azərbaycanda növbəti parlament seçkilərinin 2020-ci ilin noyabrında keçiriləcəyi hesabı ilə yazılıb. Lakin növbədənkənar seçkilərin keçirilməsi barədə qərar rusiyalı oliqarxın bütün planlarını pozdu.

Azərbaycanın Konstitusiyasına gəldikdə, orada aydın yazılıb:

“Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz” və “Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir”.

Yəni F.Əhmədovun Azərbaycanda parlament müxalifətinin istənilən vaxt idarəçiliyi öz əlinə ala bilməsi və hökumətin funksiyasını yerinə yetirməklə bağlı ingilis modelindən istifadə etmək barədə fikirləri məhz ötən əsrin 60-cı illərində kinoteatrların və televizorların ekranlarından Andrey Mironovun  qəhrəmanının bəyan etdiyidir.

Daha bir məsələ özündə diqqəti cəmləşdirir. Maraqlıdır, nəyə görə rusiyalı sabiq senator məhz Azərbaycanı nəzərdə tutmaqla müxalifət barədə xatırlayıb? Kimin sifarişini yerinə yetirir? Niyə 1970-ci ildən bəri qısa fasilələrlə yaşadığı Rusiyaya qarşı oxşar təşəbbüslə çıxış etməyə cəsarət etməyib? Hər bir halda, bir daha senator ola bilməyəcəyini anlayan rus oliqarxın siyasi fikirləri Rusiyada nəzərə alınmalıdır.

Əminəm ki, F.Əhmədov parlament seçkilərinə həsr olunmuş statusunun dərcinə lap çoxdan hazırlaşıb. Xatırlayaq ki, 2018-ci ilin payızında rusiyalı sabiq senator, Bakının Qaradağ rayonunda Azərbaycanın böyük şairi Mikail Müşfiqin qalıqlarını aşkarladığı barədə bəyan etmişdi.

Azərbaycanda, hətta Stalin rejiminin repressiyaya məruz qoyduğu şairin cəsədinin fraqmentlərinin öyrənilməsi üçün xüsusi İşçi Qrup da yaradılmışdı. Lakin zaman göstərdi ki, milyarderin qoşduğu hekayə boş şey imiş. Nəticədə, F.Əhmədovun bəyanı təsdiqlənmədi. Yəqin ki, bundan sonra Rusiyada Nibelunqların mədəni irsi üçün axtarışların təşəbbüskarı kimi çıxış etsə, az adam təəccüblənər.

Xülasə olaraq, Fərhad Əhmədovun yaşına da diqqət çəkmək istərdim. O, 1955-ci ildə Göyçayda anadan olub. Deməli, indi 64 yaşındadır. Yəni, yenə də Milli Məclisin deputat mandatını almaqdan ötrü yola düşən qatarın axırıncı vaqonuna minmək üçün son şansı var.

Azərbaycan Prezidenti İlham Əliyev, istefa ərizəsini təqdim edən baş nazirin müavini Hacıbala Abutalıbovla son söhbətində demişdi:

“Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər”.

Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci ilin fevralın 9-na təyin olunub. Bundan sonrakı, 5 ildən sonra - 2025-ci ildə baş verməlidir.  Həmin vaxt F.Əhmədovun 70 yaşı tamam olacaq. Və Azərbaycan parlamentinin üzvü olma planlarını reallaşdırmaq imkanı, hətta Azərbaycan vətəndaşlığını qəbul etsə də, o vaxta qədər tamamilə xəyal kimi görünür.

Deməli, bu gün 64 yaşı var ikən “va bank”a getmək lazımdır. Rus oliqarxının etməyə çalışdığı da məhz budur.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri