İyn
2020
09:20
707
125
10549
Virtual karabakh

Prezidentin Ermənistana müharibə mesajı - TƏHLİL

Dağlıq Qarabağ münaqişəsində dünya ictimaiyyətində yekdil rəy formalaşır, bu isə son illər Azərbaycan diplomatiyasının hücum praktikasına söykənən səylərinin nəticələridir.

Münaqişə ilə bağlı tarixi həqiqətlər, siyasi və hüquqi əsaslar, dünyanın ən nüfuzlu təşkilatları və  ölkələri tərəfindən verilən bəyanatlar Azərbaycanın diplomatik üstünlüyünü nümayiş etdirir.

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxış edərkən deyib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir.

“Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar veriblər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir”, - deyə Prezident söyləyib.

Azərbaycanın diplomatik üstünlükləri, iqtisadi potensialı hərbi sahədə də əhəmiyyətli fərq yaradır.

Azərbaycanın 2016-cı ilin Aprel zəfərinin Ermənistanın hərbi-siyasi dairələrində, erməni cəmiyyətində yaratdığı xofun izləri silinməmiş 2018-ci ilin mayında rəsmi Yerevan daha bir zərbə ilə silkələndi.

Həmin vaxtlar Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan ordusunun nəzarəti altına keçdi.

2019-cu il ərzində Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqelərinin 1,5-1,7 kilometr irəli çəkilməsi Azərbaycan ordusunun əziciliyi altında inildəyən Ermənistan hakimiyyətinin cəmiyyətdə mövqeyini darmadağın etdi.

Azərbaycan və Ermənistan orduları arasında qüvvələr balansında, döyüş hazırlığının səviyyəsində də kəskin fərqlər  özünü göstərir.

Azərbaycan ordusunu güclü edən amillərdən biri də dövlətin müdafiə xərclərini gücləndirməsi ilə əlaqədardır.

Azərbaycanın 2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə 3 milyard 853 milyon 587 min 721 manat xərc nəzərdə tutulub. Bu isə 2019-cu illə müqayisədə çoxdur.

Ermənistanın isə 2020-ci il üçün hərbi büdcəsi 634 milyon dollardır.

Nüfuzlu “Global Firepower” təşkilatının 2020-ci il üçün reytinqində Azərbaycan ordusu 138 ölkə arasında 64-cü yerdə, Ermənistan isə 111-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Global Firepower” hərbi güc və maliyyə baxımından maddi-texniki imkanları  qiymətləndirir. Bu zaman müəyyən bir ölkənin hərbi nüfuzunu 50-dən çox indikatordan istifadə etməklə dəyərləndirir.

Azərbaycanın hərbi-texniki əməkdaşlıq etdiyi ölkələrin siyahısı da çoxdur. Ermənistan ən çox Rusiya hesabına silaha olan “aclıq” tələbatını qarşılayırsa, Azərbaycanın Rusiya ilə yanaşı, İsrail, Türkiyə, Çexiya, Belarus, Pakistan, Ukrayna kimi tərəfdaşları var.

Ermənistan ordusunun arsenalında olan silahların çoxu köhnədir, Azərbaycan isə ən müasir raket, hava hücumundan müdafiə sistemlərini, tankları, kamikadze dronları silahlanmaya daxil edib.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın potensialına diqqət çəkərək deyib ki, ölkəmiz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüdür.

“Bunu göstərmişik, o cümlədən, döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik”, - deyə Prezident Aprel zəfərindən danışıb.

Dövlət başçısı çıxışındakı Qarabağ münaqişəsi ilə bağlı məqamlar iki cəhətdən çox önəmlidir.

Birincisi, İlham Əliyev Azərbaycanın siyasi və hüquqi baxımdan mövqeyinin mükəmməl, Ermənistanın mövqeyinin qüsurlu olduğunu deməklə rəsmi Yerevanın beynəlxalq aləmdə təkləndiyini ifadə edir.

İkincisi, Prezidentin Azərbaycan ordusunun gücündən danışması Ermənistana növbəti xəbərdarlıqdır. O baxımdan ki, Ermənistan əgər sülh yolu ilə işğal etdiyi ərazilərdən geri çəkilməsə, Azərbaycan daha sərt tədbirlərə əl atacaq.

“Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin”, - deyə Prezident bildirib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri