17 
İyn
2020
13:13
26
109
3590
Virtual karabakh

Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi - Vadim Truxaçovun ŞƏRHİ

17 İyn, 2020
13:13
3590

Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi - Vadim Truxaçovun ŞƏRHİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda çoxdan gözlənilən siyasi fırtına baş verib. Dünən martın 16-da ölkə parlamenti “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qagik Tsarukyanı deputat toxunulmazlığından məhrum edib. Müraciət 2 aprel 2017-ci il parlament seçkiləri ərəfəsində vətəndaşlara rüşvət verilməsi ilə bağlı cinayət işində Qagik Tsarukyanı ittiham edən baş prokuror tərəfindən təqdim olunub.

Bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Tsarukyanın iqamətgahına basqın edib, sonra onu kütləvi etiraz aksiyası fonunda doqquz saatdan çox dindiriblər. Bu zaman 250-dən çox aksiya iştirakçısı saxlanılıb. Dünən də azı 100 nəfər tutulub.

Xatırladaq ki, “məxməri inqilab” zamanı Nikol Paşinyanın tərəfdarları hakimiyyət tərəfindən tutulmamışdı. Qagik Tsarukyan özü də müxalifətçinin baş nazir olmasında fəallıq göstərmişdi.

Məşhur erməni jurnalist Hayk Halatyan baş verənlərlə bağlı “Facebook” səhifəsində yazıb: “Görünür, bu vəziyyətdən ya diktator Paşinyanla, ya da baş nazir Paşinyan olmadan çıxacağıq... Ancaq bütün oliqarxlar/iri sahibkarlar üçün bir nümunə: Paşinyanı tənqid etmirsiniz və istefasını tələb etmirsinizsə, təntənəli günlərinizi sizə məxsus restoranlarda baş nazirlə birlikdə qeyd edəcəksiniz. Tənqid etmək qərarına gəlsəniz, dərhal köhnə rejimdən qalma oliqarx statusuna qayıdırsınız və keçmişin nəyə görəsə iki ildir yada düşməyən günahları barəsində açılmış cinayət işləri haqqında məlumat alırsınız...

P.S. Hər halda, keçmiş müxalifət lideri Paşinyanın özünə qarşı tənqidə dözümsüzlüyü təəccübləndirir. Bu, narahatlıq yaradır”.

Nikol Paşinyanın diktatora çevrilməsi bu gün başlamayıb, sadəcə, temp yüksəlib. İndi Ermənistanın baş naziri ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu iddia edir. Təqib olunan oliqarx və deputat isə hesab edir ki, hazırkı hökumətin cavab verməli olduğu vaxt gələcək.

Ermənistandakı siyasi qeyri-sabitlik Qarabağ nizamlanmasına necə təsir edəcək? Məsələn, elə həmin Qagik Tsarukyan çaşqınlığını belə ifadə edir: “Nə baş verdiyini və nə barədə danışıqlar apardıqlarını izah etmək əvəzinə bildirirlər ki, heç bir şey haqqında danışmırıq, qəhvə və ya çay içirik”.

Ermənistandakı vəziyyəti politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Vadim Truxaçov Media.Az-a şərh edib.

- Ermənistanda baş verən hadisələr fonunda Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin perspektivləri nə yerdədir? Heç bir irəliləyiş yoxdur, Nikol Paşinyan özü əvvəlki bütün razılaşmalardan rəsmi şəkildə imtina edib.

- Əlbəttə, hər hansı danışıq müharibə və insan itkisindən hər zaman daha yaxşıdır. Bu, həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya üçün yaxşıdır, çünki bunlar hamısı yaxındır. Düşünürəm ki, Qarabağla bağlı yaxşı həll yolu ola bilməz, bu, hər iki tərəfə yaramayacaq.

- Bu başa düşüləndir. Amma bu özü elə güzəştdir. Ancaq danışıqlar da yoxdur, çünki hazırkı Ermənistan hökuməti razılaşmalardan imtina edib - Madrid prinsipləri, Kazan formulu və s. Sıfırdan başlayaq? Bu ki cəhənnəm zülmüdür.

- Bu, həqiqətən, cəhənnəm zülmüdür. Əlbəttə, Nikol Paşinyan Ermənistanın rəhbərliyindəki ən uğurlu siyasətçi deyil. Buna görə də, həmin ölkədə başqa bir fəalın hakimiyyətə gəlməsini gözləməyə dəyər. Ancaq təbii ki, heç kim əbədi gözləməyəcək. Diqqət yetirin, Paşinyandan əvvəl qarabağlıların Ermənistana rəhbərlik etməsinə baxmayaraq, danışıqlar prosesi davam edirdi.

- Bəli, qəribə də olsa, razılaşmalar “Qarabağ klanı”nın dövründə əldə olunub. Nikol Paşinyan isə “Yerevan klanı”nın nümayəndəsidir...

- ...Paşinyan İcevandandır, amma bəli, bu, bilavasitə Ermənistan ərazisidir. Düşünürəm ki, Ermənistanın baş naziri dayanıqsız mövqeyini nəzərə alaraq, bu cür kəskin hərəkətlərlə həm erməni diasporunun, həm də erməni cəmiyyətinin ən radikal hissəsinin dəstəyini qazanmağa çalışır.

- Ermənistan cəmiyyətində yanaşmalarda fərq var. Bəziləri Qarabağın Ermənistana “birləşdirilməsinin” tərəfdarıdır, digərləri isə bu qanunsuz qurumun “müstəqilliyini” tanımasının. Bütün bunlar, əlbəttə ki, danışıqlar prosesinə, daha doğrusu, onun faktiki yoxluğuna təsir göstərir. Bu, nə qədər davam edə bilər?

- Belə vəziyyət Rusiya, Fransa (Avropa İttifaqının nümayəndəsi kimi) və ABŞ təzyiq göstərməyə başlayana qədər davam edəcək. Bu isə yaxın gələcəkdə baş verəcək. Fikrimcə, 2020-ci, maksimum 2021-ci ildə. Rusiya, ABŞ və Aİ arasında ziddiyyətlərə baxmayaraq, Qarabağ məsələsində xüsusi fikir ayrılığı yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri