İyl
2020
12:38
380
30
5380
Virtual karabakh

İqor Korotçenko: “Ermənistanda gözəl başa düşürlər ki, Qarabağ əzəli Azərbaycan torpağıdır” - MÜSAHİBƏ

1 İyl, 2020
12:38
5380

İqor Korotçenko: “Ermənistanda gözəl başa düşürlər ki, Qarabağ əzəli Azərbaycan torpağıdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən (30 iyun) Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın iştirakı ilə keçirilən videokonfransdan sonra açıqlama ilə çıxış ediblər.

Görüşdə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair prosesdə məzmunlu danışıqlar mühitinin vacibliyi bir daha vurğulanıb.

Lakin tərəflər tamamilə fərqli məsələlər barədə danışırsa, hansı məzmunlu danışıqlar mühitindən söhbət gedə bilər?

Ermənistan diqqəti Qarabağda yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst məskunlaşdırılmasına istiqamətləndirib.

Azərbaycan isə diqqəti işğal olunmuş ərazilərində infrastrukturun dəyişdirilməsinə və qanunsuz iqtisadi fəaliyyətə yönəldib.

Media.Az rusiyalı analitik, “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenkodan vəziyyəti şərh etməyi xahiş edib.

- Sizdə belə bir təəssürat yaranmır ki, tərəflər fərqli mövzular qaldırır, fərqli məsələlərdən danışırlar? Bu cür danışıqların mənası nədir?

- Əslində, mən hesab edirəm ki, tərəflərin bir-birini başa düşmədiyini söyləmək doğru deyil. Hər halda, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini yaxşı bilir, lakin bunu etiraf etmək istəmir. Rəsmi Bakı isə öz mövqeyini açıq şəkildə ortaya qoyur. Ermənistan tərəfi işğal etdiyi əraziləri mərhələli şəkildə tərk etməlidir. Burada hər şey hər kəsə aydındır.

Azərbaycan beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Rəsmi Bakının mövqeyi fundamentaldır. Ermənistan isə dialoqdan yayınır, Azərbaycan ərazilərinin işğaldan azad olunması vaxtını müzakirə etməkdən çəkinir. Rəsmi Yerevan demaqogiya ilə məşğul olmağı üstün tutaraq, bu barədə danışmaq istəmir. İşğal uzun müddətdir ki, davam edir. XXI əsrdə 30 il özgə əraziləri işğalda saxlamaq nonsensdir. Lakin buna baxmayaraq, Yerevan Qarabağ probleminin həlli ilə bağlı məsələləri müzakirə etmək istəmir.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yeddi rayon və Dağlıq Qarabağ ərazisi var. Bu, əzəli Azərbaycan torpaqlarıdır. Məntiqli olardı ki, Ermənistan könüllü olaraq beş, ardınca iki işğal edilmiş rayonun ərazisini tərk etsin və Azərbaycanın razılığı ilə Ermənistanla Qarabağ arasındakı nəqliyyat dəhlizi qorunub saxlanılsın (hərbi yox, mülki yüklərin daşınması şərtilə). Ardınca sülhməramlıların, məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zəmanəti ilə məcburi köçkünlərin, onların münaqişədən sonra doğulmuş ailə üzvlərinin doğma torpaqlarına geri qaytarılması həyata keçirilsin. Qanunsuz silahlı birləşmələr tərksilah edilsin, Azərbaycan və Ermənistan icmalarının dinc yanaşı yaşaması təmin olunsun, sülhməramlıların nəzarəti altında qanunverici orqanlara seçkilər keçirilsin, rəsmi Bakı tərəfindən idarə edilməli olan diplomatiya və təhlükəsizlik məsələləri istisna olmaqla, əraziyə maksimal muxtariyyət statusu verilsin.

Bu, inteqrasiyanın “Honkonq modeli”dir və çox real ssenaridir. Əgər Ermənistan öz əhalisinin təhlükəsizliyindən narahatdırsa, hesab edirəm ki, Azərbaycan və qeyd etdiyim KTMT sülhməramlıları azərbaycanlıların və ermənilərin birgə yaşaması ilə bağlı məsələləri həll edə bilər.

Bakının potensialını nəzərə alaraq, bu ərazinin Azərbaycana qaytarılmasından sonra Qarabağdakı iqtisadi vəziyyət dərhal yaxşılaşacaq.

Ancaq təəssüf ki, biz Nikol Paşinyanın Qarabağ münaqişəsini həll etməkdə tam istəksiz olduğunu görürük. Bu, həm də Ermənistanın baş nazirinin qərarsız mövqeyi ilə bağlıdır. Müxalifət onun kürsüsünü laxladır. Ermənistanda geniş anti-Paşinyan ittifaqı yaradılır ki, bu da ölkə üçün yeni kataklizmlər deməkdir.

Düşünürəm ki, Azərbaycan beynəlxalq müstəvidə ekspertlərlə əlaqələr qurmalı və onlarla sıx işləməlidir, o cümlədən Rusiyadan olan mütəxəssislərlə. İctimai rəyin liderlərinə müraciət etmək, Dağlıq Qarabağdakı münaqişə ilə bağlı həqiqətləri çatdırmaq, kimin işğalçı, kimin işğala məruz qaldığını daha fəal şəkildə izah etmək lazımdır.

- Siz münaqişənin həllində “Honkonq modeli”ni qeyd etdiniz. Bu, Aland münaqişəsini xatırlatdı. 100 il keçib, amma əhalisi əsasən isveçlilərdən ibarət olan adalar Finlandiyanın bir hissəsi olaraq qalır...

- Münaqişənin həlli formatları müxtəlif ola bilər. Lakin erməni tərəfinin əsas “arqumenti” “təhlükəsizlik kəməri” adı altında işğal edilmiş əraziləri azad etməkdən imtinadır. Bir daha deyirəm, hər zaman beynəlxalq zəmanət çərçivəsində uyğun model tapmaq olar. Misal üçün, yerli idarəetmə və polis strukturu qurmaq. Bütün bunlar Dağlıq Qarabağın Azərbaycana inteqrasiya modelində gərginliyi aradan qaldırmağa kömək edəcək. Əsas olaraq “Honkonq modeli” və ya “Aland modeli” götürülə bilər. İstək və xoş niyyətdən asılı olaraq – hər şey mümkündür. Ancaq təəssüf ki, Yerevanın bunu istəmədiyini görürük. Bu mövqeyə nə bəraət qazandırmaq mümkündür, nə də onu başa düşmək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri