23 
Sen
2020
10:44
318
11
2124
Virtual karabakh

Spiker: “Azərbaycan tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”

Rusiyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki qeyri-konstruktiv mövqeyi və Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribatdan danışıb.

Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

S.Qafarovanın sözlərinə görə, ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bugünədək məhəl qoyulmur:

“Ermənistanın son təxribatı isə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu.

Nəticədə, azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir.

Həmin konvensiyaların ziddinə olaraq, bu gün Ermənistan tərəfindən  həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

S.Qafarova çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərindən də danışıb:

“Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir.

Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur. Məsələn, Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar?

Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək”.

“Düşünürəm ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur.

Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək”, - spiker vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri