25 
Sen
2020
17:11
234
22
1780
Virtual karabakh

Aleksandr Sosnovski: “Türklər diplomatik istedadları ilə tanınırlar və indi onu istifadə etməyin vaxtıdır”

Avropa Birliyi 24-25 sentyabr tarixlərinə planlaşdırılan sammiti 1-2 oktyabr tarixlərinə təxirə saldı. Rəsmi səbəb olaraq koronavirus göstərilir. Yeri gəlmişkən, sammitdə  Belarusdakı vəziyyət, Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi və “Aralıq dənizi böhranı” da daxil olmaqla bir neçə ciddi məsələlər müzakirə edilməli idi.

Sonuncu punkt Bakı ilə Ankara arasında 2010-cu ildə imzalanan “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında” razılaşmanı nəzərə alsaq ən vacib məsələdir. Avropa İttifaqı Yunanıstan tərəfini dəstəkləyir və Ankaraya qarşı sanksiyalar tətbiq etməyə hazırdır. Bu isə 17 sentyabrda qəbul edilmiş Avropa Parlamentinin Türkiyəni Şərqi Aralıq dənizində qazma işlərini dayandırmağa çağıran tövsiyəedici qərarını dolayısı ilə dəstəkləmək deməkdir.

Niyə praktik olaraq bütün Qərbi Avropa Yunanıstanın mövqeyi ilə həmrəylik ifadə edir, bölgədə hərbi qarşıdurma mümkündürmü, Azərbaycan-Türkiyə münasibətləri “Aralıq dənizi böhranı”na necə təsir edir?

Politoloq, yazıçı, Almaniyada dərc olunan “World Economy” internet jurnalının baş redaktoru, Beynəlxalq Mədəni İrs Akademiyasının professoru, Hamburqdakı Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunun dosenti Aleksandr Sosnovski Media.Az-a verdiyi müsahibədə yuxarıda qeyd olunan suallarla bağlı fikirlərini səsləndirib.

- Əvvəl Almaniyanın mövqeyi kifayət qədər bitərəf idi, sonra Berlindən, belə demək olarsa “antitürk siqnalları” gəldi. Nə baş verir? Aydındır ki, Türkiyə Avropa İttifaqına daxil deyil, lakin məlumdur ki, NATO-nun fəal üzvüdür...

- Burada tez-tez danışılmayan iki komponent var. Birincisi, Avropada Türkiyənin son illərdə əhəmiyyətli dərəcədə gücləndiyini başa düşürlər. Ölkə elə bir səviyyəyə çatıb ki, Avropa İttifaqına daxil olarsa, orada əhəmiyyətli rollardan birinə iddia edə bilər. Bir daha təkrar edirəm, Avropada bu barədə açıq danışmırlar, amma burada, Avropa İttifaqı daxilində rəqib qazanmaqdan qorxurlar. Avropalı siyasətçilər bunu nəzərlərində saxlayırlar, onlar Türkiyəni bir NATO müttəfiqi olaraq görmürlər, halbuki türk ordusu Şimali Atlantika İttifaqında ən güclü və ən müasir ordulardan biridir.

Avropalılar üçün Türkiyənin Avropaya inteqrasiya etməsindən sonra lider mövqe tutacağı qorxusu daha önəmlidir.

Avropada İslam amilinin artan rolu da qeyd edilməlidir. Bu, qaçqın problemi və ümumiyyətlə, müsəlmanların sayının artması ilə bağlıdır. Buna görə də Türkiyəni, o cümlədən əsas dini İslam olan dünyəvi dövlət kimi təqdim olunmağa imkan vermədən tədricən özlərindən uzaqlaşdırırlar. Bəli, Avropadakı bir çox liderlər İslamın bizim (Avropanı nəzərdə tutur - red.) mədəniyyətimizin bir parçası olduğu ruhunda çıxışlar edirlər. Lakin qeyri-səmimi olmağa ehtiyac yoxdur, onların İslama olan münasibəti əlbəttə ki, çox mürəkkəbdir.

İkinci komponent Almaniyaya aiddir. AFR-ə ölkədə ən böyük icmalardan biri olan dörd milyonluq türk icmasını nəzarətdə saxlamaq üçün vasitə lazımdır. Türklər Almaniyanın iqtisadi və siyasi həyatında böyük rol oynayırlar, deməli Türkiyəyə təsir etmək üçün alətlər olmalıdır.

Bu səbəbdən eyni anda bir neçə müstəvidə oyun gedir. Bir tərəfdən heç kim Türkiyəni bölgənin əsas ölkələrindən biri olduğu üçün itirmək istəmir. Müharibə və sülh məsələlərinə gəlincə, bu ümumiyyətlə mübahisəsiz məsələdir. Digər tərəfdən, Almaniyadakı və ümumiyyətlə Avropadakı türk icmalarına təsirini azaltmaq üçün Ankaraya təzyiq göstərməyə çalışırlar.

Mən bütün bunları Avropanın ikiqütblü problemi adlandırardım: Türkiyəni itirməkdən qorxduqları kimi, eyni zamanda ondan ehtiyat edirlər.

- Sizcə niyə Fransa Türkiyəyə qarşı mübarizəyə başçılıq etdi? Bu, Prezident Emmanuel Makronun ambisiyalarıdır?

- Xeyr, bu Makronun ambisiyaları ilə bağlı deyil. Bu, Fransanın köhnə xəstəliyidir. Söhbət Yaxın Şərq və Şimali Afrikaya təsir iddialarından gedir. Bu, Suriya, Kürd məsələsi və digərləridir. Fransa daha qabarıq bir rol oynamaq istəyərdi, amma bu o qədər də yaxşı alınmır. Biz bilirik ki, Parisin çox məsələlərə, həmçinin Məğrib ölkələrində (Mərakeş, Liviya, Əlcəzair və Tunis – red) olan neqativ proseslərlə əlaqəsi olub.  Liviyadakı gərginləşmə həmçinin fransızların yöndəmsiz hərəkətlərindən irəli gəlir.

Ona görə, Fransanın Türkiyəni bəyənməməsindən söhbət getmir, məsələ özünə Yaxın Şərqdə imperiya rolunu qaytarmaq cəhdindən gedir ki, Ankara burada Parisin əsas rəqibidir.

- Azərbaycan və Türkiyə strateji tərəfdaşdır, hələ 2010-cu ildə bununla əlaqədar müvafiq sərəncam imzalanıb. İyul ayında Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən sonra Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Sonra “Aralıq dənizi böhranı” başladı və Azərbaycan da öz növbəsində aydın şəkildə Türkiyəni dəstəklədi. Eyni zamanda, bir çox ekspertlər Aralıq dənizində hərbi toqquşma ehtimalından danışır və yazır. Bu variant mümkündürmü?

- Təəssüf ki, bu mümkündür. Vəziyyət çox gərgindir. Və burada, əlbəttə ki, ölkələrin liderlərindən anlayış tələb olunur, çünki Yunanıstan ilə Türkiyə arasındakı hər hansı bir kəskinləşmə təkcə Azərbaycanın deyil, digər dövlətlərin də iştirakına səbəb olacaq. Dərhal erməni-türk ziddiyyətləri üzə çıxacaq, bu prosesə Rusiya da cəlb edilə bilər və sair. Biz “alışan kəmərin” içində olacağıq. Bu, çox təhlükəli vəziyyətdir.

- Bilavasitə “Aralıq dənizi böhranına” qayıdaq. Türkiyə hər üç tərəfdən dənizlə əhatə olunduğuna görə, bu ölkədə “mavi vətən” kimi bir anlayış var. Xəritəyə əsasən, Yunanıstan tərəfinin son hərəkətləri Türkiyəni praktik olaraq sahil zolağından məhrum edir. Mən bir çox türkiyəli ekspertlərlə danışmışam, onların fikirləri birmənalıdır - Türkiyə bununla barışmayacaq. Doğrudanmı Yunanıstanda və bütünlükdə Avropada bunu anlamırlar?

- Türkiyə, sözsüz ki, qüdrətli ölkədir. Mənim ona qarşı isti münasibətlərim var. Türkiyənin də öz mövqeyini sakit və ölçülü-biçili çatdırmaq imkanı var. Bu mövzunu Türkiyə ilə birbaşa yox, vasitəçilərin köməyi ilə, Türkiyənin tərəfdaşı sayılan ölkələr vasitəsi ilə müzakirə etmək olar. Bəzilərinə qəribə görünə bilər, ancaq həm Türkiyə, həm də Yunanıstan tərəfi ilə təmasda olan Rusiyanı prosesə cəlb etmək olar. 

Türkiyə tarixi göstərir ki, bu ölkə həmişə ustalıqla özünə tərəfdaşlar tapıb və bu tərəfdaşlar mütləq hansısa ölkələr deyil, ən ciddi problemlərin həllinə kömək etmiş ayrı-ayrı insanlar olub. Türklər diplomatik istedadları ilə tanınırlar və indi onu istifadə etməyin vaxtıdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri