24 
Noy
2020
16:37
1126
26
4379
Virtual karabakh

Məsciddən başlayan ziyarət

Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə gün əvvəl Füzuli və Cəbrayıl şəhərlərinə, noyabrın 23-də isə Ağdama səfər etdilər.

Dövlət rəhbərlərimizin Ağdama səfərindən hazırlanan videoreportajlar əyani şəkildə bir daha göstərdi ki, şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz erməni faşizmi tərəfindən viran qoyulub.

Özlərini dünyaya “ən qədim”, “ən mədəni”, “ən ağıllı” millət kimi sırımağa çalışan bu toplumu, əslində, idarə edən qəbilə instinktidir. Yalnız belə bir toplum qədim şəhərlərimizi yerlə-yeksan edə, tarixi, mədəni və dini abidələrimizdən qisas ala bilərdi.

Sağlam məntiq və normal insan düşüncəsi ilə onların bu vəhşiliyini izah etmək, ekranda gördüyümüz mənzərəni sakitliklə seyr etmək mümkün deyil.

Bu vandallar azərbaycanlılara məxsus olub deyə, daşdan-kəsəkdən də qisas alıblar. Yalnız vəhşi instinktlə idarə olunan bir toplum Xocalı soyqırımını törədə və türkə bu dərəcədə nifrət edə bilər.

Çöl-biyabana çevrilən şəhərlərimiz minalardan hələ təmizlənməyib, qəbilə tör-töküntülərinin siçan kimi hansısa dəlmə-deşikdə gizlənməsi istisna deyil.

Dövlət rəhbərlərimizin səfərləri cəmiyyətimiz tərəfindən yüksək hörmət və rəğbətlə qarşılansa da, real təhlükə ehtimalları xüsusi dəyər verdikləri bu iki şəxsiyyətə görə insanlarımızda haqlı narahatlıq doğurur. Yalnız Ağdam məscidindən hazırlanan videoreportaja baxdıqdan və cənab Prezidentin məscidin önündə etdiyi çıxışı dinlədikdən sonra həqiqətlərin kökünə vara bilirsən.

Prezidentimiz işğaldan azad etdiyi Ağdam torpağı üzərində dayanıb, içdən gələn bir çıxış etdi. 

Bu, bir çox ölkələrdə siyasi liderlərin etdikləri quru nitqlərə bənzəmirdi. Prezident İlham Əliyev xalqımızla, hər birimizlə növbəti dəfə özünəməxsus səmimiyyətlə danışdı və dedi:

“Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər, müqəddəs Kəbənin içində dualar etmişəm.

Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib”.

Bu sözləri eşitdikdən sonra anlayırsan ki, dini dəyərlərimizi uca tutan, Ağdam məscidinin torpaq döşəməsinə dini qaydalarımıza uyğun şəkildə qədəm qoyub dua edən bu iki Böyük Şəxsiyyəti xalqımızın duaları qoruyur, Allah hifz edir. Allah həmişə yar olsun!

Ülvi Quliyev
Milli Məclisin deputatı

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri