18 
Yan
2021
17:09
503
33
4663
Virtual karabakh

Azərbaycan inşaat tenderlərində Türkiyə modelini həyata keçirəcək

Azərbaycanda dövlətin sifariş etdiyi inşaat tenderlərində Türkiyə modeli tətbiq ediləcək.

“Anadolu” agentliyi xəbər verir ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu Ermənistanın işğalından azad edən Azərbaycanda bu bölgənin yenidən qurulması üçün işlər başlayıb.

Azərbaycan hökuməti işğal dövründə dağıdılmış bütün bölgələri yenidən quraraq, illərdir ata-baba yurdundan uzaq olan vətəndaşlarının ən qısa müddətdə geri dönməsini hədəfləyir.

Prezident İlham Əliyevin göstərişi ilə hərtərəfli bərpa və inkişafa başlayan hökumət xarici şirkətlərin, xüsusən də türkiyəli iş adamlarının layihələrdə iştirakı üçün prosesləri asanlaşdıracaq sistem üzərində işləyir.

Hökumət ölkədəki inşaat tenderlərində Türkiyə modellərinin tətbiqinə dair qərar alıb. Dəyişikliklərə əsasən, tenderlərdəki bürokratik əngəllər aradan qaldırılacaq və sifariş verən qurumların inşaat material bazasının qiymət siyahıları yenilənəcək.

Azərbaycan Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev inşaat tenderlərində apardıqları işləri və yenilikləri qiymətləndirib.

Onun sözlərinə görə, bu mövzuda dünyanın ən yaxşı modelinə dair araşdırma aparılıb:

“Bizim üçün ən uyğun olanı, xüsusən son 20 ildə inşaat sahəsinin inkişafındakı sıçrayışı nəzərə alsaq, Türkiyə modelidir. Buna görə də bir neçə seçimin arasından Türkiyəyə üstünlük verdik”.

Mustafayev bildirib ki, yaxın vaxtlarda əsas vəzifələri Dağlıq Qarabağ və ətraf rayonların infrastrukturunu bərpa etməkdir.

“Türkiyəli və azərbaycanlı iş adamları buranı birlikdə bərpa edəcəklər. Şuşaya yolun inşasında Türkiyə və Azərbaycan şirkətləri birlikdə çalışırlar, bu ilk addımdır. Türkiyə şirkətləri bu günə qədər Azərbaycanda təxminən 16 milyard dollara yaxın tender alıb. Türkiyə şirkətləri yalnız Qarabağ üçün deyil, bütün Azərbaycan üçün bütün layihələrdə daha rahat və daha cəlbedici təklif verə biləcəklər. Bunun Azərbaycan üçün faydası rəqabəti yüksəltmək və keyfiyyəti artırmaq olacaq”, - deyə Mustafayev qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri