25 
Yan
2021
18:10
387
31
1687
Virtual karabakh

Qazaxıstanlı ekspert: “Naxçıvan dəhlizi Orta Asiyanın geostrateji mövqeyini gücləndirəcək”

Qazaxıstanlı iqtisadçı ekspert Saparbay Jubayev yeni yaradılan Naxçıvan dəhlizinin Orta Asiyanın geostrateji mövqeyini gücləndirəcəyini deyib.

Bu barədə o “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Jubayev qeyd edib ki, Qazaxıstan dünyanın ən böyük quru sərhədi ilə əhatələnən (dənizə çıxışı olmayan) ölkəsidir və onun tranzit yolu Naxçıvan dəhlizi ilə şaxələndirilə bilər.

O, Qazaxıstan və Azərbaycanın Xəzər dənizində qarşılıqlı yük gəmilərini qəbul etmək qabiliyyətinə malik limanlara sahib olduqlarını vurğulayıb:

“Bu yolla Avropa və Çindən gələn yükləri Rusiya və ya İrandan keçmədən öz aramızda birbaşa daşımaq imkanımız var”.

Hazırda Qazaxıstanın Rusiyadan keçərək Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya yük daşıdığını bildirən Jubayev deyib:

“Naxçıvan dəhlizi ilə Türkiyə-Azərbaycan-Qazaxıstan arasında “Qardaş ölkələr marşrutu” təşkil edilə bilər. Beləliklə, Türkiyənin Orta Asiya və Çinə yolu asanlaşacaq. Bizim də Türkiyə üzərindən Aralıq dənizi və Avropaya çıxış yolumuz genişlənəcək. Ən əsası, türk dövlətləri arasında qarşılıqlı gediş-gəliş artacaq”.

Cubayev əlavə edib ki, Naxçıvan dəhlizinin açılması bölgədəki turizm sektoruna əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Qazaxıstanın maliyyə mütəxəssisi Sabit Rısbayev bildirib ki, Naxçıvan dəhlizi Qafqazdakı ölkələrə əhəmiyyətli üstünlüklər verəcək:

“Bu dəhlizlə tarixi İpək yolu yenidən dirçələcək”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri