Avq
2021
13:16
21
432
3786
Virtual karabakh

Müstəqillik tariximizin ən uğurlu parlamentini kimlərin gözü götürmür?

4 Avq, 2021
13:16
3786

Müstəqillik tariximizin ən uğurlu parlamentini kimlərin gözü götürmür?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin VI çağırışının fəaliyyəti ölkəmizdə parlamentarizm tarixi və ənənələrinin keyfiyyətcə növbəti mərhələsidir. Ötən təqribən ilyarımlıq müddətdə Milli Məclisin idarəetməsi və strukturunda köklü dəyişikliklər baş verib. Qanunvericilik təşəbbüsləri və layihələrinin müzakirəsində ciddi artım qeydə alınıb. Parlamentin rəhbərliyində müxalifət nümayəndəsi təmsil olunub. Deputatların həm Milli Məclisdəki fəaliyyəti, həm də yerlərdə seçicilərlə ünsiyyəti və təması baxımından nəzərəçarpan dəyişikliklər qeydə alınıb. 

Parlamentin hakimiyyətin digər iki qanadı ilə əlaqələri intensiv xarakter alıb və qanunverici orqanın, ümumiyyətlə, ölkənin siyasi həyatında və beynəlxalq münasibətlərində fəal iştirakı günümüzün reallığıdır. Xüsusilə 44 günlük Vətən müharibəsi ərzində və bundan öncə, yəni 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin dövlət sərhədimizin Tovuz rayonu istiqamətindəki təxribatları nəticəsində yaranmış gərginlik fonunda həm parlamentin, həm də millət vəkillərinin fəaliyyəti təqdirəlayiqdir. 

Deputatların və müxtəlif ölkələrin qanunverici orqanları ilə mövcud olan dostluq qruplarının II Qarabağ savaşı ərzindəki işi ölkəmizin reallıqlarının dünyaya çatdırılması nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. VI çağırış Milli Məclisi əvvəlki çağırışlardan fərqləndirən mühüm amil var: bu parlament fəaliyyətinə demək olar ki, fors-major reallıqda başlayıb və arxada qalan müddətin əksər hissəsi ekstremal gerçəklikdə davam edib. 

Ötən il qarşılaşdığımız iki mürəkkəb problem olub – COVİD-19 pandemiyası və Ermənistanın növbəti təxribatları nəticəsində başlamış Vətən müharibəsi. Hər iki hadisə Milli Məclisin normal işinə köklü təsir göstərmiş, ancaq qanunverici orqan öz gərgin fəaliyyəti ilə bu sınaqlardan alnıaçıq çıxmışdır. Pandemiya ilə bağlı həm komitələrdə, həm də plenar iclaslarda fəal müzakirələrin getməsi, sosial və iqtisadi xarakterli bir sıra qanun və məcəllələrə operativ qaydada dəyişikliklərin edilməsi parlamentin fəaliyyətini izləyənlərin diqqətindən qaçmamalıdır. Vətən müharibəsi zamanı Milli Məclisin xalqımızla birgə Müzəffər Ali Baş Komandana və şanlı ordumuza göstərdiyi dəstək parlamentarizm tariximizə həmrəylik və birlik günləri kimi daxil olub. 

Ərazi bütövlüyümüzü təmin etdikdən sonra dövlətimizin və xalqımızın qarşısında duran ən böyük vəzifə azad edilmiş ərazilərimizin bərpası və 30 ilə yaxındır doğma ocaq həsrətində olan vətəndaşlarımızı o torpaqlara qaytarıb məskunlaşdırmaqdır. Bu mürəkkəb proses özündə tək yaşayış evlərinin tikintisini deyil, bunun üçün tələb olunan bütün infrastrukturun yenidən yaradılması, iş yerlərinin təşkili kimi komponentləri ehtiva edir. Bu çətin, ancaq şərəfli çağırışda, missiyada Milli Məclis də üzərinə düşən məsuliyyəti uğurla reallaşdırmaq əzmindədir. Həm qanunvericilik sferasında, həm də xalqımızla birlikdə. Hazırda dövlətimizin əsas gündəmi budur. Gündəm reallıqdan doğur. Ancaq bəzən gündəmi süni və məcburi şəkildə dəyişdirmə halları olur ki, bir neçə gündür belə cəhdlərdən növbətisini müşahidə edirik. Söhbət ondan gedir ki, bəzi sosial şəbəkələr və KİV orqanlarında guya Konstitusiyaya dəyişikliklər məqsədilə referendumun olacağı, parlamentin buraxılacağı, yeni seçkilərin keçiriləcəyinə dair absurd məlumatlar və mülahizələr yer alır. Dövriyyəyə zorla pərçimlədilmiş bu kimi informasiyalar ətrafında da reytinqləri sosial şəbəkələrdəki profilləri ilə məhdudlaşan, “Tik-Tok” kimi qeyri-ciddi virtual platformaların “ciddi” personajları statusunu qazanmış, son seçkilərdə 200-300 səsi çətinliklə toplayan, seçkilərdən sonra namizədi olduğu dairələrdə bir daha görünməyən, ona səs vermiş həmin azsaylı kontingentin problemləri ilə maraqlanmayan yarımçıq siyasətçilər “sensasion” ehtimallarla çıxış edirlər. Bu həvəskarların gözləntiləri özləri kimi cılızdır: yenə seçki olsun, çıxıb populist vədlərini versinlər, qaragüruh dünyagörüşlərini insanlarımıza təbliğ etməyə çalışsınlar. İstisna deyil ki, bu məzmunlu informasiya ölkəmizin uğurlarını həzm edə bilməyən xarici siyasi dairələr tərəfindən də gündəmə gətirilmək istənilir. Hər halda ilk belə cəhd edilib. 

Azərbaycan hazırda tarixinin ən güclü dövrünü yaşayır. Azərbaycan qalib dövlətdir. Beynəlxalq aləmdə sabit siyasi və iqtisadi tərəfdaş imici olan dövlətimizin reputasiyasına daha bir uğur əlavə olunub: ərazi bütövlüyünü təmin etmiş güclü dövlət. Bu nailiyyətdə hakimiyyətin qanunverici qanadı olaraq Milli Məclisin də xidmətləri və payı var. Bu o deməkdir ki, gündəmə gətirilməyə cəhd edilən dəyişikliklərin reallaşması üçün nə ehtiyac var, nə də zəmin. Başqa sözlə, xaricdən qidalandıqları istisna olmayan və yerli radikallara söykənən qara qüvvələrin hədəfi Azərbaycan dövlətçiliyidir. Dövlətçiliyimizə xələl gətirmək istəyənlər Milli Məclisə çamur atmaq fikrinə düşməklə ciddi səhvə yol veriblər. Xalqın seçdiyi parlamentə ləkə yapışmaz! 

Elnur Allahverdiyev, Milli Məclisin deputatı

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri