Avq
2021
12:24
169
35
3406
Virtual karabakh

Andrey Çuprıgin: “İranın mövqeyi mütləq anti-türk olacaq, amma...”

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin bu yaxınlarda keçirilən andiçmə mərasimindən sonra Yaxın Şərqdə yeni bir vəziyyət yarandı. Ölkədə bir çox KİV-də “şərti mühafizəkar” adlandırılan nüfuzlu siyasətçi hakimiyyətə gəldi. İranla Cənubi Qafqaz da daxil olmaqla bölgə ölkələri arasındakı münasibətlər necə dəyişəcək? İnauqurasiyadan sonra artıq Rəisi özü bəyan edib ki, İran Azərbaycanla əlaqələri daha da genişləndirmək üçün böyük addımlar atmaq niyyətindədir.

Yaxın Şərq üzrə ekspert, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Şərq Elmləri Məktəbinin müəllimi, Beynəlxalq işlər üzrə Rusiya şurasının eksperti Andrey Çuprıgin bununla bağlı Oxu.Az-a münasibət bildirib.

O, ilk olaraq İbrahim Rəisiyə qarşı “şərti mühafizəkar” ifadəsinin bir növ polites olduğunu bildirib:

“Əslində, İbrahim Rəisi yüz faiz mühafizəkardır, buna şübhə yoxdur. Onun İranın ali lideri Ayətullah Əli Xameneinin adamı olduğu barədə sabit düşüncə var. Əli Xameneinin İbrahim Rəisini öz xələfi olaraq gördüyü də söylənilir. Bu, həqiqətə bənzəyir”.

Ekspert İranda rəhbərin praktiki olaraq dövlətin bütün əsas sahələrinə nəzarət etdiyi şəraitdə İbrahim Rəisinin ölkənin baş prokuroru, sonra isə İran İslam Respublikası Ali Məhkəməsinin sədri – məhkəmə hökumətinin başçısı olduğunu xatırlatdı və bildirdi ki, bu hal Rəisinin Əli Xameneiyə görə ölkəyə rəhbərlik etməyə layiq olduğunu göstərir.

“İbrahim Rəisi hüquq müdafiəçiləri tərəfindən tənqid olunur. Ancaq belə dərinliyə girmək istəmirəm. O, öz ölkəsində, mövcud sistemdə yaşayır və işləyir”, - deyə politoloq əlavə edib.

Müsahib hazırda bütün ciddi analitiklərin və müşahidəçilərin şərhlərində son dərəcə diqqətli olduğunu nəzərə çatdırıb.

“İranın qarşıdakı 2-3 ildə necə davranacağı, Rəisinin seçimlərindən çox, Əli Xameneinin seçəcəyi siyasətdən asılı olacaq. Ehtimalıma görə, İran yavaş-yavaş ölkənin son illərdəki vəziyyətindən çıxacaq. Əsas vəzifə ABŞ-ın sanksiyalarını aradan qaldırmaqdır”, - deyə o vurğulayıb.

Cənubi Qafqaza gəlincə isə Azərbaycanın Qarabağ müharibəsində qələbəsindən və üçtərəfli bəyanatın (Moskva, Bakı, İrəvan) imzalanmasından sonra burada yeni vəziyyət yaranıb: Nəqliyyat dəhlizləri açılmalıdır, altıtərəfli əməkdaşlıq müzakirə olunur - Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Ermənistan. Başqa bir ifadə ilə “3+3”, yəni Cənubi Qafqazın üç ölkəsi və bu bölgə ilə həmsərhəd olan daha üç dövlət. İran belə bir ittifaqda nə edəcək?

Ekspertin fikrincə, İranın mövqeyi mütləq anti-türk olacaq.

“Bəs Tehran nə etməlidir? Təbii ki, İran Rusiyanın dəstəklədiyi bu təşəbbüsü izləyəcək. İran prosesdə olacaq, onu müşahidə edəcək və kənarda qalmayacaq. Bəli, konstruksiya çox nəhəngdir, amma heç kim başqa bir şey, başqa işlək versiya təklif etməyib”, - deyə Andrey Çuprıgin sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri