12 
Avq
2021
13:24
435
47
2726
Virtual karabakh

Vladimir Mesamed: “Növbəti addım Azərbaycanın İsraildə səfirliyinin açılmasıdır” - MÜSAHİBƏ

12 Avq, 2021
13:24
2726

Vladimir Mesamed: “Növbəti addım Azərbaycanın İsraildə səfirliyinin açılmasıdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsraildə Azərbaycanın Ticarət və Turizm Bürosunun açılması Azərbaycan Respublikasının İsraildə diplomatik nümayəndəliyinin açılması yolunda ilk addımdır.

Bu sözləri Yerusəlim Yəhudi Universitetinin əməkdaşı, tanınmış israilli şərqşünas Dr. Vladimir Mesamed Oxu.Az-a münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əvvəllər belə bir şey olmayıb, bu səbəbdən nümayəndəliyin açılması ciddi bir addımdır:

“Azərbaycanda deyirdilər ki, səfirliyin olmaması müvəqqəti bir fenomendir. İndi isə İsrail-Azərbaycan münasibətlərində asimmetriyanı aradan qaldırmaq üçün səylər var. Hazırda iki istiqamət əsas götürülür - ticarət və turizm. Ticarət davam edir, əlbəttə, əsas ticarət dövriyyəsi Azərbaycandan neft və İsraildən olan silahlardır. Azərbaycan nümayəndəliyinin açılması ticarət və turizm istiqamətlərinin stimullaşdırılmasına kömək edə bilər. Pandemiya səbəbindən turizm indi daha çətin olsa da, gec-tez hər şey qaydasına düşəcək”.

Həmsöhbətimizin sözlərinə görə, indi Azərbaycanın siyasi iradəsi daha aydın görünür.

“İndi vəziyyətin özü dəyişib. Keçən il Qarabağda 44 günlük müharibə və qələbə Azərbaycanın İsraildə səfirliyinin açılmasına mane olan bütün maneələri aradan götürdü. İsrail həqiqətən də Azərbaycana kömək etdi. Yəqin ki, xatırlayırsınız insanlar Bakı küçələrinə, o cümlədən İsrailin bayraqları ilə də çıxırdı. Azərbaycana müasir silahlar verildi, baxmayaraq ki, buna görə İsraildə bir çox mübahisələr yarandı, hətta icra və qanunverici hökumət arasında anlaşılmazlıq ortaya çıxdı. İsrail prezidenti Reuven Rivlin Ermənistan prezidenti Armen Sarkisyanla söhbətində erməni tərəfinin qaldırdığı problemləri, xüsusən də Azərbaycana silah tədarükünü diqqətlə öyrənməyə hazır olduğunu bildirdi. Amma icra hökuməti başqa cür qərar verdi. İşlək olan müqavilələr artıq imzalanmışdı, buna görə də silahlar hətta hərbi əməliyyatlar zamanı da tədarük olunurdu”, - deyə Vladimir Mesamed vurğulayıb.

Ekspert hesab edir ki, bu, Azərbaycanla münasibətlərin inkişafına qarşı çıxanların “ayaqlarının altından yerin qaçmasına” səbəb oldu:

“Digər tərəfdən, vacib bir amil var - İsrail ilə Türkiyə arasında əlaqələrin qurulması. Baxmayaraq ki, 2010-cu il hadisələrindən sonra (İsrail xüsusi təyinatlılarının Türkiyənin Mavi Mərmərə gəmisinə enməsi ilə bağlı hadisə - red.), iqtisadi əlaqələr qorunub saxlanıldı, son zamanlarda İsraillə Türkiyə arasında anlaşma daha çox nəzərə çarpır. Bəli, biz hərbi sahədə ticarəti dayandırdıq, amma Türkiyənin hərbi sənaye kompleksinin özü ehtiyac duyduğu çox şeyi istehsal edir və hətta məhsulu digər ölkələrə, o cümlədən Azərbaycana tədarük edir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri