16 
Sen
2021
21:18
146
21
5331
Virtual karabakh

Yuri Manvelyan: “Robert Koçaryan və “Vahid Rusiya” mənəvi qohumlardır” - ERMƏNİSTANDAN MÜSAHİBƏ

16 Sen, 2021
21:18
5331

Yuri Manvelyan: “Robert Koçaryan və “Vahid Rusiya” mənəvi qohumlardır” - ERMƏNİSTANDAN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda yeni kəskin siyasi mövsüm ərəfəsində nələr baş verir? Erməni müxalifəti oktyabrın 1-dən etiraz aksiyalarına başlayacağını vəd edir. Rusiyanın hakim “Vahid Rusiya” partiyası “Ermənistan” blokunun lideri, ölkənin keçmiş prezidenti Robert Koçaryanı məsləhətləşmələr üçün Moskvaya dəvət edir. Rusiya prezidenti Vladimir Putinin şəkilləri olan plakatlar bütün Ermənistanı bürüyür. Oxu.Az bütün bunlar barədə erməni jurnalist, epress.am nəşrinin baş redaktoru Yuri Manvelyanla söhbət edib.

- İki həftədən sonra, Ermənistan Milli Demokratik Qütbünün elan etdiyi kimi, erməni müxalifəti etiraz aksiyalarına başlayacaq. Vətəndaş itaətsizliyinə çağırışlar səslənir. Bu nə qədər ciddidir?

- Bunlar hamısı yoxsul bir ölkə olan Ermənistanda milyarderlərin və milyonçuların təsir qüvvəsi qədər ciddidir. Söhbət puldan gedir.

Müxalifət, parlamentin 30%-i də daxil olmaqla, kriminal oliqarxiyanın nümayəndələridir. Onlar əvvəlki 30 il ərzində milli sərvəti talan edərək var-dövlət toplayanlardır. Müharibə zamanı da onlar talançılıqla məşğul idilər, dövlət büdcəsini yağmalayırdılar. Bu insanlardan belə tezliklə qurtulmaq mümkün deyil, hər yerdə özlərini möhkəmlədiblər.

Ermənistan kiçik bir ölkədir və insanlar sarayların necə ucaldığını görürdülər. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan indi parlamentdə oturur - o da “müxalifət”dir. Sovet dövründə isə hərbçi idi. Lakin bu ona hazırda geninə-boluna yaşamağa maneə törətmir.

Elan olunan etirazlara gəlincə. Etirazçılar təbii ki, küçələri bağlayaraq İrəvan sakinlərinin həyatını korlaya bilərlər. Müharibə bitdikdən sonra bu artıq baş verib. Parlament binasının dağıdılması, keçmiş spiker Ararat Mirzoyanın (indi o, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəridir) vəhşicəsinə döyülməsini hamımız xatırlayırıq.

“Müxalifət” ifadəsini işlədirsiniz. Bəs onlar kimə və nəyə müxalifdirlər? Bu insanlar, ipləri çəkənlər, bir çox media orqanlarına sahib olanlar, gündəmi müəyyən edənlərdir. Məhz onlar hər şeyi edirlər ki, ölkədə normal müxalifət olmasın, sadəcə qışqır-bağır salmağa bəhanə olsun. “Qarabağ klanı” dediyimiz də elə bunlardır. Onları Qarabağ ermənilərilə qarışdırmamalısınız.

Əvvəlki iki prezident - Robert Koçaryan və Serj Sarkisyan - məhz “Qarabağ” adlanan kriminal-oliqarx klanın nümayəndələridir. Zamanında məhkəmə sistemini özləri alt-üst etdilər və buna görə də cəzadan yayınmağı bacardılar.

Qeyd edim ki, Ermənistanda keçirilən son parlament seçkiləri insanların necə səs verdiyini, fikirlərinin nə olduğunu göstərdi: Nikol Paşinyanın partiyası qalib gəldi.

- Zaman zaman Ermənistan mediasında, sosial şəbəkələrdə, teleqram kanallarında Nikol Paşinyana sui-qəsd cəhdləri barədə xəbərlər yayılır. Bu nədir? Bunlar sadəcə sözlər, təhdidlər və ya qaçılmaz reallıqdır?

- Hamısı birlikdə. Məhz elə təhdidlərin səsləndirildiyi KİV əsəbi media mühiti yaradır.

Ermənistanın informasiya məkanı bu cür media resursları sayəsində əsas gündəmə xidmət etmək üçün hazırlanır: “Qələbə naminə hər şeyə dözəcəyik”.

Ancaq bunlar təkcə təhdidlər deyil. Təhdid edənlərin arxasında zorakılıqdan çəkinməyən oliqarxlar, keçmiş prezidentlər və bürokratlar dayanır. Onların mənəvi məhdudiyyətləri yoxdur.

Ancaq təsəvvür edək ki, Nikol Paşinyanın həyatına edilən sui-qəsd cəhdi uğurlu alındı. Bundan sonra nə olacaq? Unutmayın ki, 2018-ci il inqilabına rəhbərlik edən, ədalətli mühakimə vəd edərək əhalinin oliqarxiya nümayəndələrini linç etməsinin qarşısını alan siyasətçi məhz Nikol Paşinyan olub. Amma sonra nə gördük? Onları həbsxanaya göndərib, sonra sərbəst buraxırdılar. Hakimlər, keçmiş sistemdən qaynaqlanan təhlükəyə görə canları üçün qorxurlar.

Ancaq Nikol Paşinyan olmasa, insanların haqlı qəzəbini cilovlayan heç bir faktor olmayacaq. “Köhnələr”i çirkli süpürgə ilə qovacaqlar.

- “Qarabağ klanı”nın təqib ediləcəyini düzgün başa düşürəmmi?

- “Qarabağ klanı” ümumi bir addır. Qarabağdan olan sıravi ermənilər, Qarabağdan olan iki keçmiş prezidentlə - Serj Sarkisyan və Robert Koçaryanla əlaqələndirilərək məişət səviyyəsində əziyyət çəkirlər. Adıçəkilən prezidentlər cəmiyyətə “Qarabağ mərkəzli” bir ideologiya aşıladılar. Onlar özləri müharibə ilə hakimiyyətə gəldikləri üçün bu mövzunu daim aktuallaşdırdılar.

Məsələn, elə Robert Koçaryan “Qarabağ klanı”nın üzvüdür, amma onun biznes imperiyası Ermənistandadır. İrəvanın mərkəzində torpağın çox bahalı olduğu yerdə daşınmaz əmlaka sahibdir. Bayaq dediyim kimi, “Qarabağ klanı” adını asanlıqla “kriminal-oliqarx klan” ilə əvəz etmək olar.

- Bu yaxınlarda Rusiyada hakim “Vahid Rusiya” partiyasının Robert Koçaryana məsləhətləşmələr üçün Moskvaya gəlməsinə dair dəvətnamə göndərdiyi barədə məlumatlar yayıldı. Və eyni zamanda, Ermənistanın sosial şəbəkələrini Rusiya prezidenti Vladimir Putinin şəkilləri olan plakatların quraşdırılması ilə əlaqədar qəzəb dalğası bürüdü ...

- Plakatlardan başlayım. Əlbəttə ki, bu, qıcıqlandırır, amma ona görə yox ki, Ermənistan əhalisi birdən-birə antirusiya mövqeyi tutdu. Hərçənd, Rusiya hökumətinin nə olduğunu bizdə yaxşı bilirlər. Belə plakatları hazırlayanlar bunun üçün ayrılan pulların, büdcənin əvəzində real iş gördüklərini nümayiş etdirirlər. Təsəvvür edin, bizdə hətta stalinizmi müdafiə edən təşkilatlar da var.

Robert Koçaryanın “Vahid Rusiya”dan aldığı dəvətə gəlincə, burada təəccüblü heç nə yoxdur. Ermənistanın ikinci prezidentinə qarşı məhkəmə işi başlayanda Moskvadan onun necə dəstəkləndiyini gördük.

Koçaryan və “Vahid Rusiya” mənəvi qohumlardır. Niyə təəccüblənirsiniz? O, həm də Rusiya telekanallarında, məsələn, Vladimir Poznerin proqramında iştirak edib. Yeri gəlmişkən, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan da Rusiya televiziyasına (Vladimir Solovyovun verilişinə - red.) çıxıb. (O, aparıcının “Krım kimindir?” sualına “Krım bizimdir!” cavabını verməklə yadda qalıb - red.). İndi Artur Vanetsyan keçmiş prezidentlərlə eyni cəbhədədir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri