23 
Sen
2021
15:36
193
27
1603
Virtual karabakh

Səyad Əliyev: “Azərbaycanlılar haqqında “bazar alverçisi” stereotipi artıq aktual deyil” - RUSİYADAN MÜSAHİBƏ

23 Sen, 2021
15:36
1603

Səyad Əliyev: “Azərbaycanlılar haqqında “bazar alverçisi” stereotipi artıq aktual deyil” - RUSİYADAN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasında Rusiyanın Leninqrad vilayətinin Qanunverici Məclisinə keçirilən seçkilərin nəticələrinə görə soydaşımız Səyad Əliyev üçüncü dəfə seçilib.

Deputat Oxu.Az-a müsahibəsində bildirib ki, soyadının Əliyev olması seçkilərdə ona kömək edib.

- Bildiyimə görə, Azərbaycanda doğulmusunuz, ancaq ömrünüzün çox hissəsini Rusiyada keçirmisiniz. Bu düzdür?

- Bəli, mən Azərbaycanda doğulub yaşamışam, sonra Sovet ordusunda xidmət etdim. Artıq 37 ildir ki, Rusiyada yaşayıram.

- Nə işlə məşğulsunuz? Biznesiniz, siyasi və ictimai fəaliyyətiniz barədə danışardınız.

- Leninqradda (indiki Sankt-Peterburq) bir kombinatda fəhlə kimi başlamışam, vəzifəm baş direktor müavininə qədər böyüyüb. Sonra Leninqrad bölgəsində işlədim, böyük bir kombinatda birinci müavin, sonra baş direktor oldum.

Daha sonra bələdiyyə rəhbəri oldum (iki çağırış), ardınca Leninqrad vilayətinin Qanunvericilik Məclisinə seçildim. Budur, artıq üçüncü dəfə əhalinin etimad mandatını aldım.

2003-cü ildən Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinə rəhbərlik etmişəm. Hazırda diaspor həyatına qatılıram, amma heç bir vəzifəm yoxdur.

- Vahid Rusiya partiyasının üzvüsünüz. Namizədliyiniz partiya tərəfindən irəli sürülüb?

- İlk dəfə müstəqil namizəd olmuşam və qalib gəlmişəm. Son iki seçkidə isə partiya tərəfindən birmandatlı dairələrdə namizədliyim irəli sürülüb.

- Azərbaycan soyadı seçicilərin seçiminə təsir etmir?

- Əksinə (gülür - red.). Bu, təkcə Azərbaycanda deyil, Rusiyada da tanınan bir soyaddır, ona görə də yalnız və yalnız kömək edir. Bundan əlavə, məni regionda gördüyüm işlərə görə tanıyırlar.

- Leninqrad bölgəsində azərbaycanlıların hansı problemləri var?

- 15-20 il əvvəl hansısa problemlər var idi, amma indi onlar sadəcə mövcud deyil. Azərbaycanlılar vəzifə tutur və nüfuzlu peşələrə sahibdirlər. Keçmiş stereotip, hansı ki, guya “bütün azərbaycanlılar bazar alverçiləridir”, - artıq aktual deyil.

Azərbaycanlılar administrasiyalarda işləyir və bələdiyyə məclislərinə seçilirlər. Məsələn, böyük oğlum ikinci dəfə Leninqrad vilayətinin rayonlarından birinin bələdiyyə məclisinə seçildi.

Problemlər varsa, bunlar yalnız məişət səviyyəsindədir və bu, milliyyətə aid deyil.

- Rusiya Dövlət Dumasına deputat seçilməyi düşünmürsünüz?

- Ümid edirəm ki, növbəti parlament seçkilərində namizədliyimi irəli sürəcəyəm. Hazırda qarşıdakı beş il üçün (hazırkı Dövlət Dumasının səlahiyyət müddəti - red.) həll edilməli olan bəzi məsələlər var. Bundan sonra artıq namizədliyimi irəli sürəcəyəm.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri