24 
Sen
2021
10:24
437
22
4456
Virtual karabakh

İlham Əliyev: “Biz 44 günlük müharibə ərzində daha bir ordu korpusu formalaşdırdıq”

“Biz qısa zamanda ərzində, hətta əməliyyatların gedişi zamanı həm insan, həm də texniki resurslarımızı səfərbər etmək üçün çalışmalı olduq. Deməliyəm ki, biz 44 günlük müharibə ərzində daha bir ordu korpusu formalaşdırdıq. Bu korpus olduqca qısa müddətdə yaradıldı: şəxsi heyətinin mobilizasiyası cəmi iki günə həyata keçirildi. Korpusun şəxsi heyəti bütün zəruri silah və hərbi texnika ilə təmin olundu. Biz həmçinin əks-hücum əməliyyatını daha səmərəli həyata keçirməyimizə imkan verən texniki imkanlarımızı da səfərbər etdik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə deyib. 

“Döyüş əməliyyatları bölgəsi yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə böyük işlər görüldü. Azərbaycanın bu bölgələrində hər gün erməni artilleriyasının atəşinə məruz qalan yüz minlərlə insan yaşayırdı. Buna görə də əhalinin qismən təxliyəsi həyata keçirildi. Qeyd etməliyəm ki, bu kənd və qəsəbə sakinlərinin böyük əksəriyyəti öz evlərində qalırdılar, insanlar torpaqlarını heç bir yerə tərk etməyəcəklərini söyləyirdilər.  

Təbii ki, biz uzun müddət ərzində potensialımızın möhkəmləndirilməsi üzərində çalışmışıq, ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyinə nail olmuşuq. Çünki bu olmadan biz bir növ maliyyə qoyuluşlarından və ya kredit resurslarından asılı olardıq, təbii olaraq, Azərbaycan Silahlı Qüvvələrini modernləşdirə bilməzdik. Buna görə də, praktiki olaraq Prezident olduğum ilk gündən iqtisadi müstəqilliyin təmin edilməsi üçün işlər başladı. Düşünürəm ki, altı-yeddi il ərzində buna nail olduq. 2010-cu ilə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət, islahatlar və infrastrukturun inkişafına böyük investisiyalar aparmaq iqtidarında idi.

Təbii ki, müasir silah və hərbi texnikanın alınması nöqteyi-nəzərindən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi yüksək templə getdi. Bu məlumatlar həmişə dərc olunub, ictimaiyyətə açıqdır və hamı kimdən, nə qədər və nə aldığımızı bilirdi. Əlbəttə ki, ordumuzun döyüş qabiliyyətini artırmaq üçün çoxlu gündəlik işlər görülürdü. Çünki yaxşı məlumdur ki, ölkənin hansı resurslara və texniki vasitələrə malik olmasından asılı olmayaraq, xüsusilə də bu cür əlverişsiz coğrafi şəraitdə döyüşqabiliyyətli Silahlı Qüvvələr olmadan döyüşdə, üstəlik də müharibədə qalib gəlmək mümkün olmazdı.

Bu kompleks tədbirlər əslində çox güclü bir hərbi komponent yaratmağımıza səbəb oldu, İkinci Qarabağ müharibəsi bunu açıq şəkildə nümayiş etdirdi. 2016-cı ilin aprelində biz öz imkanlarımızı məhdud şəkildə göstərdik. Həmin vaxt işğal altındakı torpaqların bir hissəsi azad olundu və biz erməni tərəfinə hər şeyi bir daha ölçüb-biçmək və işğala son qoyulması ilə bağlı vacib qərar qəbul etmək üçün imkan verdik. Təəssüflər olsun ki, biz dayananda – erməni tərəfi bunu düzgün qiymətləndirmədi və buna görə də cəzalandırıldılar.

Biz həmçinin 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası və Ermənistan sərhədində qansız əməliyyatlar aparmaq imkanlarımızı da nümayiş etdirdik.

Buna görə də potensialımızı bilirdik, nəyə qadir olduğumuzu bilirdik və təbii olaraq, erməni tərəfindən fərqli olaraq, düşmənin imkanlarını ayıq başla qiymətləndirirdik və Ermənistanı könüllü olaraq işğal altındakı torpaqları tərk etməyə məcbur etmək üçün təsir rıçaqlarından istifadə etməyə çalışdıq. Beynəlxalq strukturlara Ermənistana qarşı sanksiyalar tətbiq etmək üçün etdiyim bütün çağırışlar eyni məqsədi daşıyırdı. Əgər bu baş versəydi, Ermənistan işğal olunmuş əraziləri tərk etmək məcburiyyətində qalacaqdı və müharibə olmayacaqdı. Amma təəssüf ki, bu baş vermədi.

Son dövrdə Ermənistan rəhbərliyi ümumiyyətlə açıq təxribatlara keçdi. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı mahiyyətcə İrəvanın danışıqlar prosesindən çıxması anlamına gəlirdi. Ermənistanın müdafiə nazirinin ABŞ-da verdiyi Ermənistanın yeni ərazilər üçün yeni bir müharibəyə hazırlaşdığını söylədiyi bəyanat isə açıq təhdid və elementar sağlam düşüncəyə və beynəlxalq hüquq normalarına saymaz münasibətin nümayişi idi. Buna görə də hər şey müharibəyə apardı. Yeri gəlmişkən, bunu keçən il sentyabrın 27-də hərbi əməliyyatların başlamasından əvvəlki hadisələrin xronologiyası da sübut edir.

2020-ci ilin iyulunda Ermənistan tərəfindən dövlət sərhədində silahlı təxribat törədildi, mülki vətəndaşlarımız və hərbçilərimiz həlak oldu. 2020-ci ilin avqustunda Goranboy rayonunda zərərsizləşdirilən erməni diversiya qrupu göndərildi”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri