Okt
2021
12:56
224
6
1426
Virtual karabakh

Yuri Romanenko: “Ermənistan yeni bir reallığı qəbul etməli olacaq” - MÜSAHİBƏ

4 Okt, 2021
12:56
1426

Yuri Romanenko: “Ermənistan yeni bir reallığı qəbul etməli olacaq” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər və politoloqlar azad edilmiş Azərbaycan ərazilərinə gəlməyə davam edir, burada hazırda olanlar və erməni işğalı dövründə baş verənlərlə şəxsən tanış olurlar. Ukrayna nümayəndə heyətinin tərkibində bir neçə gün əvvəl Qarabağı ziyarət edən politoloq, “Xvilya” analitik informasiya portalının baş redaktoru, Ukraynanın Gələcəyi İnstitutunun həmtəsisçisi Yuri Romanenko Oxu.Az-a müsahibəsində gördükləri ilə bağlı təəssüratlarını bölüşüb:

- Demək olar ki, üç gün Qarabağda, işğal olunmuş Cəbrayıl, Füzuli, Ağdam, Şuşada olduq. Ukraynada münaqişəmiz olduğunu nəzərə alsaq, səfər xüsusilə maraq kəsb etdi. Şəhərlərin dağıdılmasının miqyası məni heyrətləndirdi. Az-çox Şuşa salamat qalıb, amma bütün digər şəhər və kəndlər xarabalığa çevrilib. Azərbaycan torpaqlarını geri qaytardı və indi hər şeyə sıfırdan başlamalıdır. Bu həm çətinlik, həm də yeni infrastruktur qurmaq üçün fürsətdir. İqtisadiyyatın yeni klasterlərini, ölkənin digər bölgələrində də tətbiq ediləcək bir modernizasiya modelini işə salmaq mümkündür.

Ağdamda bizə göstərdilər ki, burada əhalisinin sayına görə Azərbaycanın dördüncü olacaq şəhəri salınacaq. Baş plan artıq hazırdır. Sənaye parkı, həmçinin xarabalıqdan şəhər landşaftının bir hissəsi olacaq böyük memorial yaradılacaq. Şəhərdə iş yerləri və universitet olacaq. İnsanların ora getmək istəməsi üçün hər şey edilir.

Sizin Qarabağın bərpasına münasibətiniz sistemli məntiqə əsaslanır. Heç bir şey necə gəldi edilmir. Dövlətin bir strategiyası və qaynaqlarının olduğunu görmək olar. Bütün ərazi tikinti texnikası ilə doludur - yüzlərlə, hətta minlərlədir.

Yeni Füzuli aeroportunda da olduq. Bura da məntiqə əsaslanıb - dövlət əvvəlcə infrastruktur, mühəndis şəbəkələri yaradır. Bir də təbii ki, təhlükəsizlik məsələsi - minalardan təmizləmə işləri gedir.

“Zəfər Yolu” ilə maşınla Şuşaya getdik, bura da məni heyran etdi. Ancaq təkcə bu deyil. Marşrut boyunca elektrik xətləri çəkilir, Şuşa istiqamətində logistika məsələsi həll olunur. Şəhərdə hotellər tikilir (ən azı üçünü gördük). Azərbaycan Şuşanı ölkənin mədəniyyət paytaxtı etmək üçün çalışır. Bir çox azərbaycanlı biznesmenlərlə söhbət etdim. Azad edilmiş ərazilərin bərpasına sərmayə qoyacaqlarını, bunun şərəf məsələsi olduğunu söyləyirlər. Qarabağı bərpa edə biləcəyinizə heç bir şübhəm yoxdur. İlk addım torpağın qaytarılması idi. İndi ikinci mərhələ inkişaf və dirçəlişdir.

- Ukraynanın təkcə ərazilərin bərpasında deyil, həm də azad edilməsində Azərbaycan təcrübəsindən yararlana biləcəyi deyilir.

- Bəli, Ukraynada çoxları Donbas məsələsinin hərbi yolla həllindən danışır. Amma indi biz bunu edə bilməyəcəyik, bizə də Azərbaycan üçün olduğu kimi vaxt lazımdır. Uzun illərin dərin islahatlarından sonra yeni yüksək keyfiyyətli ordu əldə etdiniz, bunun üçün çoxlu resurslar lazım idi. Bu təcrübə Ukraynada nəzərdən keçirilir. İqtisadiyyatımızı və dövlətimizi modernləşdirmək yolunu götürsək, bəlkə zaman keçdikcə belə bir seçim də olacaq. Ancaq nəyin necə olacağını yalnız təxmin etmək olar.

Ərazilərin necə azad edildiyini, Şuşanın necə qaytarıldığını, Azərbaycan ordusu tərəfindən hansı taktikadan istifadə edildiyinin təfərrüatlarını öyrənmək bizim üçün çox maraqlı idi. Ermənistanı məğlub etdiniz. Ağdam ərazisində ermənilərin illər ərzində tikdiyi müdafiə zolaqları diqqəti çəkir. Kilometrlərlə səngərlər, tikanlı məftillər, kaponerlər və s. Lakin Azərbaycan ordusunu müasir şəkildə yenidən qurdu, texnologiyaya güc verildi, bu da hərbi əməliyyatların mahiyyətini kökündən dəyişdirdi. Mən rabitə, dronlar və s. nəzərdə tuturam. Dronlar döyüş sahəsinə hakim olmaq məsələsini həll etdi. Ermənistan 20-ci əsrin sonundakı müharibələr səviyyəsində qalıb. Azərbaycan isə daha çevik hərbi hissələr yaratmaq yolunu tutdu. Azərbaycan xüsusi təyinatlıları özlərini ən yaxşı şəkildə göstərdilər. Təşkilati və texnoloji üstünlük nəticədə qələbəyə səbəb oldu.

- Gələcək haqqında danışaq. Hər hansı bir müharibə, nəzəri olaraq, sülh müqaviləsinin imzalanması ilə başa çatır. Azərbaycan buna hazırdır, amma Ermənistandan aydın cavab yoxdur. Sizcə, İrəvan niyə sərhədlərin qarşılıqlı tanınması ilə sülh müqaviləsinə hazır deyil?

- İrəvanda daxili siyasi vəziyyətin nəticələrindən qorxurlar. Aydındır ki, revanş istəyənlər sülh müqaviləsinin imzalanmasını öz məqsədləri üçün istifadə edəcək və hakimiyyəti ələ keçirməyə çalışacaqlar. Amma əlbəttə ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə razılığa gəlməsi lazımdır, mən bunu xarici müşahidəçi kimi deyirəm. Bu olmasa Ermənistan asılı vəziyyətdə qalacaq, ölkəni iqtisadi cəhətdən inkişafı çıxılmaz vəziyyətdə qalacaq. Halbuki İrəvan sosial və demoqrafik problemləri həll etmək məcburiyyətindədir.

Ermənistanın işğal olunmuş ərazilərdə məskunlaşacaq adamları yox idi, əslində yeddi rayon annigilyasiya edilib. Eyni proseslər Ermənistanın özünə də zərbə vurur, çünki əhali öz ölkəsində pul qazana bilmirsə, onu tərk edəcək və belə də olur. Elə hərbi-siyasi mənada da İrəvanın bölgədə ən azından tarazlığı qoruması çətin olacaq. Deməli, hər halda Ermənistan xarici və daxili siyasətini rasionallaşdırmaq yolu ilə getməli, yeni reallığı qəbul etməlidir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri