14 
Okt
2021
12:48
343
12
11434
Virtual karabakh

Mixail Xodarenok: “Mən Azərbaycan Silahlı Qüvvələrinin imkanlarını doğru qiymətləndirməmişəm və yanılmışam”

Bir il əvvəl Qarabağda Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində müharibə gedirdi.

Tanınmış rus hərbi icmalçısı, vaxtı ilə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsində xidmət edən, ehtiyatda olan polkovnik Mixail Xodarenok Oxu.Az-a verdiyi müsahibədə qeyd edib ki, həmən vaxt o, Ermənistan ordusunun döyüş hazırlığını və Ermənistan rəhbərliyinin qabiliyyətinin yüksək olduğu qənaətində olub:

- Digər tərəfdən isə mən Azərbaycan Silahlı Qüvvələrinin döyüş aparmaq və əməliyyat icra etmək qabiliyyətini doğru-düzgün qiymətləndirə bilmirdim. Hətta hərbi əməliyyatların 10-cu günü mənə elə gəlirdi ki, müharibə tezliklə bitəcək və tərəflər təmas xəttində dayanacaqlar. O zaman açıq-aşkar yanılırdım.

- Bəs siz hərbi əməliyyatların özü barədə nə deyə bilərsiniz? Bir müddət əvvəl Azərbaycanın apardığı “Şəbəkə mərkəzli müharibə” (“Network-centric warfare”) barədə məqalə dərc edildi. Söhbət hərbi əməliyyat iştirakçılarının, bütün növ qoşunların vahid şəbəkədə birləşməsindən gedir.

- Döyüş əməliyyatlarının aparılması prinsipləri əfsanəvi Troya müharibəsindən bəri demək olar ki, dəyişməyib. Bütün bu “şəbəkə mərkəzli müharibə”, “asimmetrik müharibə”, “dolayı hərəkətlər strategiyası” və sair terminlər o qədər də vacib deyil. Ordu həmişə yuxarıdan başlayaraq aşağıya doğru idarə olunmalıdır. Bütün səviyyələrdə hərbi intizam, təşkilatçılıq və əmrlərin icrası olmalıdır. Əks təqdirdə bu artıq ordu olmur. Əlbəttə ki, bu gün ünsiyyət vasitələri, qoşunların idarə edilməsi və avtomatlaşdırılması tamamilə yeni səviyyəyə yüksəlib. Bir daha qeyd edim: Azərbaycanda ölkə rəhbərliyinin qoyduğu döyüş tapşırıqlarını həll edə biləcək müasir Silahlı Qüvvələr yaradılıb. Azərbaycan ordusu üstünlük əldə etdi.

- Baş nazir Nikol Paşinyan Ermənistanın müharibədəki məğlubiyyətindən sonra da hakimiyyətdə qala bildi. Eyni zamanda, Paşinyana qarşı çıxan revanşistlər fəal şəkildə cəmiyyəti müharibəyə səsləyir. Hərbi nöqteyi-nəzərdən Ermənistanın revanşı nə dərəcədə mümkündür?

Müharibənin bir qanunu var. Onun mahiyyəti ondan ibarətdir ki, bütün digər məqamlar bərabər olsa da, nəticədə ümumi hərbi-iqtisadi potensialı güclü olan qalib gəlir. Azərbaycanın göstəriciləri Ermənistanın bütün punktlar üzrə göstəricilərindən üstündür. Demoqrafiya, sənaye, hərbi-siyasi məzmun, müttəfiqlər və sair, bir sözlə bütün sahələr üzrə. Əlbəttə ki ,Ermənistanda revanşist hisslər mövcuddur.  Ancaq vəziyyəti hərbi yolla dəyişmək üçün ən son silah və hərbi texnikaya malik müasir silahlı qüvvələrə ehtiyac var. Ermənistan özünün kiçik büdcəsi və az əhalisi ilə bu problemi həll edə bilərmi? Cavab məlumdur. Ona görə də bu yalnız istək ola bilər.

- Siz müttəfiqlərdən bəhs etdiniz. Azərbaycan üçün bu müttəfiq Türkiyədir. İrəvanda isə indi Ermənistanı dəstəkləyən güclü bir qüvvə kimi İrandan fəal şəkildə danışırlar, buna misal olaraq Azərbaycan sərhədləri yaxınlığındakı İran hərbi təlimlərini göstərirlər. Öz növbəsində İran rəsmiləri də Zəngəzur dəhlizinin açılmasına qarşı çıxış etdilər. Gərginlik inkişaf edən xətlə gedərək, hərbi toqquşmalara çevrilə bilərmi?

Fərziyyələr irəli sürmək və proqnozlar vermək olar və bildiyiniz kimi, proqnoz verməkdən daha asan bir şey yoxdur. Ancaq mənim fikrimcə, İrana regionda hərbi-siyasi qarşıdurmaya getmək sərfəli deyil. İran İslam Respublikası Qərbin kollektiv şəkildə tətbiq etdiyi uzunmüddətli sanksiyalarından əziyyət çəkir. Tehran isə bundan qurtulmaq istəyir. Bundan əlavə, hipotetik baxımdan hərbi qarşıdurma olacağı təqdirdə kim hansı tərəfi tutacaq? Obyektiv olaraq İranın məğlubiyyəti bu və ya digər şəkildə Bakını dəstəkləyə biləcək ABŞ-ın maraqlarına daxildir. İsrail, eləcə də Səudiyyə Ərəbistanı İranın məğlubiyyətində maraqlı olacaq. Mən hələ Türkiyədən danışmıram. İran onsuz da geosiyasi təcrid vəziyyətindədir. İrəvan Tehranın müttəfiqi ola bilər, amma axı siz başa düşürsünüz ki, Ermənistanın geosiyasi və hərbi çəkisi böyük deyil. Azərbaycanla hərbi konflikt olacağı təqdirdə birinci səviyyəli güclər İrana qarşı hərəkət edə bilər. Başqa bir sual: bəs münaqişənin hərbi-siyasi məqsədi nədir? Zəngəzur dəhlizinin yaranmasının qarşısı almaq? Düşünmürəm ki, münaqişə şifahi təhdidlərdən artıq inkişaf edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri