Noy
2021
12:52
389
19
1437
Virtual karabakh

Roman Boçkala: “Müharibəni insanlar qazandı, Azərbaycan xalqı qalib gəldi” - MÜSAHİBƏ

9 Noy, 2021
12:52
1437

Roman Boçkala: “Müharibəni insanlar qazandı, Azərbaycan xalqı qalib gəldi” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Vətən müharibəsində qazandığı qələbənin ildönümü qeyd edir.

Döyüş əməliyyatlarının gedişatı dünyanın bir çox ölkələrində, o cümlədən Ukraynada da diqqətlə izlənilib və təhlil edilib.

Bu ilin əvvəlində işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən ukraynalı hərbi jurnalist Roman Boçkala Oxu.Az-a müsahibəsində bir il əvvəlki hadisələrlə bağlı xatirələrini bölüşüb:

- Mən ötən ilin sentyabrın sonunda Azərbaycanın işğal olunmuş ərazilərdə hərbi əməliyyatlara başladığını öyrənəndə fikirləşdim ki, bu, növbəti gərginlikdir, uzun illərdir müntəzəm olaraq davam edən növbəti lokal toqquşmadır.

Axı bizdə də Ukraynanın şərqində mütəmadi olaraq toqquşmalar baş verir. Lakin sonra Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatları barədə məlumatlar yayıldı. Aydın oldu ki, ciddi nələrsə baş verir. Baş verənləri diqqətlə izləməyə başladım, beynəlxalq reaksiyanı izləyirdim. Azərbaycan faktiki olaraq ərazi bütövlüyünü bərpa etmək hüququndan istifadə etdi. Amma dünyada heç də hamı, o cümlədən bəzi qonşu dövlətlər buna müsbət reaksiya vermədi. Bir sözlə, bu məqamları siz özünüz də bilirsiniz. Azərbaycan qanunun ona verdiyi hüququ reallaşdırıb torpaqlarını azad etdi və dünya bununla razılaşmaq məcburiyyətində qaldı. Keçən ilki müharibə mənim üçün bir yenilik, tapıntı oldu. Azərbaycan qısa müddətdə və minimal itkilərlə məharətli hərbi kampaniya həyata keçirdi. Təbii ki, döyüş meydanında qəhrəmanlar həlak oldular, Ermənistan tərəfinin açdığı atəş nəticəsində Azərbaycanın mülki əhalisi arasında itkilər oldu. Amma Azərbaycan müasir texnologiyalardan istifadə etdi, zərgər dəqiqliyi ilə zərbələr endirdi. Bu, hələ də məndə və bir çox digər müşahidəçilərdə güclü emosiyalar oyadır.

- Azərbaycanın müharibədə qalib gələcəyini nə vaxt anladınız? Çətin ki, bu ehtimal döyüşün ilk günlərində baş verdi...

- Erməni tərəfi eşelonlaşdırılmış müdafiə xətti qurmuşdu və müharibənin ilk günlərində Azərbaycan ordusunun zərbələri altında Ermənistan silahlı qüvvələrinin belə sürətlə geri çəkiləcəyini təsəvvür etmək çətin idi. Lakin mən Şuşanın işğaldan azad olunduğunu eşidəndə anladım ki, qələbə Azərbaycanın olacaq. Mənə əvvəl də məlum idi ki, Azərbaycan ordusu irəliləyir. Şuşa qaytarıldıqdan sonra isə Ermənistanın məğlubiyyətə uğradığı məlum oldu. Azərbaycan hər şeyi çox dəqiq planlaşdırmışdı, düşmən bütün cəbhələrdə məğlub oldu. Bu heyrətamiz idi. Mənim üçün Rusiya ilə bağlı sual açıq olaraq qalırdı. Moskva əzələlərini tərpədə bilərdi. Amma bununla belə, Rusiya Federasiyası açıq şəkildə Ermənistan tərəfdən çıxış etmədi, Ukraynanın şərqində isə açıq şəkildə Rusiyanın müdaxiləsi oldu.

- Sizcə, Azərbaycanın müharibədə qələbə qazanmasına səbəb olan əsas amillər hansılardır? Mütəxəssislər ən son texnologiyanın, dronların rolundan danışır...

- Təbii ki, müasir texnologiya, yeni müharibə üsulları mühüm rol oynayıb. Lakin əsgər ora daxil olmayıbsa, ərazi azad edilmiş hesab edilmir. Beləliklə, qələbənin qazanılmasında bütün bu amillərin birləşməsi rol oynadı. Pilotsuz uçuş aparatları əla işləyirdi, dəqiq zərbələr endirilirdi. PUA-lar dünya mediasının diqqətini çəkdi, Azərbaycanın üstünlüyünü nümayiş etdirdi, çox böyük psixoloji təsir həyata keçirmiş oldu. Amma əsas rolu Azərbaycanın əsgər və zabitləri oynadı. Onlar haqq iş uğrunda döyüşdüklərinə zərrə qədər də şübhə etmirdilər. Məhz onlar işğaldan azad edilmiş yaşayış məntəqələrində bayraq ucaldırdı. Mən bir çox qaynar nöqtələrdə olmuşam. Əminliklə və tam məsuliyyətlə deyə bilərəm ki, ən mühüm amil əsgər və zabitlərin döyüşə köklənməsidir, inamıdır. Müharibəni insanlar qazandı, Azərbaycan xalqı qalib gəldi.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri