25 
Noy
2021
12:40
208
85
1536
Virtual karabakh

Çingiz Hüseynzadə Mehriban Əliyevaya təşəkkür etdi

“Bakıda Batut Gimnastikası üzrə XXVIII Dünya Yaş Qrupları Yarışlarının yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların açılış mərasimində çıxışı zamanı deyib.

“Sizi batut gimnastikası üzrə XXVIII dünya yaş qrupları yarışlarının açılış mərasimində salamlayıram. 2021-ci ildə Bakıda keçirilən sonuncu mötəbər beynəlxalq yarışa ölkəmizin paytaxtı Bakı şəhərinin ev sahibliyi etməsi bizi çox fərəhləndirir. 32 ölkədən 650 idmançının iştirakının nəzərdə tutulduğu bu yarışların yüksək səviyyədə keçirilməsi, idmançıların, onların məşqçilərinin, KİV nümayəndələrinin hər birinin dünyada koronavirus pandemiyasının davam etdiyi dövrdə bu yarışlarda təhlükəsiz və komfort şəraitdə iştirakının təşkil olunması üçün lazımi olan bütün tədbirlər görülmüşdür.

Bakının müasir və gözəl arxitektura nümunələrindən biri olan ecazkar Milli Gimnastika Arenasında keçiriləcək yarışların yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Artıq uzun illərdir ki, Bakıda gimnastika növləri üzrə müxtəlif mötəbər yarışlar keçirilir və bu gün açılışında iştirak etdiyimiz yarışlar da Azərbaycana, həmçinin, dünyanın ən yaxşı federasiyalarından biri nüfuzunu qazanmış Azərbaycan Gimnastika Federasiyasına göstərilən etimadın təzahürüdür. Bu yarışlar Azərbaycanın mötəbər beynəlxalq yarışların mahir təşkilatçısı kimi nüfuzunu artırmaqla yanaşı idmanın bu növünün ölkədə daha da populyarlaşmasına xidmət edəcəkdir.

Bakıda müxtəlif dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. 2015-ci ildə Azərbaycanda ilk Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizdə idmanın, olimpiya hərəkatının nə dərəcədə inkişaf etdiyini əks etdirir.

Bütün bunlar Azərbaycanın dövlət başçısı, MOK-un Prezidenti İlham Əliyevin səyləri nəticəsində mümkün olub.

Azərbaycanın paytaxtı qarşıdakı üç gün ərzində batut, tamblinq və ikili mini-batut üzrə yarışlarda gənc idmançılar mübarizə aparacaqlar. Fərdi proqramda qaliblərin müəyyənləşəcəyi bu yarışlar gələcəyin batut ulduzlarını müəyyənləşdirməklə yanaşı, əminəm ki, gimnastikanın bu növünün sonrakı inkişafında yeni, daha parlaq mərhələnin başlanğıcı olacaq.

Mən bir daha hamını bu möhtəşəm idman bayramı münasibətilə təbrik edir, bütün idmançılara və milli komandalara uğurlar arzulayıram!”, – deyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri