27 
Noy
2021
17:45
690
220
2716
Virtual karabakh

Soçi görüşünün nəticələri: İlham Əliyevin növbəti siyasi uğuru – RƏY

“Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüşün nəticələri haqqında fikir yürütməzdən əvvəl mən ilk növbədə regional məsələlərin həllində Rusiya faktoruna, Rusiya-Azərbaycan münasibətlərinə toxunmaq istərdim. Belə ki, görüşdən əvvəl ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə Soçi görüşünün nəticələrini şərh edərkən deyib.

O bildirib ki, son hadisələr fonunda Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb, ikitərəfli münasibətlər sürətlə inkişaf edirilib.

“Qeyd etməliyəm ki, ikitərəfli formatda çox məsələlər həllini tapa bilib. Bundan başqa, son dövrlərdə əmtəə dövriyyəsi artmaqda davam edir, iqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında əməkdaşlığa maraq güclənir. Bunun nəticəsidir ki, hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır”, - deyə o əlavə edib.

Deputat qeyd eib ki, ötən ilin noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyətə başlaması ilə əlaqədar regionda ciddi hadisələrə, geniş miqyaslı toqquşmalara rast gəlinməyib.

“Birmənalı olaraq qeyd etmək olar ki, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir”.  

Deputat xatırladıb ki, Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib.

“Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub.

Hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistan tərəfinə verilib. Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindədir”, - deyə Əminə Ağazadə söyləyib.

Onun sözlərinə əsasən, Azərbaycan Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və bu formatda öz məqsədlərinə çatacağına əmindir.

Soçidə qəbul edilən üçtərəfli bəyanata gəlincə, deputat bildirib ki, sənəddə Azərbaycanın mövqeyi tam şəkildə əks olunub.

“Hesab edirəm ki, üç tərəfli görüşün nəticələri müsbət qiymətləndirilməlidir. Belə ki, bəyanatda Qarabağ məsələsi qeyd olunmur. Bu, o deməkdir ki, bəyanat status məsələsinin üzərindən böyük bir xətt çəkir.  

Sənəddə Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Burada əsas punktlardan birində sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir.

Buna uyğun olaraq avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub. Tərəflər Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 10 noyabr və 11 yanvar bəyanatlarının bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq ediblər”.

Bəyanatda Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə Azərbaycan-Ermənistan ikitərəfli komissiyasının yaradılması məsələsi əksini tapıb.

“26 noyabrda imzalanmış sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Həmsədr institutunda yalnız Rusiya daha aktivdir.  Bununla da deyə bilərik ki, status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi sənəddə bir daha nümayiş etdirilib.

Hesab edirəm ki, Soçi bəyanatı Azərbaycan dövlətinin, onun rəhbəri İlham Əliyevin növbəti siyasi uğurudur. Bu görüşdə əldə olunmuş razılaşmalar və yol xəritələri ölkəmizin regionda siyasi, iqtisadi gücünün və manafeyinin daha da artmasına rəvac verən mühüm nəticələrə gətirəcək”, - deyə deputat fikrini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri